Yuxu... Yuxusuzluq... - Fərid Hüseyn - Poetik silsilə

 

Əziz oxucu, "Yuxu... Yuxusuzluq..." adlı poetik silsiləni dörd aya yazmışam. Həmin vaxtlar yuxusuz qaldığım günlər idi. Sonra yuxu rejimim düzəldi və sanki görmədiyim yuxuların da əvəzində röyalar gördüm. Bu müddətdə həm yuxusuz qaldığım günlərin mahiyyətini anlamağa çalışdım, həm də yuxunun ömrümdəki anlamını ağlım kəsən qədər dərk etməyə başladım.

Bu poetik silsilə yuxu ilə yuxusuzluğun, röya ilə oyaqlığın, sirr ilə aşkarın, reallıqla irreallığın bir-birinə təbii keçidinin - iç-içəliyinin bədii ifadəsidir. Dində, elmdə və həyatın özündə milyon illik sirrə - yuxuya ola bilsin ki, bu poetik silsilə heç bir çözüm gətirmədim, bəlkə, əlavə etsəm, sapa bir düyün də mən vurdum, amma o da var ki, yuxularım, onların mahiyyəti ən azı özümə açıldı və bu poetik silsilədə də, elə bilirəm, inanacağınız, ruhunuza yaxın olacaq poetik mətləblər sizə də aydın olacaq.

F.H.Hedge deyirdi ki, "Yuxuda çatdığımız nöqtəyə həyatda çata bilsəydik, onda hər kəs ya Dante olardı, ya da Şekspir". Yəni yuxunu bütünlüklə anlamaq dahilik əlamətidir, əlbəttə, mən o iddiada deyiləm, amma bu fikrin həqiqətinin başqa bir tərəfini bölüşürəm ki, yuxu qavranılması olduqca çətin bir dünyadır. Dahilər həyatı yuxu nəhəngliyi ilə görə bilən gözə sahibdirlər. Amma hər kəsin yuxu görməsi isə hər kəsə verilən "bir dahilik fürsəti" kimi də başa düşmək olar... Və bu fürsəti qaçıranların sayı milyardlarladır...

Terri Prakhetin yuxu barədə belə bir fikrini də xatırlayıram: "Yuxu azad olduğumuz yeganə yerdir". O azadlığı bizə şüuraltımıza keçid verir, yuxudakı reallıqla hesablaşmağımız isə artıq o real dünya ilə haqq-hesab çürütməyimizin əlamətidir. Yuxuları danışmaq - öz şəxsi qeybindən xəbər verməkdir. Yazı yazmaq elə qəlbin - qeybin azadlığını itirmək deməkdir...

Bir neçə kəlmə də yuxulara yazılmış şərhlər barədə fikirlərimi bölüşmək istəyirəm...

1. Yuxulara yazılan şərhlər yuxuların mahiyyətinin açılmasına xidmət edir. Necə ki, yazdığımız yazılar oxunandan sonra onlardan həm də başqalarının olur - şəxsi hisslər, sanki "ictimai hisslərə" çevrilir. Bu, yazının - mətnin dəyişməz taleyidir. Oxuyacağınız poetik silsilədə də yuxular şəxsi mahiyyətini dəyişərək ictimai məzmun daşıyır -  mətni oxuyan həm də bu yuxuları "görmüş" olur. Bu mətn, sözün rəmzi mənasında onu yazanla oxuyanı eyni yuxunu görmək üçün "həmyastıq" edir...

2. Yuxulara  yazılan şərhlər şeirin özünü, sanki yuxuya çevirir. Necə ki, hər yuxunun yozumu var, bu poetik silsilə də özü-özlüyündə, sanki bir yuxudur və onun da özünə aid bir şərhinin olması qaçılmazdır.

3. Yuxu çox zaman "O biri dünya" anlamını daşıyıb. "Kitabi-Dədə Qorqud" dastanında yuxuya "kiçik ölüm" deyiblər. Yaxud "Leyli və Məcnun"un sonunda Zeyd  baş yuxularda qəhrəmanları xoşbəxt görür, bu da, əlbəttə, axirətə inamı təlqin edən məsələdir. Hər aşiqinsə, əlbəttə, bir Zeyd yuxusuna ümidi var... Mətnin yuxuya çevrilməsi, həm də mətnin başqa dünyaya inam yaratması anlamına gəlir... Bəlkə də, hər oxucu dünyası mətnin axirətidir...

4. Bu poetik silsilə isə həm də yuxudan ötə bir şeydir. O mənada ki, biz real həyatda nələrsə görürük, bu birinci mərhələdir, sonra ona uyğun və ya ondan uzaq məsələni yuxuda görürük, bu ikinci mərhələdir, yazı isə yaşanan və görülən yuxudan sonrakı prosesdir, bu da üçüncü mərhələdir... Bu mərhələləri keçmək üçünsə "xəritə", əlbəttə ki, mətndəki şərhlərdir...

Müəllifdən

Yuxusuz qaldığım gecələrdəki,

Yuxular yığışsa bəşər uyuyar.1

Marina Svetayeva

 

Yuxumdan bir at qaçır,

onu yormamaq üçün

oyanıram yuxudan.2

Ayılıb görürəm ki,3

behişt üzündə günah,

nəsə xısınlaşırsan,

hiyləli gələcəklə,

əbədi döyüşdəsən

yenə də öz içində4 -

bir əməli şeytanla,

bir uyuyan mələklə...

***

Oyanıram yuxudan,

evimdəki saatlar

düz gəlmir bir-biriylə,5

mən ömrümü itirdim

bu vaxtlar arasında -

qurammadım saatı

"Allahın əlləri"ylə.

Ondadır ki, gecikir,

heç cür çata bilmirəm,

qaçan "qismət"lərimə.6

***

İlahi, çox ağırdı,

bir ayrı cür zülmdü

sevdiyin insanları

günahından tanımaq.7

Alnımıza yazılıb

bir vaxtlar sürdüyümüz

döyüş arabasının

təkəri altda qalmaq.8

***

Lap erkəndən oyanıb

keçirəm bir küçədən,

səni sevmək görünmür,

səni sevmək bilinmir,

eşidilmir, duyulmur,

hamı yatmış, mən oyaq.

Səni sevməklə birdir -

ayılmayan xəstənin

yuxusunda yaşamaq.9

Atam girir yuxuma,

deyir "nə dərdin var de".

Susuram, heç dinmirəm,

ümiddən gizlətdiyim,

bu dünyaya sığmayan

sənsizlik xəbərini

o biri dünyaya da

qıymıram - göndərmirəm.10

***

Yuxuma girirsən sən, -

necə şənsən, xürrəmsən.

Elə bir nur içində

alışırsan, yanırsan,

yanında da kimsə var.

Nədənsə, çox uzundu11

həmişəkindən kölgəm.12

Birdən nəsə düşünüb

mənə doğru qaçırsan,

əlindəki qayçıyla

ətrafıma dolanıb

kölgəmi budayırsan.13

Kaş biləsən, duyasan

necə ağırdı mənə

yanındakı adamın

üzün, simasın görmək,14

necə ki, bax, ağırdır

bir uşaqsız qadının15

gözünün önündəcə

körpə paltarlarıyla,

döşəmə, tavan silmək.16

***

Pəncərəmin önündə

baxıram bu dünyaya,

düşünürəm, görəsən,

hansı həvəs ilə biz,

tikirik gecə-gündüz

uçulacaq evləri.

Bu yuxusuz adamın

çiyninə toxunurlar,

deyirlər ki, "sən, get yat,

heç əlini bulama

belə-belə işlərə,

yorma, yazıq, özünü,

silənməzsən dünyanın

alnına həkk olunmuş

əbədi faniliyin

pozulmaz möhürünü".

 

Axır ki, mən oyandım,

məhdudluq yuxusundan.17

Xilas oldum içimdən,

min bir zülmlə aldım

özümü öz əlimdən.18

Daha heç kəs siləmməz,

xeyri ürəyimdən,

şükrü, həmdi dilimdən,

doymaram yaxşılıqdan,

əl tutmaqdan doymaram, -

daha mən bundan sonra

yaxşılıq zalımıyam.19

Yuxumda da oyağam,20 -

yatmır ruhum, varlığım.

Üzümü söykəyirəm

vaxtın yorğun üzünə,

beləcə calayıram

gecəmi gündüzümə.

Mən qorxuram, qorxuram,

sən olan yuxuları

danışsam gur çaylara

çay da ayrılıq dadar -

qovuşmaz dəryalara.21

***

Xəzinə Allahıtək22

xəbərsizsən dünyadan,

qəm içimi talayıb,

qüssəm yaman varlanıb.

Nə sevinc qahmar çıxır,

nə səadətdi köməyim,

Tanrının gözü kimi

yuxusuzdur ürəyim.23

***

Allah hər şeyi görür,

anımız nəzərində.

Çiynimdədir mələklər, -

gözləri üzərimdə.24

Özündən də xəbərsiz

boylanaraq içimə

sənə mələklər baxır,

səni şeytanlar görür -

çiynimdə, ürəyimdə.25

***

Necə çətin ömürdü,

necə çətin imtahan,

bir səmanın altında

bir-birindən xəbərsiz

yaşamaq - ömür eləmək.

Bu elə bir tale ki,

elə bil, su səpirsən,

dibi doymuş güllərə

dodağı suya təşnə

bir səhra yolçusunun

gücdən düşən əliylə.

***

Necə kordu bu aləm,

necə gözdən zəlildi,

Dünya niyə dərdlidi,

niyə qaşı çatılıb,

qoy üzündən oxusun

aləmlər şənliyini

bircə mənə görünmək,

sonra da itmək üçün

Allah sənə bəxş edib

ilğım gözəlliyini...26

mənəsə bağışlayıb

yuxu təskinliyini.27

 

1 - Tərcümə Ç.Əlioğlunundur.

2 - Klassik dini düşüncəyə görə yuxu da taleyin davamıdır. Yuxuda da insan iradəsinin həlledici olduğu vurğulanır. Bu məsələ ruhla əlaqələndirilir.

3 - İnsan ayılandan sonra beynində yuxu üç dəqiqəyə qədər davam edə bilir. Ona görə də insan, əslində, oyanandan bir neçə dəqiqə sonra tam ayılır.

4 - Yuxuda gördüyümüz hadisələr sonradan insanlara qarşı münasibətlərimizə, onlara olan nəzərlərimizə təsir edə bilir. Ona görə də Ziqmund Freyd bu məsələni "yeni dünya" kimi nəzərə çatdırırdı. "Yeni dünya"nınsa öz qanunları var.

5 - Yuxunu insanlar üçün daim anlaşılmaz edən məqam "başqa zamana səyahət" ilə bağlıdır. İnsan bu vaxt dəyişiminə ruhən hazır olmadığından onun şüurunda yuxu daim "ayrı dünya", "fikir zaman" təsiri bağışlayır.

6 - Oyananda yuxuda itirdiyimiz nəsnələrə görə heyfisilənirik. Buna yuxu yozanlar "qaçan qismət" deyirlər. Çünki insan şüuru yuxuda tam mənada reallıqdan - öz şəxsi arzularından uzaq olmur. Ona görə də yuxuda çatmadığımız arzular bizə anlaşılmaz gəlir.

7 - Yuxuda irreal hadisələrin əsas səbəbləri röyada gördüyümüz insanların xarakteri ilə bağlıdır. Çünki yuxuda yaxşı pisə, xeyir şərə, əyri düzə asanlıqla çevrilir. Ancaq "oyaq beyin" onları tam mənada qəbul etməsə də, ayırd etməyi bacarır.

8 - "Yuxu paradoksu" anlayışı var. Anlayışın mahiyyəti ondan ibarətdir ki, yuxuları bizə təsirli, anlaşılmaz edən onların ziddiyyətləridir. Məsələn, qoruduğun nəsnəyə xətər yetirilir, ölü dirilir, pis insan yaxşılıq edir və s. Bu sarıdan yuxular dünyası qəbul olunmuş məsələlərə yeni gözlə baxmağımıza imkan yaradır - çox şey, sanki əzəli missiyasını dəyişir.

9 - Oyanmayan xəstələrin yuxusu - əbədiyyətin nişanəsi, ölümün sirri kimi qəbul edilir. Bu yuxular yuxu elminin demək olar ki, öyrənilməmiş sahəsidir. Bu yuxudan ayılanlar ancaq ümumi şeyləri xatırlayırlar, həmin məsələlər isə elm üçün heç bir açar fikir yaratmır. "Ölüm yaddaşsızlığı" deyilən bu məsələ Moris Meterlinq "Müqəddəs Antoninin qayıdışı" əsərində də var. Orada "dirilən ölü" - yuxudan oyanmış xəstə cadugər tərəfindən lal edilir. Bu isə özü-özlüyündə "ölümün sirrini açmaq olmaz" deməkdir.

10 - Yuxuda ən ciddi kompleksləri real həyatda deməyə utandığımız məsələlərə qarşı keçiririk. Utancaqlıq kompleksi yuxularda daha aydın, hətta travmatik həddə meydana çıxır.

11 - Yuxuda əksərən hadisələri qeyri-real, adamları olduğundan böyük, əşyaları hədsiz iri formada görürük. Çünki yuxudakı vaxt kəsimi reallıqla hesablaşmağa - beynimizdəki həmin nəsnənin real ölçülərini dəqiq xatırlamağa bizə imkan vermir. Məsələnin digər tərəfi yuxunun "ikinci uşaqlıq" adlandırılması ilə bağlıdır. Uşaq ikən xəyallarımız böyük olur, böyüdükcə isə onlar kiçilir. Xəyalın ən kiçik forması reallıqdır.

12 - Kölgə, adətən, yuxularda azadlığa, rahatlığa qovuşmağın, aram tapmağın simvolu kimi qəbul edilir.

13 - Yuxuda nəyisə budamaq - həyatımızdakı lazımsız yüklərdən, öhdəliklərdən azad olmağa, öz missiyamızı müəyyənləşdirib onun uğrunda yaşamağa - özünü tapmağa işarədir.

14 - Yuxularımız naməlum obrazlarla doludur. Yuxuda üzünü görüb oyanarkən xatırlamadığımız kəslər xeyrə yol göstərən, günahsız adamlar kimi yozulur.

15 - Aparılan tədqiqatlara, sorğulara əsasən, kişilər yuxularında 70 faiz kişi, 30 faiz qadın görürlər. Qadınlarda da bu nisbət dəyişmir.

16 - Yuxuda bizi həyəcanlandıran əsas məsələlərdən biri çarəsizlikdir. Yuxuda çarəsiz qalmağımızın əsas səbəbi başqasından nəsə kömək istəyə bilməməyimiz, yaxud buna imkan tapmamağımızdır.

17 - Məhəmməd Peyğəmbərə, bəzən isə İmam Əliyə aid edilən məşhur bir fikir var: "Hamınız yuxudasınız, ölüb oyanacaqsınız". İnsan həyata bağlananda yalnız bir dünyanın reallıqları ilə hesablaşır. Ölümü anlayanda isə bir ömrə iki dünyanın - yaşadığı illərin və axirətin reallığını sığışdırır. Bu isə, öz növbəsində, məhdudluqdan xilas deməkdir.

18 - Burada Mənsur Həllacın məşhur fikrinə - "Məni Allahın əlindən alın" fikrinə işarə edilir.

19 - Xristianlıqda "İsa Məsih hər bir xaçda çarmıxa çəkilib" düşüncəsi var. Bu düşüncəyə əsasən İsa peyğəmbər milyardlarla dəfə çarmıxa çəkilsə də, yenə də günahsızdır və hər kəsi sevir. İnsanlar çarmıxa çəkmək zalımlığından doymadığı kimi, O da çarmıxa çəkilmək "zalımlığından doymur". Bu isə inam təlqin edən məsələdir. Yəni zülm qədər dözüm də əbədidir.

20 - Yuxu tamamilə sakit olan bir mühitdir. Əgər yuxuda hər hansı bir səs duyuruqsa, yaxud kənar müdaxiləni hiss ediriksə, o saat yuxudan oyanırıq. Xoruldayarkən isə yuxu görmürük. Yuxuda beynin oyaq qalması real həyatla əlaqənin tam kəsilməsindəndir. Bu vəziyyət ruhi gərginliyin pik həddi sayılır.

21 - İslami dünyagörüşünə görə, hər şey özünü çoxaldır: Məsələn, şər şəri, yalan yalanı, haram haramı, xeyir xeyri, sevgi də sevgini. Bu inanca əsasən, qorxu da qorxulu vəziyyəti çoxaldır. Məhz bu amilə görə pis yuxuları başqasına danışmaq - pis fikirləri çoxaltmaq olmaz.

22 - Qədim yunan-Roma inancına görə, dünyada zəngin-kasıb ona görə var ki, Xəzinə Allahının gözü kordur və buna görə də o dünya nemətlərini insanlar arasında qeyri-bərabər şəkildə bölüb. Tit Maksi Plavtın "Xəzinə" əsərində də oxşar məsələ problem kimi qoyulmuşdur.

23 - "Allah hər an hər şeyi görür" - deyirik. Məhəmməd Hüseyn Şəhriyar da Allahın oyaq olması ilə bağlı bir şeirində yazır: "Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən, / məndən aşağı kimsə yox, ondan da yuxarı".

24 - Müasir dünyada insanları narahat edən əsas beş məsələdən biri də kameraların mövcudluğudur. Bu insanları başqalarının nəzarəti altında saxlayır. Din isə bu məsələni daha mənəvi planda həll edib: çiynimizdə xeyri və şər əməlləri yazan mələklər, şahid əzalarımız var...

25 - Bu misralar sirrin mahiyyətcə uydurma olduğuna işarədir. Əgər Allah hər şeyi görürsə, sirr deyilən şey yoxdur. Sirr odur ki, onu yalnız bir adam bilir...

26 - İlğım görünüb-itən bir nəsnədir. Gözəllik də belədir. Biz yalnız fərqinə vardıqdan sonra gözəlliyi qəbul edir və sevirik. "Anlamadan sevmək", "qeyri-ixtiyari vurulmaq" uydurmalardır. Biz bu halda sadəcə təhtəlşüurun gücü ilə sevirik. Şüuraltımız bizə tam aydın deyil deyə, yaşantılarımız bu cür anlaşılmazlıq haləsinə bürünür.

27 - Yuxunun yuxu olduğunu anlayan kimi sakitləşirik. Eləcə də yaşadıqlarımızı taleyimiz, yaxud dünyada hamının başına gələ biləcək hadisələr kimi qəbul edəndə rahat oluruq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!