Uşaqlıq şəkillərim... - Mustafa Qıpçağın şeirləri Murad Köhnəqalanın təqdimatında

 

Mustafa uşaqlıqdan rəsm çəkməyə həvəsli olduğundan onu elə orta məktəbdə oxuyan vaxtlardan dərs almaq üçün peşəkar rəssam yanına göndərirdim. Sonralar o, Bakı Texnologiya və İdarəetmə Kollecində təhsil alarkən rəssamlığını daha da təkmilləşdirdi. Mustafa həm də maraqlı şeirlər yazır. Şeir deyəndə ki, hərdən öz hisslərini sapa düzməyə çalışır. Bəzən yazdıqlarını utana-utana mənə göstərir, mən də həmişə ona şeirdən qaçmağı məsləhət görürəm.

Mustafa hazırda əsgərlikdədi. Bu ilin aprelində ongünlük məzuniyyətə gəlmişdi. Mənə əsgərlikdə yazdığı bir neçə şeirini  oxudu. Bu dəfə onun yazdıqlarını çox bəyəndim.

Həm də bu arada yağlı karandaşlarla iki tanınmış şəxsin portretini çəkdi, onlardan biri xalq yazıçısı Anar idi. Mustafa arzuladığı kimi, portreti Anar müəllimə şəxsən özü təqdim elədi və sevdiyi yazıçı ilə tanış olmaq fürsəti qazandı.

Bütün bunlarla bərabər, Mustafa həm də maraqlı karikaturalar müəllifidi. Onun şeirlərini, br neçə karikaturasını və Anar müəllimlə şəklini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm.   

Murad Köhnəqala

Mustafa QIPÇAQ

Uşaqlıq şəkillərim

Atam çəkib deyəsən, bu şəklimi

Anamın əllərində raket kimi uçuram,

Bağıra-bağıra ağlayıram,

qaraküyçü olmuşam.

 

Bu şəkildə

Desant kimi kəndə atıblar məni

Toyuqları qovuram,

armudun dibindəki

                        iti hürdürürəm o istidə...

 

Burda dayımla su gətirirəm bulaqdan.

eşşəyin belindən

xurcun kimi sallanır sankalar,

eşşəyi haylayıram əlimdə çubuq.

 

Burda kürəyimdə məktəbli çantası

Şəklimi çəkənə əl eləyirəm

səliqəli olmuşammış orta məktəbdə.

Ancaq kənd şəkillərimə baxan

səliqəli deməz mənə.

 

Burda aşağıdan yuxarı

əlini cibinə salan

atama baxıram təbəssüm və ümidlə

"playstation" oynamaq üçün

pul istəyirəm, yəqin.

 

Burda sinif yoldaşlarımla

Qol-boyun dayanmışıq.

Köynəyimin uzun qolunu

geriyə çərməmişəm

Sinəmi də irəli vermişəm

özümü kiməsə göstərirəmmiş.

 

Burda da bapbalacayam,

karuseldəki atın belindəyəm.

Sonralar kənddə də

dayımın atını minərdim.

 

Nə isə...

Vaxt olacaq

bu köhnə şəkillərimin üstünə

əsgər şəkillərim də gələcək.

Bir gün də, bir gün də

əsgər şəkillərinə baxan

qoca olacam.

Mən Vətəni qoruyuram

Mən Vətəni qoruyuram

Yaşıl dağları-bağları, 

geniş zəmiləri, üzümlükləri,

budağında quşlar ötən çinarları,

meşələri, zeytunluqları,

dodağında əmzik tutan körpələri,

məktəbə yollanan şən uşaqları,

bığlı kişiləri, gözəl qızları qoruyuram.

 

Torpağımızı,

şəhərlərimizi, kəndlərimizi,

əkinlərdə bərəkəti qoruyuram.

 

Qarlı dağları qoruyuram

Dağlardakı qayaları qoruyuram

Qayalarda ağaran itburnu çiçəyini,

İtburnu kollarının dibindəki

Quzuları qoruyuram

Quzuların yanındakı

Yaşıl quzqulağı qoruyuram.

Quzqulaqların həsrətlə baxdığı

Bulaqları qoruyuram

Bulaqlarda üzüb gedən

Sarı çinar yarpağını qoruyuram.

Yarpaqlara minib üzən

Vətən hörümçəklərini,

Hörümçəklərin qonşusu

Qarışqaları qoruyuram.

Sinif yoldaşlarımı,

kollec dostlarımı qoruyuram.

Rəfaili, Xəqanini,

Sənubəri qoruyuram.

Səni, məni qoruyuram

Mən Vətəni qoruyuram.

Mənim nənəm

Hafizəsini kayb etmiş nənəm -

yaddaşını itirmiş, yəni.

Türk seriallarından yoluxub yoxsa?

Yoluxucudurmu bu xəstəlik də?

 

Əvvəllər belə şeylər olmayıb - deyirlər,

Təzəmi çıxdı bu da?

Olmaya, biz də

Beləcə qocalacağıq -

hafizəsiz, yaddaşsız?

 

İnstinktlə gəzib-addımlayır nənəm

Unudub olub-keçən kədərlərini,

Silinib sevincli günləri.

İndi nənəmin beyni

mamır bağlamış

qədim yaşıl qaya kimidi

Bəlkə də bütün yazıları

"delete" olunmuş

ağ lövhə kimidi hafizəsi.

 

Gəzir bağı-bağçanı

İnstinktlə gülüb-danışır

İnstinktlə yeyir yeməyini

İnstinktlə qucaqlayıb əzizləyir məni.

Bilsə ki, bu qədər

kömək eləyir

instinkt ona

belinə bağladığı şalın arasından

qırmızı bir alma çıxarıb verər

instinktinə

"qadan alım", - deyər instinktə.

 

Bir dəfə məni qucaqlayıb

utana-utana

qulağıma pıçıldadı:

"Bala, suyun yaman şirin gəlir" -

de görüm, kimsən?".

Ağlamaq tutdu məni.

 

Bilsəydim harda salıb

"nerdə kayb eləyib hafizəsini"

tapıb özünə qaytarardım...

 

Yerinə qoya bilsəydik

nənəmin hafizəsini

tanıyardı nənəm məni

üzünün işıqlı qırışlarıyla gülüb:

"bıy, qadan alım, havax gəlmisən?"

- deyərdi mənə...

Nənə, ay nənə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!