Məni gözlərindən uzağa qoyma... - Musa ƏLƏKBƏRLİ - şeirlər

Məni gözlərindən uzağa qoyma...

Ömrün dumanında aza bilərəm,

Verdiyim vədəni poza bilərəm.

Bir vida məktubu yaza bilərəm,

Məni gözlərindən uzağa qoyma...

 

Yuxuda olmuşam - ağır yuxuda,

İllərim ötüşüb qəm uda-uda.

Əbədi ayrılıq durub pusquda,

Məni gözlərindən uzağa qoyma...

 

Susduğun bəs edər, indi dinən ol,

Köklən bu duyğuya, bu qəlbinən ol.

Barı indən belə qədirbilən ol,

Məni gözlərindən uzağa qoyma...

 

Uzaqlar uzaqlıq gətirər bizə,

Uzaqlıq bir yadlıq gətirər bizə.

"Ölçüsüz" azadlıq gətirər bizə,

Məni gözlərindən uzağa qoyma.

 

Ayrılıq əlinə saz almasın qoy,

Sevgin yetim-yetim sozalmasın qoy,

Vətən bir adamlıq azalmasın qoy,

Məni gözlərindən uzağa qoyma.

 

Uzaqlıq yolları itirə bilər,

Ögey ünvanlara ötürə bilər,

Gözlərim nurunu itirə bilər,

Məni gözlərindən uzağa qoyma.

 

Dünyanın ən doğma bölgəsindəyəm,

Nə xoş ki, mən Odlar ölkəsindəyəm.

Sənin kirpiyinin kölgəsindəyəm,

Məni gözlərindən uzağa qoyma.

 

Sevginə köklənib ürəyim, canım,

Nə qədər ömrüm var eşqinlə yanım,

Sənə qurban olum, Azərbaycanım,

Məni gözlərindən uzağa qoyma!!!

 

Avtoportret

Mən bu ömrü taleyin umuduna buraxdım,

Şahmatvari yollarda bir gedişim olmadı.

Gözəlliklər önündə heyranlığım boy verdi,

Eləcə duyğulandım, ayrı işim olmadı.

 

Vaxtlı-vaxtsız, biqərar

                        daldım düşüncələrə,

Gecəm döndü səhərə,

                        günüm də axşam oldu.

Mələklər qanadında misralarım yol gəldi,

Güvəncim Tanrı payı, hədiyyəm ilham oldu.

Nə ad-san arzuladım, nə də şöhrət istədim,

Bir sevgi soraqladım - olsun ömrün əyarı.

Mən o sevgi uğrunda döyüşməyi uduzdum,

Bir də gördüm vaxt ötüb,

                        ömür yarı, gün yarı...

 

Yarımaq kəlməsinin bir məqamı varıydı,

Yarınmadım heç kəsə, qələmi qul etmədim.

Bu ad-san bazarında yer tutmadım özümə,

İşbaz qələmdaşların yolu ilə getmədim.

 

Öyrənmədim heç zaman

                        gözə girmək dərsini,

Əksinə, fürsət tapıb elə gözdən yayındım.

Bu sadə, saya ömrü təmtəraqsız yaşadım,

Sayğılılar yanında dəyərləndim, sayıldım.

 

Dostlarımın bir çoxu yan ötdülər yanımdan,

Aralıqda nə qədər aravuranlar oldu.

Açığını bilsəniz Tanrı qorudu məni,

Neçə dəfə yolumda tələ quranlar oldu.

 

Mən bu ömrü taleyin umuduna buraxdım,

Yersizdir giley-güzar, bu taleyə şükranam.

Yenə qəlbim ovcumda

                        gələrdim bu dünyaya

Məni ikinci dəfə əgər doğsaydı anam!

Həyat verəndə

Qələm dostum Yasif Nəsirliyə

Sözün qanadında uçmaq olurmuş,

Bütöv kainatı qucmaq olurmuş.

Göyləri kitabtək açmaq olurmuş

Qiyməti, dəyəri ustad verəndə.

 

Uzaq ulduzlara yol açır şeir,

Mələklər yanında dolaşır şeir.

Şoran düzənlərdə gül açır şeir

Tanrı istək qıyıb, murad verəndə.

 

Bir can yanğısıdır yazmaq duyğusu

Pozulur dincliyi, qaçır uyğusu.

Hətta ölümdən də olmur qorxusu

İlhamı yəhərli Qırat verəndə.

 

Qəlbi genişlənir, imanı artır,

Sevilmək, sevinmək gümanı artır.

Çay kimi sellənir ilhamı artır

Xoş sözlə ruhuna qanad verəndə.

 

Xırda qayğıların alınsa önü,

Böyük amallara tuşlanar yönü.

Nolar, hərtərəfli gəl düşün onu

Tanrım, sən şairə həyat verəndə?

 

Neynirdin şairi yaradıb, Allah

Bağladın həyata min sirli bağla,

Qəlbinə coş dedin, gözünə ağla.

Bir belə ağrıyla, bir belə dağla

Neynirdin şairi yaradıb, Allah?!

 

O, dönə bilmirsə kor ağacına,

Ya batan gəminin dor ağacına.

Quş olub uçmursa dar ağacına,

Neynirdin şairi yaradıb, Allah?!

 

Aldanıb kimisə öyəcəkdisə,

Sonra dizlərinə döyəcəkdisə,

Kükrəyib "Həqq mənəm" deyəcəkdisə

Neynirdin şairi yaradıb, Allah?!

 

Ərzi hökmdara yetməyirdisə,

Dərdi, şikayəti bitməyirdisə.

Zindana könüllü getməyirdisə,

Neynirdin şairi yaradıb, Allah?!      

 

Qılınctək kəsməyən şeirə nə deyim,

Şeirdən gələcək xeyrə nə deyim?

Bu bitib-tükənməz sehrə nə deyim,

Neynirdin şairi yaradıb, Allah?!

 

Onu zaman-zaman oda salırsan,

Öldürüb sonra da yada salırsan.

Səndəmi şeirlə nəfəs alırsan,

Neynirdin şairi yaradıb, Allah?!

 

Günəşə calanan hörükmü gəzdin,

Zamana od vuran körükmü gəzdin,

Yoxsa öz dərdinə şərikmi gəzdin,

Neynirdin şairi yaradıb, Allah?!

 

Yurdu dərd bürüdü, ələm götürdü,

Ürəyi yananlar qələm götürdü.

Yeri də, göyü də bu qəm götürdü,

Neynirdin şairi yaradıb, Allah?!

 

Sirrinə müvafiq elmin yoxdumu,

O elmə yönəlik filmin yoxdumu,

Bizə bundan artıq zülmün yoxdumu?

Neynirdin şairi yaradıb, Allah?!

 

Ömrümüz-günümüz bir yuxu, röya,

İllər ötüb-keçdi... Yaşadıq guya?!

Şeirlə düzələn deyilsə dünya,

Neynirdin şairi yaradıb, Allah?!

Tanrıdan iltimas

Qəlbimdəsən, səni gendə gəzmirəm,

Əllərimi ətəyindən üzmürəm.

Bu zamanın tufanına dözmürəm,

Sığınmağa etibarlı qala ver.

 

Ötən illər ağır keçdi, zor oldu,

Öz içində kömürləşdi, qor oldu.

İsinmədim, tüstüsünə kor oldum,

Bu ocağı düz-əməlli qala, ver.

 

Tək sevgini bol istədim mən səndən,

Ürəklərə yol istədim mən səndən.

Bala dedim - bal istədim mən səndən,

Demədim ki, bir dözülməz bəla ver.

 

Bir saya sal sənə könül qıyana,

Varlığını cani-dildən duyana.

İndiyədək verdiklərin miyana,

Bundan belə nəyi versən əla ver.

 

Bir sevgilik xoşbəxtliksə amacım,

Bu sənlikdir... Gedib kimə əl açım?!

Yerdən-göydən üzülməsin əlacım,

Əlindədir, sağdan kəsib sola ver.

 

Uçuq evi kimə deyək bəzəsin,

Bir də çətin qurulacaq təzəsi.

Seçdiyim gül ovqatıma bənzəsin,

Versən mənə bağrıyanıq lalə ver.

 

Yandım, söndüm... Külüm sənə çatmadı,

Bu çəkdiyim zülüm sənə çatmadı.

Dil-dil ötən dilim sənə çatmadı,

Daha gücü, cəsarəti qola ver.

 

Butalıyam, badə içdim röyada,

Həqiqəti axır tapdım xülyada.

Gizli-aşkar gözləntim var dünyada,

Tanrım, məni beş-on il də yola ver!!!

 

Əbədi sevgi

Gözündə ilk dəfə çiçəkləyəndə

Təmizdi, ülvidi, sadədi sevgi.

Zəhəri, şərbəti özün seçirsən,

Tanrı bəxş etdiyi badədi sevgi.

 

Nələr yaşamırsan ömür bitincə,

Bu şirin arzular başa yetincə.

Əvvəl övlad, sonra nəvə, nəticə

Olur bir-birinin mabədi sevgi.

 

Çaşmaq, büdrəmək var hər pilləsində,

Tanrı hifz eləsin son şilləsindən...

Dünyanın cinayət məcəlləsində

Ən suçlu, ən ağır maddədi sevgi.

 

Gözə kəmənd atır, cana susayır,

Di gəl yalanını düzündən ayır...

Sinəyə gah sığır, gah da sığmayır,

Hər kəsin ürəyi boydadır sevgi.

 

Atını dörd nala çapmayanlara,

Halal qismətinə çatmayanlara,

Yerdə öz yerini tapmayanlara

Günəşdə, ulduzda, Aydadı sevgi.

 

Onun hökmündədir oyanan, yatan,

Can verən, canını canlara qatan.

Təmiz ürəklərin Tanrıya çatan

Əlçatmaz, ünyetməz məbədi sevgi.

 

Çox vardın fərqinə qaranın, ağın,

Çətin əriyəcək sənin dərd dağın.

Ruhun göylərindi, cismin torpağın,

Ay Musa, bax budur əbədi sevgi,

Bütün sevgilərin məbədi sevgi!

Gedəcəm

Gördüyüm yuxular qat-qarışıqdı,

Hər şeyi xeyrimə yozub gedəcəm.

Alnıma yazılan ağlıma batmır,

Onu birdəfəlik pozub gedəcəm.

 

Dəryaya yol tapmır kükrəyən selim,

Gözümün yaşında boğulur ölüm.

Onsuz da başıma bəladır dilim

Özüm öz qəbrimi qazıb gedəcəm.

 

Çəkilməz dərdləri çəkəcəyəm mən,

Qəlbimin odunu tökəcəyəm mən

Ya bu qaranlığı sökəcəyəm mən,

Ya da bu zülmətdə azıb gedəcəm.

 

Gərək haqq deyəndə coşub, kükrəyim,

Köksümdə qaydasız vursun ürəyim.

Bir qəlbdə batsa da bulaq istəyim,

Neçə ürəklərə sızıb gedəcəm.

 

Dünya necə udum qeylü-qalını,

Savaşda əl vermir sözün yalını.

Zaman hazır tutsun üz dəsmalını,

Bu günün şeirini yazıb gedəcəm.

 

Sevgini qoruyun

Nəfsə qul olmasın şirin uyğusu

Əsin siz, ürəyin üstündə əsin.

Lənətlik olurmuş sevgi duyğusu

Özü öz qəlbini zorlayan kəsin.

 

Sevgiyə xəyanət, qəlbə xəyanət

İnsanı içindən talayır, sökür.

Yerdə qorunmursa bu pak əmanət

Göydə mələklər də gözyaşı tökür.

 

Neçə Məcnunların keçib dərsindən

Demə şairlərin nağlıdı sevgi.

Güc alıb Tanrının "Ol" kəlməsindən

Allahın adıyla bağlıdı sevgi.

 

Sevgini qoruyun göz bəbəyitək,

İstəklə alışan ocaq sönməsin.

Ömür yollarında sınmasın ürək,

İnsanın həyatdan üzü dönməsin.

 

Amandır, batmasın bir könül yasa,

Sevgidən yaralı bir qəlbin ahı

Qara bir buluda dönüb hardasa

Tapar şairləri, bir də Allahı!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!