Qadın
İstəkdən yoğrulsan da,
İstəklə doğulmadın.
O qədər çox idi arzun
Arzundaca boğuldun!
Yum! Yum gözlərini, qadın!
Sevdin!
Ruhun uzaqda
Cismin doğma yataqda,
Ananın naxış-naxış,
Həvəs-həvəs tikdiyi
Yastığı cırmaqlayan
Dırnaqların şişəmi?
Məhrəminə satdığın
Cismin dözür şişəmi?
Bu dünya çox kiçikdir.
Bir qadın içindəki
Sevgini basdırmağa
Yer acizdi torpaqda,
Torpaq bəyaz bayraqdı!
Sən azad olamadın!
Yum! Yum gözlərini, qadın!
Alisən!
Ulusan!
Anasan!
Dözümün sinən üstə
Dağ olsun kişilərə,
Nə fərqi
O dağın təkindəki
Qaranlıqda inləyən
Saçlarından asılan,
Qara divə qısılan ürək
Alimi?
Ulumu?
Anamı?!.
Təki o dağ dağların
Bağ olsun kişilərə...
Əmsin dünya dərdini,
Dönsün dünya dərdinə!
Qapqara saçlarından
Bir tel ayır...
Dolaşdır bəmbəyaz buxağına...
- Ana!
Yenə...
Bala səsinə çevril,
Bala nəfəsinə səril...
Səril!
Səril!
Təkcə öz ayağına sərilmə!
Ayaqlama cənnəti!
Anama
Bir dəli sevdaya düşmüşəm, ana,
İntihar sevdasına!
Amma
Qıymıram sənin ürəyinin bir parçasına,
Qıymıram sənə!
Bax, ana,
Bircə canımnan başqa
heç nəyim yoxdu.
Onu da borcluyam Sən Tanrıma!
Bilirəm, onsuz da qatiləm!
Mənli arzularının,
İstəklərinin,
Sənə verəmədiyim nəvələrinin "qatili"!
İndi də
balanın qatili olmaqdan qorxuram!
Ana!
Sənin ölümünü gözləyirəm!
Başımdakı bu sevdanın xatirinə!
Bağışla!!!
Yığış gedək
Ay, köksümdə döyünənim,
Mərdim, mərdim, yığış gedək.
Səni, səni sevməyənə
Verdim... verdim, yığış gedək.
Gül açmadı yenə bu yaz,
Ümid düşdü çənə bu yaz...
Qara saçım, səni bəyaz
Hördüm... hördüm, yığış gedək.
Nədən saldın mənə meyil,
Di içimdə söyül, döyül.
Bu dünya bizimki deyil,
Dərdim, dərdim, yığış gedək!
Qəribəm
Duam Allaha yetmir,
Mən bu dində qəribəm.
Bir qərib də içimdə,
Birəm mində,
Qəribəm.
Məni doğan ögeyim,
Göynəmə göyüm-göyüm,
Suçuyam Yerin, Göyün,
Dolan gendə, qəribəm.
A balamın bələyi,
Yer, sənnəndir diləyim,
Aç köksünü gələyim,
Mən bu təndə qəribəm.
Ona deyin
Ona deyin, verdiyi
Dərdi də sevər oldum.
Gözüm hər acısını
Gördü də, sevər oldum.
Ona deyin, əcəl də
Məndən üz çeviribdi.
Təxti olan köksümü
Atəşi deviribdi!
Ona deyin, bahara
Çıxmam!
Çıxmam bu qışla.
Ona deyin can verən,
"Can" deyəni bağışla!
Ona deyin,
Bağışla!
Qızılgül
Ürəyimdə qübar edən dərdimi,
Danışmaram... danışmaram, Qızılgül!..
Həsrətimin giley dolu cığrına,
Qarışmaram... qarışmaram, Qızılgül!
Boylanıram boyun-boyun boynuna,
Hoylanıram bu taleyin oynuna,
Bircə günlük yar olummu qoynuna,
Soruşmaram...
soruşmaram, Qızılgül!
Yaxınında qara dağlar qarlıdı,
Vüsal uman həsrətindən karlıdı,
Desən: könlüm vəfadarlı, yarlıdı,
Barışmaram...
barışmaram, Qızılgül!..
Sevgi nağılı
Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi.
O nağılda biri vardı - o səndin,
O nağılda biri yoxdu - o məndim.
O nağılda sən Günəşdin, mən gecə.
O nağılda sən məndəydin,
Mən təkcə!
O nağılda gözlərin göz işığım,
Səsin İlahi səsi,
Səsin "Azan"ım idi.
O nağılda baxışın ürək dağım,
Sözün Müqəddəs ayə,
Özün alnıma tale,
Qismət yazanım idin.
O nağılda "ağ atlı",
Bəyaz don gözləmirdim,
Qaranlıq gecələrdə
Təklikdən asılsam da,
Göydən düşən üç alma,
Mutlu son gözləmirdim.
O nağılda, bircə sən,
Bircə səni görürdüm!
O nağılda tək səni,
Təkcə səni sevirdim!
Yahu!
Yahu!
Yahu!
Mən ki, səni sevirdim!
Mən ki, səni sevirəm!
Son məktubum
Bu sənə son məktubum,
Qanımın son damlası.
Oxu, gözlərin səpsin
Oduma son damla su.
Sən bir ömür xatirəm,
Sən alnımda yazımdın.
Sən çölümdəki boran,
Sən içimdə yazımdın.
O yaz qönçə barına
Həsrətkən qışa köçdü.
O yaz gözlərimdəcə
Bir qara daşa köçdü.
Verdiyin dərd yerində
Dağ olacaq göy otlar.
Ağrının sinəsində
Soğulacaq göy otlar.
Dərdimi bas bağrına,
Layla de, yuxusu var.
İlahi bir sevginin
İlahi qorxusu var.
Bu qorxu böyüdükcə
Kiçildi ömür şamım.
Son kəz söylə, söylə ki, -
"Ay sinəsi şan-şanım".
Söylə ki, "Sənim, səni
Qorumaq çətin oldu".
Söylə ki, "bu sevgidən
Yarımaq çətin oldu".
Söylə ki, "Sənim, səni
Qurban etdim qorxuma".
Söylə ki, "ruhunla da
Gəl yollarıma baxma!".
Bu sənə son məktubum,
Qanımın son damlası.
Oxu, gözlərin səpsin
Oduma son damla su.
Bilirsənmi
"Səni sevdim qar üstündə
yem axtaran quş kimi"
Ramiz Rövşən
Bilirsənmi, onu necə sevirdim,
Ananın balanı sevdiyi kimi.
Sərçənin qar üstdə dəni sevdiyi,
Arının balını sevdiyi kimi.
Bilirsənmi, o, gizlinim, o sirrim,
O sirri tutmaqdan qala olmuşam.
Elə gözdən düşüb, təklənmişəm ki,
Lalası sovrulan tala olmuşam.
Bilirsənmi, ona necə həsrətəm,
Yad eldə evini özləyən kimi.
Oğulları döyüş aparan gündən,
Gəlinlər yolları gözləyən kimi.
Bilirsənmi, onsuz necə yanıram,
O gecə Xocalım yandığı kimi.
Adını çəkəndə qançır geyinən,
Diş altındakı dilim yandığı kimi.
Bilirsənmi, bağban necə qovrulur,
Gülü bağda suya həsrət qalanda.
Bilirsənmi, insan necə qıvrılır,
Tellərinə yad nəfəsi dolanda.
Bilirsənmi, ondan necə qopmuşam,
O gecə balamdan qopduğum kimi.
Bilirsənmi, ona necə hopmuşam,
Laylam torpaqlara hopduğu kimi.
Bilirsənmi, onu necə sevirdim,
Ananın balanı sevdiyi kimi.
Sərçənin qar üstdə dəni sevdiyi,
Arının balını sevdiyi kimi.
Bilirsənmi, onu necə sevirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!