İranda dar ağacı altındakı bir gəncin şəkli uzun müddət yadımdan çıxmadı...
Zülmün yol nişanı - bir dar ağacı,
Şeytan meşəsinin murdar ağacı!
Bu şəkli yaddaşdan qaşımaq çətin,
Çəkilib bir ömrün sonuncu anı.
Haqqı tanımayan bir səltənətin,
Ya bötöv dünyanın susqun vicdanı.
Xalqıma qurulub bu dar ağacı,
Bu edam tarixin bitməz yasıdır.
Kəfən-əmmamə də bir şahlıq tacı,
Dindarlıq adına üz qarasıdır.
Bəxtinə nə bahar, nə qış yazılır,
Ona yetişəndə dayanır zaman.
Meyvə əvəzinə insan asılır
Fəsil tanımayan budaqlarından.
Bu ölüm havası hayandan əsdi,
Ağacı qorxudur üstündəki bar.
Bilsəydi bir vaxtlar çiçəkləməzdi,
Bu qədər qiymətli meyvəmi olar?
Ürəyi çürüyüb gördüklərindən,
Nə qədər daşısın köhnə acını?
Dirəyi qızıldan, kəndiri zərdən
Olsa sevindirməz dar ağacınıı.
Sanki ayaqlardır başdan yuxarı,
Cəllad addımıdır, ya şah addımı?
Allahın yerinə hökm çıxaran
Tamahkar dünyanın günah addımı.
Ya asır, ya boğur, ya atır oda,
Min-min şəklə düşüb bir qansız zülm.
Altında yüz dildə hökm oxunsa da,
Hamını bir dillə dindirir ölüm.
Ağacdır, barını ölümdür dərən,
Yaradır, heç zaman bitişməyəcək...
Elə arxayındır fitvanı verən,
Elə bil öz sonu yetişməyəcək.
Bu cəllad ağacı meşə bitirməz,
Orda budaqları, uzun saçları...
Dünyada bərəkət qalacaqmı bəs
Dara çəkildikcə bar ağacları?..
Bu da Əzrayılın bir quşatanı,
Atdığı yetişir öz hədəfinə...
Sapand daşı kimi qoyub insanı
Tullayır ölümün o tərəfinə.
Boy atıb böyüsə budaqlarında
Yelləncək qanadlı körpə olardı.
Ya kəmər bir evin divarlarında,
Ya Araz üstündə körpü olardı...
Sonuncu hərfidir əlifbaların,
İstər A-ya bənzət, istər T deyək.
Burda ədalətin sınır vüqarı,
Bitir insanların həyatı deyək.
Nə fərqi bu hökmü çıxaranlar kim,
Ya cumhur başkanı, ya kral, ya şah.
Sən özün var ikən dünyaya hakim
Yerin "Allahları" qəhr olsun, Allah!
Batırmaq olarmı gurlayan səsi,
Hansı suç işlədib, nə günahı var?
İnsanın yaşamaq haqqını kəsib
Alın yazısını pozmaqmı olar?
Şeytanın səpdiyi toxum dirilmiş,
Bu vərdiş Sasani taxt-tacındandır.
Bu edam hökmü də çoxdan verilmiş,
Bu dar ağacı da qul vaxtındandır.
Günahkar gəzirsən, qarışıb başın,
Özün insanlığın tək günahısan.
Elə bil Kənbizin əkiz qardaşı,
Ya da Əhəməni padişahısan.
Din ruhun qanadı, qanadım qırıq,
Söndü nəfsin ilə neçə gur ocaq.
Allah bu dünyanı sevgiylə qurub,
Sənin əkdiyinsə nifrətdir ancaq.
O gəncin sizlərə qaynamır qanı,
Ürəyinə yatmır gördüyünüz iş.
Sən necə boğursan onun ağlını,
Öz ağlın bir zərrə bəhrə verməmiş...
Dünyayla danışır ana dilində,
İlahi nurudur cismindəki can.
Şeytan fərmanı var, sanki əlində,
İnsanın gününü qaraltmaqdasan..
Gör hansı zamandır, qaldır başını,
Cəllad da demərəm, ondan betərsən.
İnsansan, heyvansan, ya şər maşını
Ya elə əzəldən xər oğlu xərsən...
Gözümün önündən getmir nədəndir,
Şəkildəki cavan... Donub qalmışam.
Ayağımda qandal, boynumda kəndir,
Cansız bir bədənə dönüb qalmışam...
Nə imdad istəyir, nə qəmə batıb,
Onun inamını sarsıtmaq çətin.
Kətirin üstündən bir addım atıb,
Minər qatarına əbədiyyətin.
Bir ömür yaşadı neçə ömrə tən,
Min bağça bəzəyər gül arzuları.
Boylanır cəlladın başının üstdən
Hər hökmə əyilən kütləyə sarı.
Ana da asılır, sanki saçından
Bağrına od düşüb, səsi titrəyir.
"Asın anaları dar ağacından,
Ancaq oğlumuza dəyməyin!" - deyir.
"Nəslimin davamı!" söyləyən Ata
İndi lənət deyir hüquqa, dinə.
Yanır bu rəhmsiz, qəddar həyata,
Böhtan qarşısında acizliyinə.
Tükənər Allahın səbri axır ki,
Verər fərmanını söküləndə dan.
Ulduzdan ulduza bir kəndir çəkib
Asar bu ölkəni dar ağacından...
Asar bu dünyanı dar ağacından
Yerin hiyləsi də, şəri də qədim.
Ay ana, ay ata, siz bağışlayın,
Vətənin dərdinə dözə bilmədim.
Gözüylə sarılır cismi sovrulan,
Eşqi külə dönən sevgilisinə.
Ayrılıq yalandır, ölüm də yalan,
Dönərəm yurdumun zəfər səsinə.
***
Böyründən dikələn əl daşdan ağır,
Vurulmuş göyərçin qanadı kimi.
Qanunsuz dünyaya son şapalağı,
Ölümə sonuncu inadı kimi.
Səsi boğazında ilişib qalar,
Səsi əllərindən fışqırır indi.
Əli cəlladların gözündən kənar,
Ədalət deyərək qışqırır indi.
Qəzəbdən boğulub hakimin rəngi,
Əlin qorxmazlığı çıxardır təbdən.
Əli də ilgəyə sala bilsəydi
Ya da baltalayıb kəssəydi dibdən..
Ancaq əl azaddır kələfçədə də
Zülmət gecələrin çırağı kimi.
Ölümün, zülümün başının üstdə
Gurlayan azadlıq sorağı kimi.
Hakim də gözaltı əlləri güdür,
Sanki öz ovundan diləyir aman.
Kələfçə vurulmuş qollar güclüdür
Dünyanın ən ağır silahlarından.
Beş barmaq ucaldı tuğlarım ilə,
Cövlana gələcək qudsal savaşda
Beş barmaq yumruğa dönməyib hələ
Yumruğa dönəndə möhkəmdir daşdan.
Kamandı, mizrabdı, sözdü deməli,
Beş misra süzülür beş barmağından.
Bir bəstəkar əli, bir şair əli
Güclüdür milyonla dar ağacından.
Ya qılınc tutmağa yaranmışdır əl,
Ya da dayaq olsun dost əllərinə.
Ya da saz götürüb savaşdan əvvəl
Söz qoşsun yurdunun gözəllərinə.
Bu nəğməkar əllər dar ağacını
Bir qəm havasına qoşub inlədər.
Qanlı xatirədən qoparıb onu,
Bir sazın, bir tarın çanağı edər.
***
Tale xainlərin güldü üzünə,
Şam kimi rüzgarda sönən çağımdır.
Bu dünya çox əzab yaşatdı mənə,
Əyilməz ruhum var, son dayağımdır!
Ruhla ruhsuzların qovğası dərin,
Bu ruh savaşında üzümüz ağdır.
Savaş nəğməsini bu igidlərin,
Millət öz səsində qoruyacaqdır.
Biz də çox görmüşük bu yasaqları,
Azadlıq kağızda yazılı qaldı.
Gəlmələr önündə sınan vüqarım,
Kövrək ümidlərdən asılı qaldı.
Bu şər maşınını kim qıracaq, kim?
Yurdumun yolları kəsəkdi, daşdı,
Mən şərin önündə susan deyildim
Dilim susanda da əlim danışdı.
Məndim ruh gətirən o salonlara,
Rəsmi məclislərin xofunu qıran.
Sözlə məzar qazan ağ yalanlara,
"Yurduma azadlıq!" deyib hayqıran.
Sağ ol, azad sözüm, üsyankar sözüm.
Qalib ordum da sən, bayrağım da sən.
Bir gün çəkilsəm də dar ağacına
Qırıb qandalları yüksələcəksən...
Tarix gözlərimdən yol salır bir də,
Acı taleyiylə millətim təkdir...
Ayağım qandalda, boynum kəndirdə,
Olsa da qələmim döyüşəcəkdir!
Qan üstə qurulub dünya sarayı,
Biri yas içində, biri toydadır.
Bəlkə də məzlumun azadlıq payı
Elə o cavanın əli boydadır...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!