Torağay kimi ölmək...susuzluqdan İlğımlar içində... - Cüzeppe Unqaretti

 

İtalyan poeziyası: Cüzeppe Unqaretti

İstənilən milli ədəbiyyatda dönüş (bəlkə də sınma-!) məqamları olur, o məqamda hökmən başqalarına heç bənzəməyən şairlər gəlir dünyaya. Onlar özlərinə qədərki ənənəvi formalardan imtina edib sintakis və vəznlə oynayır, söz və söz səhrasında əl toxunmamış yer, yeni məna axtarırlar. Axtarırlarsa, demək sözün enerjisi tükənməzdir.

Cüzeppe Unqaretti (1888-1970) Birinci Dünya müharibəsinin iztirabları içində doğulub, böyüyüb, günü-güzəranı döyüş səngərlərində keçib, o da bu amansız durumda yeni, heç kəsə bənzəməyən yollar axtarıb və tapıb, italyan poeziyasının on bir hecalıq   hendecasyllable adlı formasından imtina edib, sözdən gerçəkliyə və əksinə baxışın radiusunu dəyişdirib və nəticədə yeni poetik tezlik yaranıb.  O dövrün tənqidçisi Kambon yazırdı ki, "Gizli ahəng və intonasiyanı təcəssüm etdirmək üçün o, poeziyasının səs tonunu xalis pıçıltıya qədər "uzatdı", onun tempini potensial olaraq sonsuz davamlılığa qədər "ləngitdi", hər bir pauzanın sahəsini mənayla doldurdu." Sanki o, vəzni hissələrə bölmüşdü, bölmüşdü ki, hər bir sözə ayrıca baxa bilsin. Başqa bir tənqidçi, Con Frederik Nims bunu belə şərh edirdi ki, bu erkən və fövqəladə dərəcə qısa şeirlərin effekti onları əhatə edən sükut və boşluq kimi, həm də söz kimi verilir.

Unqaretti poeziyanı "Yaradılışın birinci günüymüş kimi özünü maksimum, yaxud mütləq səmimiyyətlə ifadə edə bilmək imkanı sayırdı". Beləliklə, sözə ilkin  bakirəliyini qaytarmaq yolunda Unqaretti fransız simvolistlərinin, Rembo, Malarme və Apollinerin getdiyi yolu tutdu. Unqaretti və həmin simvolistlər hesab edirdilər ki, şeir işarə (təklif) etməlidir, təsvir etmək onluq deyil.

Unqarettinin poeziyasında mərkəzi mövzulardan birincisi itirilmiş "cənnətə" - məsumluğa xiffətdir. Bu xiffətin içində bir işıq var - insanın ürəyindən cərəyan kimi keçən incə lirizm yatır orda. Malarmedən fərqli olaraq, Unqarettinin lirizmi özünün magik və musiqili intensivliyi ilə seçilir. Buna görədir ki, Unqaretti iztirabın sonsuzluğunu bircə misrayla verə bilirdi. Həyatın (elə ölümün də) ən  çirkin cəhətlərindən də poetik magiyanı çıxarıb göstərə bilirdi.

Budur həmin şeirlərdən bir neçəsi...

Cüzeppe Unqaretti

Çaylar

Bu çuxurda bitib qalmış ağac

əlimdən tutur,

unudulub,

sirk kimi kədərlidir

tamaşadan əvvəl, ya sonra

Ayın içiylə süzüb keçən

buludlara baxıram...

 

Bu gün səhər

İçinə su dolmuş qəbirdə uzanmışdım

İsonzonun şırnaqları

əziz xatirətək

dincəlirdi orda

divarına hörülmüş daş kimi

üstündən axıb keçir,

unutdururdu məni

 

Az qala toz olmuş sümüklərimi

Qaldırıb

Akrobat kimi

Suyun üzüylə qaçmağa başladım

 

müharibədən qalma

çirkli mundirlərimin yanında

çömbəlib oturdum sonra

bir bədəvi kimi

kürəyimi günəşə söykədim

 

İsonzodu bu

birdən mənə agah oldu ki,

dünyanın bir zərrəsiyəm, bapbalaca

Müvazinəti hiss etməyəndə

əzab çəkirəm

ancaq məni yuyub aparan

çayın görünməyən əliylə

elə bir xoşbəxtlik nəsib oldu ki,

yenə də həyatımın

tələsinə düşdüm

Bu da mənim çaylarım

Serkodu bu

Ola bilər ki,

Mənim kənddə yaşayan əcdadlarım

İki min il qabaq

Ordan su götürüblər

Atam, anam da elə.

 

Bu isə Nildir

O çay ki, necə doğulduğumu

Necə böyüdüyümü görüb

Və cahillikdən

Sonsuz düzənlərə qədər

Üzmüşəm onunla

 

Bu isə Senadır

Bulanıqlığı

İçimdə hər şeyi qarışdırıb

Özümü anlamışam

 

Budur mənim çaylarım

İsonzodan görünən

Bir də mənim xiffətim

Onların dibində yanıb-sönür

 

İndi gecə düşəndə

Həyatım

Gözümə

Hamaş çiçəyinin kölgəsi kimi

Görünür...

 

Can vermə

Torağay kimi ölmək

Susuzluqdan

İlğımlar içində

 

Ya da dənizin üstüylə uçan

Birdən bir kolun üstünə düşən

bildirçin kimi

Yəni burdan o yana uçmağa həvəs yoxdu

 

Ancaq

inləyən və zarıyan

Bülbül balası kimi yox.

Səfər

Duruş gətirə bilmirəm

hər bir yeni iqlimdə,

            çünki qəlbim keçmişdə qalıb

yad bir adam kimi özümü

hər şeydən ayırıram,

yaşanmış yıpranmış illərdən doğulmuş,

geri dönmüş,

həm də

həyatın bircə anından ləzzət almamış...

günahsız

bulaşmamış

bir ölkə axtarıram...

 

San Martino del Carso

Bu evlərdən

Bir qırıq

divar parçası qalıb

ancaq.

Mənim kimi

Çox, lap çox adamlardan

Bu da qalmayıb

heç...

Ancaq sinəmdəki

Xaç

yerindədi hələ də.

Ürəyim

Xarabazara çevrilmiş

Ölkəm...

Tərcümə və təqdim etdi: Cavanşir YUSİFLİ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!