Vəhdət vadisində - Füzulini beşləmələr
Əsiri-nəfsdir əhli-cahan...
Bu dünya bunca yığcamdır, içində kimsələr cəmdir,
Nə var torpaqda - əsrardır, nə var göylərdə - mübhəmdir,
Nə var - batindədir məna, nə var zahirdə - görkəmdir,
"Bu aləm kim, könül, qeydin çəkirsən, möhnətü qəmdir,
Fəna sərmənzilin seyr eylə kim, bir xoşca aləmdir".
Sübutum var: görünməzdir, qaçır Tanrım görünməkdən,
Usanmır nəfs ilə insan hörümçəktək hörülməkdən,
Baxıb insanlara hər dəm ölür şeytan da gülməkdən,
"Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən,
Təriqi-üns tut kim, hər ovuc torpaq bir adəmdir".
Fəlakətdir ömür sürmək əgər ki, nəfsinə qulsan,
Gözü toxluq rahatlıqdır, əgər bu fürsəti bulsan,
İçindən şeytanı qovsan, demək Allaha məqbulsan,
"Degil möhkəm cahan mülkündə hər bünyad kim, qılsan,
Bəqa mülkündə tut mənzil kim, ol bünyad möhkəmdir".
...Zəkası, qəlbi nurlanmır, qalır insan cəhalətdə,
Şərəflənmir, fərəhlənmir, xilas yoxdur bu halətdə,
Cahan başdan-başa qandır, bəşər çatmışmı son həddə?
"Kəmali-eşqi-insan mövt iləndir rahi-hikmətdə,
Bəli, mücra qilan hökmün misalın nəqşi-xatəmdir".
Əbəsdir, qəhrini çəkmə bu dünyada çoxun, azın,
Gələr bir gün, görərsən ki, ötüb-getmiş qışın, yazın,
Dişin kəsməz, işin keçməz, qəbul olmaz ədan, nazın,
"Bahar əyyamı girsən laləzarə, xak əczasın
Mühəqqər görmə kim, hər zərrə bir cam ilə bir Cəmdir".
Ağasəfa, çalış, cəhd et xoş olsun xatirin, xətrin,
Şirin baltək duyub şəhdin, qızılgültək çəkib ətrin,
Nəsihəttək şüar eylə əziz ustadın hər sətrin:
"Əsiri-nəfsdir əhli-cahan, bilməz fəna qədrin,
Füzuli, təpk təcridi sənə ancaq müsəlləmdir!".
Bizim yerdən gəlirsən...
Vətən sormaqdayam daim əsən badi-səbalərdən,
Nə çarə, məlhəm umdum hey gələn növ-növ sədalərdən,
Sağalmaz xəstə könlüm, ah, usandım bu dəvalərdən,
"Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən,
Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən".
Əcəb şərməndə qaldıq, el yanında üzrə bir üz yox,
Bəlakeş başımız vardır, gəlir gəlsin bəla, söz yox,
Nə çəksə başımız hər gün, fələkdir aşina, biz yox,
"Əsiri ğürbətdiz, bir səndən özgə aşinamız yox,
Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən".
Dözülməzdir bu əhvalım, uzaqlaşdır bu əhvali,
Ötərgilər ötər, qalmaz, fəqət bir eşqdir ali!
Gəlir qürbətdə röyama laləüz dilbərin xali,
"Səba, kuyində dildarın nədir üftadələr hali?
Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən".
Bilinməz qürbət ellərdə nədir fərqi qışın, yazın,
Nə mənası varın-malın, nə faydası çoxun, azın?
Nə istərsən, sənin olsun, sənin olsun, sənə qalsın,
"Demə, zahid ki, tərk et simbər bütlər tamaşasın,
Məni kim qurtara Tanrı sataşdırmış bəlalərdən?".
Dəyişkəndir bu ruzigar, gedişkəndir zaman, dövran,
Tamaşa qurmağa yerdə ilahidən gəlir fərman.
Gətir meydən, gətir, saqi, cahan baqi, bəşər mehman,
"Girib məscidlərə, gər müqtədalər peyrəvi olman,
Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən".
Quran qurmuş, düzən düzmüş bu qurğunu, bu düzgünü,
Fəqirin də, həqirin də var öz vaxtı, var öz günü,
Tutar əldən, çəkər başa bu əzgini, bu üzgünü,
"Təbiba, xaki-kuyi-yardəndir əşk təskini,
Bizə artırma zəhmət, göz yaşarar tutiyalərdən".
Hara getdimsə, sayəmdir, yanımda dərd olur nazil,
Bu möhnətdən, bu zillətdən, bu xiffətdən nədir hasil?
Budur tale, budur qismət, dəmadəm sızlama, ey dil,
"Fələkdir mehri zail, yar ğafil, ömr müstəcil,
Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən".
Səfadır eşq dərdi, etmədim dərdə qənaət mən,
Məhəbbət atəşindən olmadım bir zərrə rahət mən,
Canımda min yanıq var, oxşarıq neylə bu saət mən,
"Vücudim ney kimi surax-surax olsa, ah etmən,
Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən".
Ağasəfa, dualarla günü-ömrü taraz eylə,
Səhər-axşam bu ustadın duasını diraz eylə,
Gözəllərdən umub-küsmə, şikayət həddin az eylə,
"Füzuli, nazəninlər görsən, izhari-niyaz eylə,
Tərəhhüm umsa, eyb olmaz, gədalər padişalərdən".
Can nəqdi
Gün doğub, nur çilədi aləmə aram-aram,
Dün qəmim vardı, bu gün oldu gözəl bir bayram.
Şükür Allaha ki, axırda qəbul oldu duam:
"Qıldı ol sərv səhər naz ilə həmmamə xüram,
Şəmi-rüxsari ilə oldu münəvvər həmmam".
Xoş idi, razı idim bəxtimin hər anından,
Göy qızarmışdı, sanırdım, ürəyim qanından,
Əsdi meh cilvə ilə, ötdü onun yanından,
"Görünürdü bədəni çaki-giribanından,
Camədən çıxdı, yeni ayını göstərdi tamam".
Gözü çıxsın ona baxdıqca məni-büryanın,
Neçə nazəndə gəlib kəsdi onun bir yanın,
Odur, əlbəttə, bu gün ən gözəli dünyanın,
"Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəşşər badam".
Bu badam üstünə düşməz daha bir zərrəcə toz,
Ey mənə tən eləyən, fikrimi düzgün yerə yoz.
Düşdü qızlar həvəsə, gəldi çərəz: ləbləbi, qoz,
"Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didari-lətifilə ziya dideyi-cam".
Əksi düşdü hovuza, eylədi heyran xəlqi,
Güldü əksilə onun ayna suyun hər vərəqi,
Damla-damla tərinin hər tərəfə var bərqi,
"Sandılar kim, satılır daneyi-dürri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam".
Bunu çox yaxşı bilir dövrəsində olmuş kim,
Onun həmmam günüdür aləm üçün ən xoş gün,
Başladı naz ilə əvvəlki kimi öz məşqin,
"Kakilin şanə açıb, qıldı həvayi mişkin,
Tiğ muyin dağıdıb, etdi yeri ənbərfam".
Elə ki, şanəsini çəkdi saça ol məhru,
Kakilin ətri ilə oldu hamam ənbərbu,
Suya bax, ülfətə bax, ax, nə gözəl gündür bu,
"Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su,
Yetdi su cisminə, rəşk aldı tənimdən aram".
Saça bax, kakilə bax, gör necə narın daranıb,
Xaliqin hökmü var imiş, belə xilqət yaranıb.
Hansı aşiq bu sayaq istədiyindən yaranıb?
"Çıxdı həmmamdan o, pərdeyi-çeşmim sarınıb,
Tutdu asayiş ilə guşeyi-çeşmimdə məqam".
O gedərkən sinəmin üstünə göylər çökdü,
Neyləyim ki, onu görmək elə birgünlükdü,
Neyləyim, ağlamayım, göz yaşı yüngüllükdü,
"Mərdümi-çeşmim ayağinə rəvan su tökdü
Ki, gərək su tökülə sərvin ayağinə müdam".
Rəsmdir, sevdiyinə sərf edər insan nəqdin,
Sən də dur, Ağasəfa, eylə ki, ehsan nəqdin,
Məlum olsun ki, ona sən də qıyırsan nəqdin,
"Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,
Qılmasın sərf zər ol sərvqədü siməndam".
Bəxt şayəstə deyil...
Sübh olur, üz tuturam gündə güzərgahlərə,
Tanrımız sayə salır mən yeriyən rahlərə,
Dönmüşəm evtanımaz dərvişə-səyyahlərə,
"Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə
Ki, gəda ahı əsər eylər olur şahlərə".
Bu gözəllər qənim oldu mənə yüz gəz, ya rəb!
Mahlər eşqi başımdan niyə getməz, ya rəb?!
Könlümün həsrətini ahım əritməz, ya rəb!
"Mehri yox mahlərə ah əsər etməz, ya rəb!
Ver bir insaf bu mehri yox olan mahlərə".
Ah çəkdim, qapıya çıxdı hərasan, nə əcəb,
Ey gözüm, ağlamadın, yağmadı leysan nə əcəb,
Bir mələkdir, ona bəs söylənir insan, nə əcəb,
"Qaşların taqinə versəm dili-suzan, nə əcəb,
Rəsmdir asıla qəndil nəzərgahlərə".
Mənə həmdərd sayılır ah çəkir həmmişə kim,
Meyli var ahulara çöldə dönüb dərvişə kim,
Aldanıb mahrulara, bəxti çönüb, yoxdu şəkim,
"Maili-sərv, qədin vəslinə yetməz, nişə kim,
Bəxt şayəstə deyil himməti kutahlərə".
Cünunuq biz hamımız, aç bizə dostundur kim?
İmtahan eylə, görək eşqdə üstündür kim?
Məst olub meykədədə eşqpərəstindir kim,
"Saqiyi-bəzmi-cünun nərgisi-məstindir kim,
İçirir badeyi-ğəflət dili-agahlərə".
Nə qədər var bu gözəllər, əriməz dərdi-sərin,
"Nə bu dünyada yerin var, nə o dünyada yerin".
Növbənöv qurğusu var, tilsimi var xublərin,
"Baxma, ey didə, zənəxdanına məhbublərin,
Gəzmə ğafil, həzər et, düşməyəsən çahlərə".
Gəzdin hey, Ağasəfa, bəxt sənə gəlmədi tuş,
Ötdü gün, bitdi ömür, getdi ağıl, qalmadı huş,
Mahlar eşqi səni məst eləmiş, aldatmış,
"Ey Füzuli, vərə əhli rəhi-məscid tutmuş,
Sən rəhi-meykədə tut, uyma bu gümrahlərə".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!