Küləyə verdiyim fikirlər
Külək əsir,
pəncərəsiz-qapısız ev kimi
süpürüb aparır
içimdəki dağınıq fikirləri.
Buğanağa dönürəm,
bir parça kağıza hopuram,
hərlənib-fırlanıb
yaxamı didik-didik eləyən
kolluğa enirəm.
Bu köntəm kollarmı
fikrimi tutacaq?
Yağış döyəcək,
göz yaşına dönməyəcək,
gün qurudacaq,
istidən ürəyi döyünməyəcək.
Küləyə verdiyim fikirləri
küləyin çaldığı havaya tutub
kol oxumayacaq,
külək də unudacaq,
susacaq və dinməyəcək.
Bəs mən niyə külək olub
əsirəm belə,
hansı sözə qul olmuşam,
hansı fikrin qabağında
ölümə gedən əsirəm belə?
Bilsəydim,
qolumdakı qandalları qırıb,
qaçardım şeirin üzündən,
qaçardım özüm özümdən.
Gözdənsalma
Ağlamıram ki,
kövrəlirəm sevincdən, qəmdən.
Kədər zəngulə vuranda
mən ayağını tuturam asta-asta -
zilə qalxanda zildən,
bəmə enəndə bəmdən.
Bulud kimi dolanda
boşala bilmirəm,
daş adamlara
daş ola bilmirəm.
Ağlamıram ki,
öz havama kirpik çalıram,
məni gözdən salanları
iki damla yaş eləyib
gözümdən salıram.
Demədiyim söz
Hirsimi basıb,
hisslərimi əsir eləyirəm.
Dilimi kəsib,
əllərimi doğrayıb,
ürəyimi qana bələyirəm.
Demədiyim söz boğur məni,
vurmadığım sillənin
yeri göynəyir ovcumda.
Boğulan hirsim
ürəyimi nişan alan
ovçudu.
Çilik
Qəfildən söz qırılır,
fikrim çiliklənir,
şüşə qırıntıları kimi parıldayır,
nuruna otururam sözün.
Amma bax,
bir yerə yığa bilmirəm
göz qamaşdıran fikrimi.
Sözün işığı kor edir məni,
başqa heç nə görmürəm.
İndi bu kor taleyimlə
işığa necə çıxım?!
Axtarış
Bilirəm, izləyirsən məni,
sözlərimin arxasında durub
gözləyirsən məni.
Hansı söz xoşuna gəlsə,
əlindən tutub
qapımı açacaqsan,
qaranlıq fikirlərimə
işıq saçacaqsan!
Hələ sənə əl verən
söz axtarırsan
şeirlərimdə.
Etiraf
Ürək açmaq yaxşı şeydir,
ürəkdən duyan ola.
Vay o günə ki,
atıb getdiyim sözün arxasınca
ürəyim qala.
Ya da məni duymaya
mənim dəyər verdiyim.
Düşünürəm, niyə tən gəlmir
ürəyimə saldığım
və gözlərimlə gördüyüm?
Ürəyin gözü olmur,
ürəyin sözü olur.
Boşalanda yağış olub yağır,
dolanda bulud kimi dolur.
Rəqqas
Kəsmə bu musiqini, ay zalım,
görmürsən, ürəyim oynayır?!
Gözlərimdəki yaşa rəhmin gəlsin.
Bilirsən, qollarımı açıb
süzə bilmirəm.
Ürəyim tərpənibsə,
ruhum atlanıb!
Kəsmə bu musiqini, ay zalım,
kim bilir,
bir də nə vaxt
ürəyim qol açacaq?!
Oxu
Bu, sevgi şeiri deyil,
sevginin özüdü
söz şəklində.
Gəlib qabağıma çıxıb
öz şəklində.
Mən də
sətir-sətir oxuyuram səni,
başa çıxmağa qorxuram.
Sözə əyilirəm,
sözü yıxmağa qorxuram.
Qorxuram öz bəxtimdən -
qorxuram, yıxılarsan
şeirimin taxtından.
Daş heykəl
Burda bir daş heykəl var,
sadəcə, daşa qoyulmuş
daş heykəl.
Vüqarla dayanıb
"vətəndaş heykəl".
Görünür,
ürəyi daş olanlar
ucaldıb bu heykəli
daş adamlar üçün.
Əzəmətinə heyranam,
belə heykəl ucaltmırlar,
qardaş,
adamlar üçün.
Orda bir ruh dolaşır
Orda bir ruh dolaşır,
o mənim ruhumdu,
didərgin salmışam.
Ruhum uçub gedib,
mən ölüb qalmışam
ölülər dünyasında.
Bilirəm, mənə haray yoxdu,
ruhun atıb getdiyi ölülər
torpağa qoyulmur,
Yaşayırlar
göz dağı kimi.
Yaşayırlar
cəsədlərinin dustağı kimi.
Şairlər günü
Gəl, sənə bayram süfrəsi açım,
xoş sözləri süzüm damla-damla,
içək ruhumuzun sağlığına.
Sonra ürəyimizin qapılarını
taybatay açaq şeirə.
Sözə od vuraq,
tüstüsü göz çıxarsın,
közü dağ çəksin
şeirə olan məhəbbətə
əl uzadanların kobud barmaqlarına.
Gəl, sənə bayram süfrəsi açım,
deyirlər, bu gün
Gün görməyən şairlərin günüdü.
Əl götür gözüboşların dünyasından,
könlütoxların söz bazarına gəl,
sənə qalan söz olacaq,
səndən qalan söz olacaq,
süfrəsi vicdanı kimi təmiz
şair qardaşım.
Şairin günü olmur,
şairin günü
şeirə kökləndiyi gündür.
Birbəndlər
Sən məni həmişə
göylərdə olanda gəzirsən.
Ayağım yerdən çoxdan üzülüb,
bu ayrılığa
necə dözürsən?
***
Deyirsən, "sən"dən "mən"ə keç,
yəni mənə yazdıqlarını
özünə yaz.
Deyirəm,
sənə yazanda dərin alınır,
özümə yazanda dayaz!
***
Sən mənim üzümü görmə,
sözümü dinlə,
sözümün üzü yumşaqdı,
Üzümü görsən, üzülərsən.
***
Üzünün qırmızılığı
yanaqlarına çıxıb,
deyir,
həyadan allanmışam.
***
Yuxunu qovuram
başımdan,
o da dinməzcə gəlib
gözlərimi basır.
***
Sənə baxıb,
doyunca ağladım
öz halıma,
tüpürdüm küləyə,
o da çırpdı üzümə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!