Ağır-ağır axan sular
Gedən bir də gəlməz deyir...
Önündən keçər su yolu
Baxar sahil qamışları...
Bir yanıqlı tütək olub
Ötər yadda qalmışları.
Bozarır üfüqdə qışlar
Ömrü gödək günlər baxır.
Sahildən köçəri quşlar
Dənizdən delfinlər baxır...
Bir yerdə durmaz ki, su bu
Dönəcəyin dönən yeri
Uzaqda axşam qürubu
Həsrətin görünən yeri...
Güzgü tutur bulud günə
Yağış yağır narın-narın.
Bu yağışlar ölümünə
Yağar sarı yarpaqların.
Üfüqdə axşam qürubu
Baxan gözdən yaş istəyir...
Bəlkə qürbətlər, qəribi
Özünə yoldaş istəyir...
Günəş, Ay, ulduz səmada
Bəs nə var pərişan yerdə.
Ayrılıqlar başlamada
Dənizlər qovuşan yerdə...
Boğaz seyrəngaha dönər
Gözləyər bütün qışları;
Sularında güzgülənər
Qürbətin qərib quşları...
Çox olsa ömrü üç aydı,
Qış çəkilər, gələn gedər...
Qəribim, bəxtin olsaydı
O köçəri quşlar qədər...
Bacarsaydın yır-yığışı
Bir köçəri quş olsaydın.
Başa vurub üç ay qışı
Vətənə dönmüş olsaydın...
...Ağır-ağır axan sular
Gedən bir də gəlməz deyir.
O enişlər, bu yoxuşlar
Bu dünya düzəlməz deyir.
Vətənə can atan ümid işığı
Alova ataram son arzuları
Arada əlini ümid isidər.
Dumana bürünər boğaz suları,
Vətənə qovuşmaq təsəllisi də...
Dözə bilirsənsə, döz bu axşama
Dardanel: birləşən qəm dənizləri
Gəlib qürbətlərdə qəlbinə damar,
Bir ömrün vətəndə qalan izləri...
Axşama yerini buraxar səhər
Qaraldan qaraldar üzü ağ ömrü.
Uzanıb bahardan payıza qədər
Yaşıldan sarıya bir yarpaq ömrü.
Kimin gizlinidir sirr içində sirr
Həsrət hörümçəyi sığınar küncə:
Qürbət girdabında güman əriyir
Bir ağlın ucunda ölür düşüncə...
Xəyal həqiqətin dalınca getdi,
Bir daha geriyə dönmədi gedən.
Sənə öz xəyalın xəyanət etdi,
Sədaqət ummağın nəydi özgədən...
Yox, daha əriməz Quzeydə qarlar
Sən gəzən baharlar heç vədə gəlməz
Vətəndə açılıb solan baharlar
Nə illah etsən də qürbətə gəlməz..
Nəfəsi təngiyib köks ötürmədə
Buxarmı həyatın cavan çağları
Göynən əlləşərdi, yer süpürmədə
Ömür bağçasının son yarpaqları..
Nə qədər dişimi dişimə sıxım,
Ağrı buxarlansın can həvəsindən.
Vətənə can atan ümid işığım
İşarar qürbətin pəncərəsindən.
Sən indi kiminçün
gəlirsən, ey yaz?!
Gecənin beşində açan səhərlə,
Günəşə göz qırpan bənövşələrlə.
Bir dünya sevinclə, daha nələrlə,
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Dərəni dolduran bəyaz sislərin,
Gələn sorağımı yeni hisslərin?!
Şehli çəmənlərdə ayaq izlərin,
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Qaynada bilirsən qanımı qaynat,
Oynada bilirsən ruhumu oynat,
Anlada bilirsən mənə də anlat
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Çıxan əldən çıxır, əvəzi gəlmir,
Əvəzi gəlməzin nəfəsi gəlmir,
Nəfəsi gəlməzin həvəsi gəlmir,
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Əkiz qardaş idik bir sürə sən, mən,
Gizli sirdaş idik bir sirrə sən, mən.
Hanı gəlişinə tir-tir əsən mən, -
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Məni də dindirən dillər var idi,
Mənə də açılan güllər var idi
Mənə də gəldiyin illər var idi...
Sən indi kiminçün gəlirsən, ey yaz?!
Seçilmiş adam
Qeybdən gələn səsdi
Gözə görünməzdi
Ümidsizə ümid
Sevgiyə yurd yeri -
Bəyazla siyah arasındakı fərqdi,
İlahi dərkdi
Qumsalda qızıl qum,
Torpaqda damazlıq toxum kimidi
Vaxtın sarı simidi.
Kim seçmiş, niyə seçilmiş
Soruşsan özü də bilməz.
O toxum, ya o qızıl qum
Bilirmi seçildiyini?
Sirr içində bir bilən var,
Kimsə bilməz bildiyini...
Məkanı hicrət -
Çəkdiyi dərviş çiləsi;
Ayrılıq boyuna biçilmiş adam.
Gedib qürbətlərə bəxt aramada
Vətəndə başından keçilmiş adam.
Allahım
Nicə bu fələk salgusı gurbətkə məni,
Hər lahza tügəngüsiz məşakkatka məni,
Nə çarə kılmay, nitəy ki, Tengri güya,
Mihnətni mingə yarattı, mihnətkə məni.
Babur Şah
...Bu axşam da dərdə dönüb
düşdü mənim başıma,
Bu duman da qəfil gələn işdi mənim başıma.
Dənizlərin qasırğası köçdü mənim başıma,
Bu gecəni başa vurmaq zordu mənə, Allahım.
Qismət nədir bilməzikən özü təşrif buyurdu.
Varlığımı bilməmişkən varlığını duyurdu.
Mən kim idim yurd seçəydim,
özü seçdi bu yurdu,
Dar elədi öz seçdiyi yurdu mənə Allahım.
Çıxmaq üçün açıq qoydu qəbir adlı qapını,
Nə veribsə o qədərdi bağlayıb kitabını.
Sorumlusu məniydimmi, dünyanın hesabını
Əzəl-axır sınağında, sordu mənə, Allahım.
Yenə əlac göyə qalmış, baxır lal sükut ordan
Ümidsizə ümid yeri, tuta bilsən tut ordan.
İstədim də çıxammadım tale quran bu tordan,
Yer üzünün nəyi varsa tordu mənə, Allahım.
Fikrim səksən hesabında dayanmışam qapına
Dardaneldən keçib gəldim,
döndüm iynə sapına...
Nikahlandım qürbət adlı cəhənnəm əzabına
Səndən gələn nə zülmət var -
nurdu mənə, Allahım.
Köçəri quşlar
Nə var köç etdiyi yerdən o yana
Niyə ağır olur vətənin daşı.
Qürbət diyarlarda hardan oyanar
Köçəri quşların vətən yaddaşı.
Qara buludların ələnir səsi,
Qar səsi!
Belə səs olurmu qarda?
Alıb dimdiyinə tənha bir səsi
Qar kimi qaynaşır qağayılar da...
Axşam şəfəqində nar dənəsi qar,
Qürbət qürubuna günəş batırdı.
Sulara səpilən köçəri quşlar
Məchul dünyaları xatırladırdı..
Duzlu göz yaşını sıxıb yosunlar
Quşlar uçub gedib boş qalıb dəniz.
Yoxsa yerli-dibli yoxuymuş onlar
Nə sularda sis var, nə göylərdə iz.
Vətən ola-ola qürbətmi yerin,
Qürbət vətən olsa, yazı da qış san.
Ay zalım, bəxtindən yoxmu xəbərin
Elə sən özün də köçəri quşsan...
Gah qara bürünür, gah da ki, ağa,
Ürək dərd evidir, zirvə qar yeri.
Quş məkan arıyar köçüb qonmağa
Ruh güzar yeri...
Bahara yerini buraxdı qışlar
Uç aylıq yuxudan oyanır yatan.
Çoxdan ötüb-gedib köçəri quşlar
Ardınca ruhum da uçub dünyadan...
Mardin
Tarixlə yaşıd şəhər
Bir adda iki Mardin,
Yeni Mardin, əski Mardin.
Yuxarısı tarix qalası
Buludlarla yarışanı
Aşağısı dağ ətəyi...
Evləri arı pətəyi,
Sokakları arı şanı...
Bir yanı dərənin dibində
Buluda toxunur o biri yanı.
Camiləri Ağqoyunlu yadigarı
Kilsələri Süryani.
Zaman ətrafında dönər;
Evlər göylərə ucalan nərdivandı:
Gündüzləri adamlar çıxar,
Axşamları mələklər enər.
Bu enən nərdivanlar,
Bu ucalan pillələr
Tarixin yaşamağa
Məskən seçdiyi şəhər...
Keçmiş - gələcəyin qəribi
Gələcək - keçmişin qürbəti.
Gəzsən bircə sokağı var -
Tarixin baş sokağı
Günəşi qamaşdırar
Qızılının qırmızısı,
Gümüşünün ağı...
Mardin, Mardin
Nə ömürlü zəvvarsan,
Yolun əvvəlində sən vardın
Yolun sonunda da sən varsan.
Ot toxumları...
Ömrün tükəndi deyə qəm yemə
Elə belə bəsit deyil bu işlər.
Keçmişsən, gələcəksən?
Hardan gəldiyini bilmirsənsə,
Hara gedəcəyini hardan biləcəksən, -
Bir əzəl, axır var, bir əzəl, axır
Gəldiyi yeri bilirmi su,
Getdiyi yeri bilməsə yenə də axır.
Darıxma,
dərd əlində karıxma;
Özbaşına deyil bu işlər,
Bu gəliş, bu gedişlər...
yoluna yenə çıxacaq ağatlı oğlanlar,
baba dərvişlər
az belə dərd çək.
yenə yaz getdiyi yerdən
bir gün geri gələcək.
Bəs nəyin nəsidir payız şumları,
Boşuna torpağa qarışmır ki
Ot toxumları...
Amma ki, qürbətin
yazı açılmaz
Nijni Novqorodun martında
Volqa hələ də buz altındaydı.
Volqa buz altında görünmür gözə
Qışdan güc yığmada gələn yaz üçün.
Yol gedər gecəni qatıb gündüzə
Bir yol ki özündən özünə sürgün...
Qapını döymədə bahar ayları,
Üfüqdə günəşin açdığı çətir
Cənuba can atır şimal çayları
Yoxsa doğrudanmı ümid şərqdədir?!
Dilinin qabarı nədən sualı
Boşuna yanmada papağı gündə.
O da buz altında Volqa misalı
İtibdi qürbətin qış örtüyündə...
Gözünün önündə unutqan vətən
Hava da hava yox, sükut gölüdür!
Yoxsa vadi boyu uzanıb gədən
Volqa yox, Rusiyanın qarlı çölüdür.
Xəzərdə yox olar son anda Volqa,
Nədən qaçılsa da bəxtdən qaçılmaz!
Yaza arxayınmış donanda Volqa
Amma ki, qürbətin yazı açılmaz.
Yasaq sevgilərin yasaq izləri
Güllər gedənlərin arxasınca heyrətlə baxır, şiddətlə ələnən qar çovğunları abidənin yanından uzaqlaşmaqda olan dörd ayaq izini itirməyə çalışırdı... Yasaq sevgilərin
yasaq izləri!..
...O qarlı diyarda, o uzaq eldə
Fürsət arayırdı sevən könüllər.
Üşüyə-üşüyə titrək bir əldə
Yasaq görüşlərə gedirdi güllər...
Elə bir açılan varmı solmaya
Solmağa gedirdi satılan güllər.
Yasaq sevgilərə haqqı olmayan
Evlərə çatmamış atılan güllər...
Arzu güllərinə qönçədir vətən
Könül sevgiləri güldə var olar.
Güllərə qoşulub könüldü gedən, -
Qadın kilidinə gül, açar olar.
Küləklər bilərmi gülün iyini,
Buludun sirrini yağan qar bilər.
Buz üstə güllərin nə çəkdiyini
Əllər bilməsə də, şaxtalar bilər.
Bəs indi neyləsin taleyi təklər
Tufana tuş gələn üç gül - üç könül:
Bir nəğmə deyirdi göydə mələklər:
"Ağ gül, qırmızı gül, bir də sarı gül...".
...Gözü gül görməz ki, buzlu yolların
Gülün güləcəyi çəmən, çayırdı
Gülləri qar üstə donan kolların
Kökləri yer altda sızıldayırdı.
Ah, bu tənha qumru səsləri
Yaxşı ki,
bir-birinə qovuşmayan
iki ayrı sahili var
bir boğazın...
Yoxsa bağrın çatlayardı
Hər gün vətən həsrətindən.
(Vətən - qürbət alın yazın...)
Çölün düşmənlərini,
İçin özünü yandırır.
Dost yox, daha çox düşmən qazandırır
Qürbət uğurları...
Ah bu tənha qumru səsləri,
Ah bu çəkilməz qürbət axşamları,
vətən ağrıları...
Yerin görünür
Mərmərənin dalğaları sahilə vurar,
Qarıldaşan qağayılar salama durar.
Qışmı düşən qismətinə yaz dura-dura
Göyün qara buludları yerdə sürünür,-
Yerin görünür...
Demirçoğlu caddəsində öğrətmən evi
Bilsən, kimin arxasınca qaçıbdı keyfi?!
Bu ayrılıq güzarında kim kimi sevir
Yoxsa elə bu sevgilər xəyal ürünü,-
Yerin görünür...
Yollar zeytun bağçaları, alma bağları
Adın ilə açılmada gül dodaqları...
Yoxsa vida dağlarımı İda dağları,
Məni belə tanha görüb sisə bürünür,
Yerin görünür...
İki sahil, həsrət çəkən sınıq tərəzi,
Ayrılığa körpü salır dəniz bərəsi,
Yetim qalan xatirələr həzindən həzin,
Hara baxsam, açılmayan sirrin görünür,
Yerin görünür...
Ömür oxunmamış tale əsəri
Özün də bilmədən axı neylədin
Bir gözəgörünməz axın eylədin...
Qürbəti qürbətə yaxın eylədin
Gözünü yollara dikərək qadın.
Adı bilinməzdin, yad qızı yaddın
Bəxtimi oyadıb savaba batdın.
Sonra da hicrətin oduna atdın
Yaxanı kənara çəkərək, qadın.
Axtarsan Adəmdən, Həvvadan bəri
Ömür oxunmamış tale əsəri.
Dağın yağan qardan yoxmu xəbəri
Uzaqdan təsəlli nə gərək, qadın?
Başından sis qalxan dağlar, arınır
Buxara döndərir gün, ahlarını
Yu, yuya bilirsən günahlarını
Gözünün yaşını tökərək qadın?!
Ömür deyilənin son ucu bumu,
Könül yarasını göz yaşı yumur...
Yenidən diriltmək ölən ruhumu
Yenə sənə qalmış mübarək, qadın.
Aşağıdan bir çay axa
Aşağıdan bir çay axa
Yuxarıdan baxasan
Fikrin qala sularında
Arxasınca axasan.
Kamını kimdən almışdın
Nə artıb, nə azalmışdın
Buxar olub ucalmışdın
Yağış olub yağasan...
Sən özün elə sirdin ki,
Sirri dünyayla birdin ki,
Qara günlər keçirdin ki
Bürünəsən ağa sən?!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!