Kəmaləddin Qədimin şeirləri

ELƏ SƏN VERDİYİN DƏRDDİ BU DƏRD DƏ...

Nədən könül qırmaq, sinə dağlamaq,

Cəza sayılmayır, cinayət olmur?

Xanım, gözlərimə yaxşı-yaxşı bax,

Bizdə əmanətə xəyanət olmur.

 

Mən həmin qərarda, sən həmin şərtdə,

Fərqi yox suç kimin, xəyanət kimin.

Elə sən verdiyin dərddi bu dərd də,

Hələ saxlayıram əmanət kimi...

 

EVİMDƏ YAŞAYA BİLMİRƏM AXI...

Dərd üstdə köklənib könlüm haçandı,

Kefimdə yaşaya bilmirəm axı...

Mənim nəfim elə bir quru candı,

Nəfimdə yaşaya bilmirəm axı...

 

Ha çalış, ha tabla, döz nizamında,

Ha düz ol, qalmaz ki, düz nizamında.

Hələ də, hələ də öz nizamımda,

Səfimdə yaşaya bilmirəm axı...

 

Çox da ki, söz adlı silahımla mən,

Hər gün baş-başayam Allahımla mən.

Yol gedə bilmirəm günahımla mən,

Səhvimdə yaşaya bilmirəm axı...

 

Var yuxu evimiz, röya evimiz,

Lap elə çay, dəniz, dərya evimiz.

Nə olsun bu boyda dünya evimiz,

Evimdə yaşaya bilmirəm axı...

 

ÜRƏYİMİ ÇIXARDIRAM ARADAN

Bundan belə nə istəyim, nə umum,

Bumu canım, ömür bumu, gün bumu?

Gündə yüz yol daşa dəyən arzumu,

Diləyimi çıxardıram aradan.

 

Dərdim vardı, tapılmadı dərmanı,

Daha çətin qəbul ola qurbanım.

Yol üstdədi, köç üstdədi karvanım,

Gərəyimi çıxardıram aradan.

 

Sıcaq-sıcaq azalmaqda sıcaqlar,

Soyuq-soyuq kəsilməkdə qucaqlar.

Veyil-veyil dolaşmaqda bıçaqlar,

Kürəyimi çıxardıram aradan.

 

O yan yoxdu, bəri yoxdu, görürəm,

Biri varsa, biri yoxdu, görürəm.

Nə vaxt, harda yeri yoxdu görürəm,

Ürəyimi çıxardıram aradan...

 

YENƏ DƏ

Yaman çətin oldu sınaq keçən il,

Bilirəm "sual" da çətin "sual"dı.

"Sinifdən-sinifə"keçmədin yenə,

Sən yenə mən adlı "sinifdə" qaldın.

 

Daha nə kədərlən, nə də qəm elə,

Dilə, nə dilərsən dilə, məndə qal.

Mən həmin qaldığın "sinifəm" elə,

Qal, gülüm, bu il də elə məndə qal...

 

ÜRƏYİNDƏN YIXILANI

Azmı gördük vaxtın qəfil

Küləyindən yıxılanı?

Gündə yüz yol arzusundan,

Diləyindən yıxılanı...

 

Haqq yerini bulmur nə iş,

Öz qanına bələnməmiş...

Nə sayasan ələnməmiş

Ələyindən yıxılanı?..

 

Qaç çöl-bayır adamınnan,

Alaq-çayır adamınnan.

Bacar, ayır adamınnan,

Fələyindən yıxılanı...

 

Gəlmir bir gülünən yaz ki,

Tərpənməyən  laxlamaz ki.

Əllər tutub saxlamaz ki,

Ürəyindən  yıxılanı...

 

SÖZƏ GƏTİRDİYİM DAĞLAR

Bir yer idi, yer, ömürlük,

Lap pir idi, pir,ömürlük.

Çəkəcəyim bir ömürlük

Cəza - gətirdiyim dağlar.

 

Sığmaz idi yerə, göyə,

Əyilməzdi xana, bəyə.

Sevə-sevə, öyə-öyə

Gözə gətirdiyim dağlar.

 

Gəlib seçdiyim atəşə,

Yanıb, bişdiyim atəşə.

Özüm düşdüyüm atəşə,

Közə gətirdiyim dağlar.

 

Gəlmir xoşuna, dayanmır,

Yalqız başına dayanmır.

Üzə boşuna dayanmır

Üzə gətirdiyim dağlar.

 

Haqqmı, haqqmı sözdə görən,

Dağ da dağmı sözdə görən?

Qalacaqmı sözdə görən

Sözə gətirdiyim dağlar?..

 

ÖLÜM UNUDUM SƏNİ

Unutmaq necə olur,

Bilim unudum səni.

Unudum, nə deyirəm,

Gülüm, unudum səni.

 

Şəkər qatıb dilinə,

Çevirməynən dəlinə.

Həsrət qalsın əlinə

Əlim, unudum səni.

 

Duyulmasın nəfəsin,

Qulaqlarımda səsin.

Ağzımda titrəməsin

Dilim, unudum səni

 

Bir sevilən bəstəsən,

Söz də sənsən, səs də sən.

İstə, nə vaxt istəsən

Ölüm, unudum səni...

 

MƏNSİZLİYİN ŞEİRİ

Götür, kitablarımı

Ələ götür, vərəqlə.

Bir az özünə, bir az

Mənə xətir vərəqlə.

 

Dönsün fələyin üzü,

Nə darıx, nə də üzül.

Bir gözəl günümüzü

Yada gətir, vərəqlə.

 

Çox qaytartdım gerimi,

Tap ağlayan yerimi;

İslanma, bir şeirimi

Eylə çətir, vərəqlə.

 

Nə torpaqda, daşdayam,

Söz-söz, qoşma-qoşmayam.

Ya sonda, ya başdayam,

Sətir-sətir vərəqlə...

 

SƏN MƏNƏ TUTDUĞUN TOYDA

Bilirsənmi nələr oldu

Gülüm, unutduğun toyda?

Mənim son kəs uduzduğum,

Səninsə udduğun toyda...

 

Topladım baxışlarımı,

Görəydin alqışlarımı...

Dindirib göz yaşlarımı,

Elə qurutduğun toyda...

 

Yeriydi, süzməyin yeri,

Yol da qalmamışdı geri.

Bir az da qol-qanad verib

Dərdi qudurtduğun toyda...

 

İlk kəs o gecə oynadım,

Almadım vecə, oynadım.

Biləydin necə oynadım

Sən mənə tutduğun toyda...

 

ALLAH BİLİR

Öz nurundan yaradıb,

Üzünü Allah bilir.

Necə cızıb qaşını,

Gözünü Allah bilir.

 

Gülmüsən, çiçəkmisən,

Kimə, nəyə çəkmisən?

Hurimi, mələkmisən,

Düzünü Allah bilir.

 

Əsdir, üstündə əsdir,

Sal da dalınca gəzdir.

Çəkilməsə verməzdi,

Nazını Allah bilir.

 

Dürr işi, ləl işisən,

Gör nə gözəl işisən.

Allahın əl işisən,

Yazını Allah bilir.

 

Bilsən də, bilməsən də;

Belə sevilməz bəndə.

Necə gizlədir səndə

Özünü Allah bilir...

 

YERİMİZ OLMAYAN YERDƏ

Yaşamadıq heç dərdimiz,

Sərimiz olmayan yerdə.

Olmadıq birimiz barı

Birimiz olmayan yerdə.

 

Qutluydu il-ildən qutlu,

Sən umudlu, mən umudlu.

Olurmu ölümüz  mutlu

Dirimiz olmayan yerdə?..

 

Doğmayıqmı, yadıqmı, de,

Ya quruca adıqmı, de?

Aşikar olmadıqmı, de

Sirrimiz ola ayan yerdə?

 

Bu da ki, yer, göy işimiz,

Yerlə, göylə döyüşümüz.

Çıxaq gedək, nə işimiz

Yerimiz olmayan yerdə?..

 

SAĞ-SALAMAT GEDƏN KİM

Səndən belə ayrılıb

Dağ, salamat gedən kim?

Boylan, ardınca boylan,

Bax, salamat gedən kim?

 

Bas da bağrına söylə,

Dinsin ağrına, söylə.

Sənin uğruna söylə

Haqq, salamat gedən kim?

 

Dönüb gedir gedənlər,

Sönüb gedir gedənlər.

Ölüb gedir gedənlər,

Sağ-salamat gedən kim?..

 

GƏL DƏRDİMİ TƏZƏLƏ

Gəl, keçibdi gör neçə

İl dərdimi təzələ.

Tap dərdimlə birtəhər

Dil dərdimi təzələ.

 

Gör günümü, gör də gül,

Fələk kəsən şərtə gül.

Gül, çəkdiyim dərdə gül,

Gül, dərdimi təzələ.

 

Haqsızmı, ya, haqdı bil,

Hələ necə sağdı bil.

Korşaldığı vaxtı bil,

Bil, dərdimi təzələ.

 

Nə mənə dost-doğmadı,

Nə yada rast olmadı.

Köhnəldi, dost olmadı,

Gəl dərdimi təzələ...

 

OLMAYACAQ

Olmayacaq tək xeyirdə,

Nəfdə qalan olmayacaq.

Dərd eləmə dərdli canım,

Kefdə qalan olmayacaq.

 

Müsafirik Yer üzündə,

Gecəsində, gündüzündə.

Bu nizamda, bu düzümdə,

Səfdə qalan olmayacaq.

 

Ha uç, dağıl, təzədən qurul,

Bulan, sonra arın, durul.

Nə görsən aşiq ol, vurul,

Sev də, qalan olmayacaq...

 

Bu bəy, bu xan, paşa canın

Görünməyib başacanı.

Qırılacaq şüşə canı

Devdə qalan olmayacaq.

 

Çökəcək birdən tikdiyin,

Sirdən, sehrdən tikdiyin.

Sənin şeirdən tikdiyin

Evdə qalan olmayacaq...

 

NƏ UZAQ İMİŞ...

Daldalar nə yaxınmnış,

Önlər nə uzaq imiş...

Qeybdən gələn səslər,

Ünlər nə uzaq imiş...

 

Bir yol tapıb girsələr,

İman nədi bilsələr...

Bu məscidlər, kilsələr,

Dinlər nə uzaq imiş...

 

Tanrım, nədi bu səflər;

Bu "qaydalar", "tələblər"?

Sən olduğun tərəflər,

Yönlər nə uzaq imiş...

 

Zirvəsi çən istəyən,

Sərçəsi dən istəyən.

Mən uman, mən istəyən

Günlər nə uzaq imiş...

 

ƏLLƏRİN QOYNUNDA QALAR

Ha boş ver, alma eyninə,

Bu dünya eynində qalar.

Boyuna biçilər dərdi,

Geyərsən, əynində qalar.

 

Yoldan daşın ayazımaz,

Gözdən yaşın ayazımaz.

Bir gün başın ayazımaz,

Fələyin oynunda qalar.

 

Nədən dinməz ağrın, sızın,

Düşünərsən uzun-uzun.

Sevib almadığın qızın

Günahı boynunda qalar.

 

Qanunu var yazılmayan,

Ölümü var qaçılmayan.

Allahına açılmayan

Əllərin qoynunda qalar...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!