Gördüyüm yerdə
Sırsıra bağladım qar qalağında,
Dözümü görmədim gördüyüm yerdə.
Göyə sığalladım gödəklərimi,
Düzümü görmədim gördüyüm yerdə.
Önündə önnəndim önlü dağların,
Dumanlı dağların, çənli dağların,
Üzün gördüm sənli-mənli dağların,
Üzümü görmədim, gördüyüm yerdə.
Dağ zirvədə, qaya yerində qalıb,
Dərə dərinlikdə-dərində qalıb,
Vallah mənim yerim birində qalıb,
Özümü görmürəm, gördüyüm yerdə.
Məni
Öz anam bilirdim anamnan sonra,
Oduna yanardım yanannan sonra,
Gümanım varıydı gümannan sonra,
Götürmür qucağa qucaqlar məni.
Döndüyüm döngəni dönürəm yenə,
Gəldiyim yer göydü, enirəm yenə,
Qorunda qorlanıb sönürəm yenə,
Külündə üşüdür ocaqlar məni.
Yaxşıdan yaxşıydım yamanım yaxşı,
Şübhədən uzaqdım gümanım yaxşı,
Zirvədə olmağa dumanım yaxşı,
Bucaqdan buraxmır bucaqlar məni.
İmkanı yox
Aramız aralı düşüb aradan,
Tamarzımı qoydu bizi Yaradan?
Bir istək müjdəsi əssə oradan,
Yerinə çatası söz imkanı yox.
Yollar öz yolunda yollanır hələ,
Düşür haldan-hala, hallanır hələ,
Çiçək şirəsində ballanır hələ,
Üzünə-üz verib, üz imkanı yox.
Yağmalanıb yağış köçünə düşdüm,
Axarlı axımlı içinə düşdüm,
Beşdə-beşə, üçdə-üçünə düşdüm,
Əlli-əlli saydım, yüz imkanı yox.
Neçə bələn, bir dağ yolu gələrdim,
Eşqə düşüb, dəli dolu gələrdim,
Olardım sevdanın qulu, gələrdim,
Olan imkanımın öz imkanı yox.
İz düşər, gedək
İsladır, yaşını görmür,
Yanında naşını görmür,
Daş atır, daşını görmür,
Düşəndə düz düşər, gedək.
Ordan-burdan baxan nə çox,
Altdan-üstdən axan nə çox,
Gözünə göz taxan nə çox,
Gözünə göz düşər, gedək.
Sevgini sevməzlər sənin,
İştahla yeməzlər səni,
Sözünü deməzlər sənin,
Baxta-baxt söz düşər, gedək.
Baxtı yeyin olan hər kəs,
Gözü-gözdə qalan hər kəs,
Boşalan kəs, dolan hər kəs
İzləyər, iz düşər, gedək.
Gəlmişəm
Qismətim olub yayı,
Payıma paymış payı.
Göylərə batıb göyü,
Dağlar qoyub gəlmişəm.
Yataqda yatır çüxur,
Çüxura düşüb süxur.
Havası yağmur qoxur,
Ağlar qoyub gəlmişəm.
Çiçəkdi süzüb məni,
Qəmində üzüb məni,
Sezmişəm sezib məni,
Bağlar qoyub gəlmişəm.
Aramıza ara düşdü
Çöldən-çölə elə çölük,
Çağlamasaq axmaz gölük.
Bölükləndik bölük-bölük,
Paramıza para düşdü.
Əl üşüdü öz əlimnən,
İraq düşdü köz əlimnən,
Söz-söz dindi söz əlimnən,
Sıramıza sıra düşdü.
Daşdam-daşa daş əzildi,
Düşdü gözdən yaş əzildi,
Əynimdə nimdaş əzildi,
Yaramıza yara düşdü.
Sərgilədim günü saydım,
Günə düşən günü saydım,
Səni, məni, onu saydım,
Aramıza ara düşdü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!