Səssiz bir gecədə sis çökmüş heybətli dağlara... - Yılmaz Odabaşının şeirləri - DİLSUZ

DİLSUZ

Tanınmış türk şairi Yılmaz Odabaşı 1962-ci il avqust ayının 15-də Diyarbəkirdə anadan olub. Erkən yaşlarında - hələ liseydə oxuduğu illərdə şeir yazmağa başlayıb. İzmirdə - universitetin hüquq fakültəsində oxuduğu vaxtlarda "Göyüzü", "Yeni olğu", "Dönəm", "Ortaqlaşa", "Oluşum" və "Yarın" kimi nüfuzlu dərgilərdə əməkdaşlıq etməyə başlayıb. 80-ci illər ədəbi nəslinin ən populyar şairlərindən hesab olunur.

Yılmaz Odabaşının yaradıcılığı çoxşaxəlidir. O, şeirlə yanaşı, bir sıra hekayə ("Kül eşqlər", "Çocuqlar və ünvanlar"), roman ("Türküsü bəmbəyaz"), xatirə ("Xoşca qal, Diyarbəkir", "Sentyabr dəftəri" və s.), araşdırma ("Sevgi hər kəsdən şikayətçidir" və s.) və gündəlik ("Bütün qanamalar ümid üzündəndir") yazmışdır.

Yılmaz Odabaşının yazıları dəfələrlə mükafata layiq görülmüşdür.

 

TAPA BİLMİRƏM

Hər köz
özünə bir kül,
hər yaşıl rəng
özünə bir
           çılpaq budaq,
hər su
özünə bir çuxur
          tapır hökmən.
Yoldursa,
     bu gün olmasa da,
sabah,
        ya da biri gün
üstündən
            keçən olacaq.
Qəbirdirsə,
        fərqi yoxdur,
            iri, ya böyük,
səbirlə gözləyəcək
                   ölüsünü...
Hər mövsüm
      ilin dörddəbirinə
                    sığır ancaq.
Qışdırsa - sazağını,
gözdürsə - yuxusunu,
ömürdürsə - tufanını
                   tapır hökmən.
Dənizdirsə - qağayısı
                          olacaq.
Kim ala bilər ki,
      dumanı dağın əlindən?
Kitabdırsa,
      bir məktəbdə
             çiçək açacaq,
                      bar verəcək,
günəşdirsə,
         doğmaq üçün
                     mütləq gizli
və qaranlıq bir yer
                       tapacaq...
Mən dünyada
        səni tapdım, gülüm -
köz
özünə bir kül,
yaşıl rəng
özünə bir
           çılpaq budaq,
su
özünə bir çuxur
           tapdığı kimi...

BİR EŞQ YARASI

Məni
     yalnızlıqla vurdular
                          gecə vaxtı,
qəlbimi
           bir dəniz su ilə
                             oydular,
öləcəyimi belə demədilər...
                            Əhməd ƏRXAN
Mən
    bu qısaboy həyatda
uzunboy kədərlərlə
                     boğuşuram:
yorur,
      bu təlaş yorur məni,
yorur,
      bu qarmaşa yorur məni;
uğultudan
     sığınmağa yer axtarıram -
qarşıma
        bir eşq çıxır, bir eşq,
yəni bir yara,
              yəni təptəzə bir yara,
yəni, təptəzə bir sızıltı,
yəni, təptəzə bir ağrı...
Köhnə eşq
          təzə ayrılıqdır
                        hər zaman,
niyə belədir -
      quşlar sorarlar,
             ulduzlar anladarlar,
amma
      yenə də
             kimsə bilməz
bir eşq
     bir ürəyi
           hər gün
                 necə qanadır?
Adını
     titrək əllərimlə
           qəlbimin tərləmiş
                    şüşəsinə yazdım,
qurutdu
       ayrılıq rüzgarı...
Köhnə eşq
          təzə ayrılıqdır
                        hər zaman,
niyə belədir -
      quşlar sorarlar,
             ulduzlar anladarlar,
amma
      yenə də
             kimsə bilməz
bir eşq
     bir ürəyi
           hər gün
                 necə qanadır?


GETMƏ

Getmə!

Bax,

dənizlərdən keçdim,

                   dağlardan aşdım,

tövşüyə-tövşüyə

                    yanına gəldim...

Xəyallarımız bitmədən getmə,

Röyalarımız bitmədən getmə.

İçimdə qürbətlərin acısı,

İçimdə həsrətlərin acısı,

İçimdə uzaqların acısı,

İçimdə sazaqların acısı...

Qürbətlər bitmədən getmə,

Həsrətlər bitmədən getmə,

Uzaqlar bitmədən getmə,

Sazaqlar bitmədən getmə.

Humay quşu

      yuva qurmaq üçün

              gecənin köksünü dəlir,

Gəl,

       mənim də ürəyimdə

                   sənə bir yer var,

                             yumşaq, isti…

Sevgimiz bitmədən getmə,

Sevgimiz bitmədən getmə!

 

BİR OVUC BAHAR

Deyək ki,

      səssiz bir gecədə

                  sis çökmüş

                      heybətli dağlara,

yurdun qar altındadı,

göy üzünü andıran

            göy gözlərində

bir simurq quşu

                       dolanır,

                                 dolanır,

                                          dolanır…

Deyək ki,

            sınamısan dostları,

səsləmisən,

      səsinə səs verməmişlər,

bəlli ki,

      qışın qış günü

            pörşələnmisən,

bəlli ki,

     yayın yay günü

                        üşümüsən…

 

Deyək ki,

       çörəyin tükənmiş,

                        suyun kəsilmiş,

həyat səni

            ələ salmış,

                        ələ salmış…

Deyək ki,

dəli olmağın - yasaq,

ağlamağın - yasaq,

acılı-şirinli

      xəyallar qurmağın - yasaq…

Deyək ki,

     üşüyürsən

          qısacıq bir ömrün

               daracıq hücrəsində

və həyat

       bir fincan isti çayı

                        çox görür sənə!

Deyək ki,

      çirklənməmiş

            bir şey qalmamış artıq -

duman almış güvəndiyin dağları.

Nə olar,

durma, atını dəhmərlə!

qarlı qış

            hər şeyi çürütsə də,

sən qəlbindəki tumurcuğa

bir ovuc bahar ver -

                     içsin, özünə gəlsin!

Unutma,

      yamaqlı yerindən solur həyat,

      yamaqlı yerindən qanayır ümid!

Unutma,

       hər insan bir limandır,

hüznü - qocaman,

eşqi - dalğın,

kimi əli, qolu bağlı,

kimi dərviş kimi yetim,

kimi xəyallarıyla pərişan…

Sən durma,

           atını dəhmərlə,

uçurumlardan keçəcəksən,

suyun

        ən dərin,

             ən sərin yerindən

qalxan bir rüzgar

            dağıdacaq buludları,

bir qaranquş

                     uçub keçəcək

səmanın

       ən geniş, ən mavi yerindən,

sən qəlbindəki tumurcuğa

bir ovuc bahar ver -

                    içsin, özünə gəlsin!

 

YALNIZLIQ

Qaraca dağ,

yamaclarındakı novruzgülləri

hər yaz ümidə verir rəngini

və hər yaz

Dəclədə bir-birinə qarışır

      ağ köpüklərlə papatyalar.

Sivərək düzü -

alnında

     tər damcıları

        puçurlanan insanları

və cəsur igidləriylə

        məmləkətimdir mənim.

Orda

kərpic damlarda

       tüfənglər yağlanır,

tütün qaçaq,

mazut qaçaq…

Qaçaq çay buğlanır fincanda,

şövqü

        pəncərə şüşəsində

                            rəqs edə-edə.

Və çəkinir bir-birindən

                    qorxuyla ümid…

 

Qaraca dağ…

Önü Diyarbəkirdir.

Mən üzümü

     ovuc-ovuc hüsnlə

            yudum həbsxanalarda,

buludlarla

       oynayan rüzgarların

                    rəsmlərini çəkdim,

baxıb,

        baxıb zirvələrə,

                     köks ötürərək…

 

Qaraca dağ,

cığırlarında - məsum ceyranlar,

Zirvəndə - cəsur qartallar…

 

Qaraca dağ,

mənim köksümdə -

            səbr daşı bir sevda,

Bəs, sənin

            nəyin var, nəyin?

Yamaclarındakı novruzgülləri

hər yaz ümidə verir rəngini

və hər yaz

Dəclədə bir-birinə qarışır

      ağ köpüklərlə papatyalar…

 

 

SƏNƏ YAĞIŞ DEYİRƏM

Ümid idin, ümid idin,

Unuduldun, unuduldun…

Harda qaldı

               açdığın yarğanlar,

qış tərpənişlərin,

                    yaz yuxuların?

Sənə yağış deyirəm,

      islanmış olmağın səndəndi,

yağ ki, islanım,

amma islanmayım,

islanmayım!

 

Gün yükləsin yükünü

              gecənin kürəyinə,

səsim yetsin

             pas atmış uzaqlara,

ən gözəl eşq

ölməmək üçün ölməkdir!

 

Ah çəkmə, gülüm,

      çıtır-çıtır yanaram,

dağlar od tutar odumdan,

dənizlər od tutar odumdan,

ah çəkmə, gülüm,

        çıtır-çıtır yanaram!

Bu yağış

    söndürə bilməz məni…


QANAYAN GÜL

Sən güldükcə,

                  gün əyilir

                          axşama doğru,

gecə düşür,

       rüzgar əllərini gətirir,

                                     öpürəm.

Qorxma,

            kimsələr görməz,

budaqlar

islaq-islaqdı

            Ay işığında…

 

Bəlkə

       bir qış günəşisən,

                                 kim bilir,

bəlkə

     kimsələrin uğramadığı

                    bir payız çinarısan,

qalmısan tək-tənha,

                                    kölgəsiz…

Və türkün

              qanadı sınmış

                            bir gül kimi

enir

     ömrünün

              rüzgarlı küçələrinə…

*   *   *

Ovuclarım doldu -

                        sil gözlərini.

Getmə!

Sən gedincə,

         düyün düşür

                  ürəyimdə sevgi,

udquna-udquna qalıram.

Getmə!

Sən gedincə,

pəncərəmə

            ürkək quşlar qonur.

Getmə!

Sən gedincə,

bu göy var ha, bu göy,

birdən-birə

                 üstümə çökür.

Getmə!

Getmə!

Getmə!

 

QISA BİR ÖYKÜDÜR HƏYAT

Qısa bir öyküdür həyat -
uğrunda
            upuzun acılar çəkdiyimiz.         
Qısa bir uyqudur həyat -
hər axşam deyil,
             hər səhər gözlədiyimiz.
Qısa bir türküdür həyat -
bir daha oxumağı
                          ümid etdiyimiz...

 

*   *   *

Hər kəs qırılmaz ki…
Qırılmaq üçün
        ipincə bir budaq
                        olmaq gərəkdir,
amma dünya kötüklərindir…
Hər kəs ağlaya bilməz ki…
Ağlaya bilmək üçün
                böyümək gərəkdir,
amma dünya kiçiklərindir…
Hər kəs sevə bilməz ki…
Sevə bilmək üçün
         orman olmaq gərəkdir,
amma dünya səhralarındır…
Madam ki, belədir,
cəsur bir damla ol,
okeana qatıl -
          eşq üçün, qovğa üçün!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!