Nə gözəl inqilab idi əllərini tutmaq və gözlərinin dənizində boğulmaq... - Arəş Əhmədinin şeirləri

 

Arəş Əhmədi 1985-ci ildə Güney Azərbaycanın Culfa şəhərində anadan olub. Uşaqlıqdan həmin şəhərdə yaşamaqdadır. Xeyli vaxtdır şeir dünyasına ayaq basıb. Bundan öncə şeirləri virtual məkan və qəzetlərdə çap olub. Arəş Əhmədi keçmiş ədəbiyyatı mütaliə edərək modern ədəbiyyatda çalışmağa başlayıb...

Hey, sevdiyim şair qız!
nədən susubsan, giləsi,
arzuların solubmudur qucağında?
Sən dinməsən əlbət inqilab olacaq -
dünyanın bilmirəm, hansı bir bucağında.

*  *  *

Röyalarıma sarıl,
oxu kabuslarımı
həyatla mırtlaşmağım gəlir...
bu gecə özümdən aşmağım gəlir
getmək bəhanəsi varım...
məndən qabaq başmaqlarım gedir!
nə gözəl inqilab idi əllərini tutmaq
və gözlərinin dənizində boğulmaq
ay şeir,
ay şeir,
ay şeir
və nə gözəl səssiz bir intihardı
şair olmaq...

*  *  *

Halını sormağa nə gərək
gözlərin?!
Yusifə məhkum olan quyu
bax mənə, giləsi...

*  *  *

Yağışlı şeirlərim,
islanmış gözlərim
və bir sınıq ürək
bağışla, üşüsən, giləm,
qucağımda payız...
sürgün olub mənə!

Mən hər gecə özümlə əlbirəm cinayətə,
addım-addım intihardayam şeir dəftərimdə
kəndir-kəndir sənsizliyim
                       boğazıma saldırmadadır...
yoxluğun nə soyuq...
nə acı!

*  *  *

Dönsən əgər bir gün
sənə məktub yazacağam
öylə bir məktub ki,
içindəki güllər gülsün...
və bütün quşlar azadlığa uçsun, giləsi....

*  *  *

Bu gecə tütün yerinə
sənsizliyi eşib dolduracağam siqaretimə.
Sonra sənsizliyə od vurub çəkəcəyəm...
yarın ağrılarımı ağ saçlarıma
ağlayacaq buludlar....

Bağışlayın, xanım,
sizi bundan öncə sevməmişəm?
gözlərinizi öpməmişəm?
tanış gəlir baxışınız...
ağaclar üstə yonulan xatirələr kimi
köhnə albomlarda qalmış bir əsgi şəkil kimi!
Bağışlayın...
əllərinizin ətri tanış gəlir mənə
əllərinizin çiçəyin dərməmişəm
dar kəndirimə oxşarı varmı?
bundan öncə saçlarınızı hörməmişəm?
bağışlayın, xanım!

*  *  *

Gözlərin payızdır
silkələyir şeirləri üstümə
yağış yağdırır sənsizlik saatlarıma
gözlərini bağışla mənə,
üşüsəm də, islansam da
yetər şair olmağıma !

Darıxmışam
sərin baxışına
gözlərinə darıxmışam
tənə vuran
dilindən axan acı sözlərinə
darıxmışam...

öpmədiyim dodaqlara
dişləmədiyim yanaqlara
mən dəli daraqlara darıxmışam...
yadırğayıb, məni "sən" yox
"siz" deyərək səsləmənə darıxmışam
yuxu girmir gözlərimə
sürgün düşüb röyalarım
yatıb yenə səhərədək
sənə dolu düşlərimə darıxmışam.

bilmirdim necədir mənsiz olan günlərin
bilmirəm
amma yaman bu gecə
səni darıxdıran darıxmalara darıxmışam!
səndən sonra heç kimsəni sevmərəm
söz verdiyim, sözümə darıxmışan!

*  *  *

Buz yataq bağrına basacaq məni
bu gecə düşüncəm girib yatacaq
illərdir üzümə gülməyən bulud
dolmayan göllərə bir daş atacaq.

Yastığım daş olub beynimi dəlir
yorğanım dərd olur halımı qatır
göylərdə sancılan bulud damcısı
bu gecə yağışın gözümə çatır.

Həftələr nazını çəkdiyim gözəl
sevişmək yerinə üzün döndərir
alnında bir öpüş dodaqlanmadan
öpüşün gizlədib közün göndərir.

Mən şeir yazmıram yanıram, qardaş
içimdə biri var məni aldadır
əlimdə odlanan qələm çırpınır
hər gecə başqası şeiri dadır.

*  *  *

məni burax
təkcə sənin nisgil dolu gülüşlərinlə
görüşmək qorxudur məni...
görüşə gəlməyə titrəyir ayağım
bir azdan yıxılacaq şəhər...

Təqdim etdi: İlham QƏHRƏMAN

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!