Uzaq diyarlarda yağışlar yağır... - Zakir Məmmədəli - şeirlər

Xatirən olaydım

İsti-bürkü dolu bir yay axşamı,

sərin yağış olub yağa biləydim.

Qonub damla-damla yanaqlarına

ağrını-acını qova biləydim.

 

Sərin mehə dönüb hər səhər-axşam

öpəydim saçından, yanaqlarından.

Ah, necə istərdim itib-batmayan

təbəssüm olaydım dodaqlarında...

 

Gilavar olaydım qalxıb dənizdən,

qağayı səsini, dəniz ətrinə

qatıb qucaq-qucaq pəncərənizdən

daşıya biləydim səhərlərinə.

 

Xatirən olaydım, kövrək, kimsəsiz

bitən nəğmə kimi, ötən gün kimi...

Yuxuna gələrəm bir gün xəbərsiz

yurduna qayıdan didərgin kimi...

 

Uzaq diyarlarda yağışlar yağır...

Uzaq diyarlarda şimşəklər çaxır...

Gecənin bürküdən gözləri qançır.

Tanrının gözündən uzaq bu yerdə

nə ildırım çaxır, nə yağış yağır.

 

Uzaq diyarlarda çaxan ildırım -

zülməti titrədən çılğın köhlənim!

Uzaqlar səsini uddu, batırdı,

yollar yordu səni, bitdin, tükəndin...

 

Yerləri göylərdən seyr edən bulud,

yanan ürəklərə su səpərmisən?

Bəxtinə dərd düşüb bu torpaqların,

dərd əkdik, sən ümid bitirərmisən?

 

Odunda qovrulub kül olan gecə,

göz-gözə qalmışıq - bir sən, bir də mən.

Sən bir udum sərin meh sorağında,

mən qopa bilmirəm xatirələrdən...

 

Bilməzdim qabaqda yoxuşlu yol var,

yoxuşda yorulub yolda qalma var...

Niyyətim haraydı, mənzilim hara,

bilməzdim ümid də puç olar, solar...

 

Yuxusu mənimtək didərgin gecə,

baş-başa qalmışıq qədərimizlə.

Ürək açmağa bir həmdəmimiz yox,

sarılıb sığınaq dərdlərimizə...

Məktub gözləyirsən...

Nəmli gözlərində qəm gilə-gilə

məktub gözləyirsən... monitor sönür.

Beləcə üzünə hey gülə-gülə

səbr də tükənir, ümid də ölür...

 

Məktub gözləyirsən... nə yazım sənə?

Sənin soyuqluğun şaxtadan betər...

Don vuran ümidlər göyərməz yenə,

dünyanı gözümdə qaraltdın, yetər.

 

Nəyi dəyişəcək məktublar, nəyi -

qəlbində odmu var, hərarətmi var?

Tufana tuş gələn bahar çiçəyi

indi ləçək-ləçək sozalar,  solar...

 

Sevda yollarını çoxdan ot basıb,

məktublar azacaq yolsuz çəməndə.

Qəlbinin kilidi indi pas atıb,

açar nə səndədir, nə də ki, məndə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!