Sevirdim, həm də ilk dəfə qorxurdum səndən... - NARGİS

Van Qoqun “Sarrow”u daha kədərlidir bəlkə də, amma mən ilk dəfə bütün gülüşlərində dünyanın tullantılarını gördüm!

 

Bu gün gözlərində köhnə adamların Çernobılını gördüm.

Bu gün ilk dəfə köhnə adamlar kimi hönkürdüm.

Əbədi susqunluğa məhkum körpə beşiyindəki oyuncaq kimi barışdım taleyimlə.

Pas bağlamış ümidlərin səs-küylü işartıları kimi qulaqbatırıcı, ağlasığmaz, çarəsiz, həm də cansız idi hər şey.

Bu gün meyit soyuqluğu kimi ürküdücü, Ayın bətni kimi kirli idi dodaqların.

Sevirdim, həm də ilk dəfə qorxurdum səndən.

Qan gölünə dönmüş məsumiyyət çöllərində bir dəstə qırmızı geyimli mələyi qanadsız gördüm.

Bütün qu quşlarını yorğun, qanunları çeynənmiş, göy üzünü hörümçəyin torları ilə torlanmış gördüm.

Bu gün ulduzları, Ayı, hətta o sevdiyin Günəşi, təslim olan gördüm.

İlk dəfə, ilk dəfə bütün cəsarətimi toplayıb gözlərimi iricə açdım, çox-çox iricə həm də.

İlk dəfə reallıqların çılpaqlığından utandım.

Səmumvari zəhlətökən idi bu gün bütün öpüşlərin.

Kəlmələrin ürək ritmimi təngə gətirirdi!

Qum dənəciklərin göz bəbəklərimi aşındırdıqca aşındırırdı.

Ərəb baharındakı bütün çiçəkləri solmuş gördüm.

İlk dəfə bu gün bir gözümlə ağladım gəlmişinə keçmişimə!

Sahillərimi ilk dəfə tərk edilmiş, gəmilərimi kompassız gördüm.

Van Qoqun "Sarrow"u daha kədərlidir bəlkə də, amma mən ilk dəfə bütün gülüşlərində dünyanın tullantılarını gördüm!

Neft qoxan yalanların nikotinvari sırtıqlıqla varlığımı axmaq bir vərdişə sürüklədikcə...

Təsəlli üçün uzanan əllərinə sürtüləndə yanaqlarım...

Bu gün ilk dəfə, Anamı qocalmış gördüm.

 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!