Eşq... - Elnur Uğur ABDİYEV - şeirlər

Həyat hər gün gözəl

Həyat hər gün gözəldir,

Hər gecə yaşamaq tökülür gözlərimdən

Yuxu yerinə.

Hər səhər sevgi şeirinə,

Meydan oxuyur Günəş.

Göylərin sinəsindən ələnən bu atəş,

Adamı adama səsləyir,

Adamı adamdan istəyir.

Həyat hər gün gözəldir,

Hər gün yeni donda bəzənir

                        gəlin kimi qarşında.

Adam istəyir bu yaşında

Sevə.

Sevgiyə,

Elçiliyə,

Günəşdən şirin sözlüsü yox.

Günəşi sevirəm,

Hər Günəş doğanda,

Bir körpə qığıltısını eşidirəm

Danın qucağında.

 

Eşq

Cismi nəfsindən qoruyur,

Ruhum eşq adlı səngərdə.

Nəfsin kökündən quruyur,

Mərhəba, şanlı şərkərdə.

 

Çevrədə boşalıb-dolan,

Dünya, eşqimdən dad, dolan.

Silahı məhəbbət olan,

Qəzəb yox məntək əsgərdə.

 

Bir dramdır həyat oyna,

Uduz uduzduqca doyma.

Heç bir sonu eşqsiz qoyma,

Eşqlə çəkilib ilk pərdə.

İsinə bilirsənsə

İsinə bilirsənsə,

səninçün nə fərqi var

                        Günəş hardan çıxır?

Bəzən yerin bağrı ekvatorda çatlayır,

Bəzən şimal qütbündə

yerin çiçəyi çıtlayır.

Fərq eləməz cənub, ya şimal,

Görməyi bacarsan,

Günəşin Qərbdən çıxdığını,

Şərqdə batdığını görərsən.

Və bilərsən,

İsinmək üçün Günəş bəhanədir,

bu bəhanələrlə

Yer milyard ildi öz başına hərlənir,

hərləndirir.

Zaman hər gün Günəşi

top kimi vurur ömür qapımıza,

hər gün bir xal yazılır hələ ki hesabımıza.

İsinə bilirsənsə,

bu qələbənin sevincini yaşa.

Sevinc göz yaşlarında boğulmaq,

Anadan təzə doğulmaq kimidir,

adam o qədər təmiz olur ki, sevinəndə.

Qanadı olsa,

                   mələk deyərdim sevinənlərə.

 

Sevinək

Uşaq kimi sevinirəm

biri sevinəndə.

Kiminsə üzündə,

sevgi üzəndə,

özüm də üzürəm öz sahilimə.

Bu qağayı dilimə,

gözlərimin ləpədöyənində,

qumlar əl açır,

sular elə qaçır...

Sevmək budur, bu

Sular torpağın üstündə,

torpaq suların altında

sevgidən oturdu.

Sevirəm sevinənlərin sevincini,

sevinirəm dünya rahat olanda,

kimsə incimir.

Elə gözəldi sevinmək,

Kaş başqasının sevincinə

sevinə bilək.

Xoşbəxtliyə bəhanələr

Hər gün xobəxt olmağa

                        bir bəhanə axtarıram,

Məsələn,

məktəbimizdə süpürgəçiyə süpürgəsinin

daha qəşəng olduğunu deyirəm.

Cam silənə ömrün

                        bu şüşə kimi parlaq olsun

duasını edirəm.

Onların üzündə gülüşdə

elə ütüləyirəm özümü,

şaxlığımdan sınır yad fikirlərin qırışıqlığı.

Elə böyüyürəm

sığmıram özümə.

Xoşbəxtlik budur elə,

Adamı özündən çıxarır,

ayaqların yer üzünə,

əllərin öz üzünə çatmır.

Hər gün xoşbəxt olmağa

                        bir bəhanə axtarıram,

o qədər bəhanə var ki...

 

Sonra anladım

Çox sonra anladım ki,

İrəliyə gedən vaxt

əslində, geriyə sayımdı.

Yolları ayaqlamaq

öz üstündən keçməkdi.

Çox sonralar dərk elədim,

bütün dərklər

özünü tərkdən sonra başlayır.

Və bu sonralar...

sonralar...

Hardasa bir ilkə təməl qoyur.

Bir də anladım ki,

Oyun quranlar

uşaq ağlımızı çalmaq,

özlərini ələ almaq üçün oynayırlar.

Bir də ayıldım ki,

bütün oyunlar

piyadaları vurmaq üçünmüş əslində.

Onda özümü tapa bilmədim,

əvvəlki yerimdə.

Çox sonra anladım ki,

sonra  son sözünün kökü imiş, demə...

Sözlər - səslər

Bütün dillər səsə dönə,

bir dil ola yer üzündə.

Necə ki, göydə bir dildə danışır,

Quş da,

yağış da.

Səslər ürəkləri susdurur,

Dillər qan qusdurur.

Sözləri səsə çevirək,

bütün sözlər

təkcə o səsinə boy verməz.

Sözlər səsə çevrilsə,

o səsinin ortasında

bilirsən nə qədər o gülər?

Sözləri səsə çevirək,

çevrilək,

quş olaq,

daş olaq,

yağış olaq.

Heç olmasa bir quru baxış olaq,

bir-birimizlə bir dildə danışaq.

 

Qəm eləmə

Qəm eləmə, şəhla gözlüm,

Gözlədiyin gün gələr.

Bir gün də sənlə kəsişər

Məndən dönən döngələr.

 

Bilirsənmi yar qolunda,

Azmaq aşiq işidi.

Əl açmışam yerdən-göyə,

Sükutum da eşidir.

 

Sükutumun hayqırtısı,

Səsi boğur içimdə.

Şeir-şeir sancıladım,

Nəsə doğur içimdə.

 

Adın eşq qoydum körpənin,

Səsi səkkizinci notdu.

Bugünkü səssizliyin,

Səsi sabah çıxacaq,

Deyəcəklər oddu, oddu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!