Məhəbbət nə böyükmüş... - Zeynal VƏFA - şeirlər

 

Məhəbbət nə böyükmüş

Yar mənə yarım dedi,

Demək tam deyilmişik,

Əsəbimiz tarımmış.

Mən onun  yarısıydım,

Osa mənim yarımmış.

 

O dünən "yox" deyirdi.

Bu günsə ürəyindən

Qopan bircə "hə" səsi,

Bütün hicran yolların,

Kəsəsiymiş, kəsəsi.

 

Bu nə sevgidir, Allah?

Çirkab axımlı sular,

Gör necə də durulmuş.

Bu, o köhnə dünyadı,

Ya təzədən qurulmuş?

 

Bu cür sehrli sevgi,

Deyin harda tapılar?

Açarsız açılırdı

O gün bağlı qapılar.

 

Ən uzaq yadlar belə

Sandım mənə tanışdı.

Elə bildim ki, o gün,

Karlar belə eşitdi,

Lallar belə danışdı.

 

Ocaq tüstülərini

Çəkdim ciyərlərimə,

O, tüstü yox, ətirmiş.

Mənə elə gəldi ki,

Quru ağaclar belə,

Bu sabah bar gətirmiş.

 

Sərhəd üzü görmədim,

Minsəm də xəyalımın

Quş qanadlı atına.

Yoxsa gömülmüşdülər,

Yerin yeddi qatına?

 

Sandım hicran sovuşmuş,

Parçalanmış ölkələr

Qoşa qəlbimiz kimi,

Bir-birinə qovuşmuş.

Baxdım gözü döyükmüş,

Məhəbbət nə böyükmüş.

 

Mənə elə gəldi ki,

Silahlar buxarlanıb,

Toztək qalxıb havaya.

Daha meydan qalmayıb,

 

Qan-qadalı davaya.

Bu bəlkə xoş xəyaldı?

Beləmi gəldi mənə,

Yoxsa ki, boş xəyaldı?

 

Necə oldu bir eşqə

Bir dünya toplum uydu?

Bütün dillər, ləhcələr,

Bir lüğət toplumuydu.

 

Öz köhnəlmiş içimi,

O gün təzədən hördüm.

Yüz  bayraqlı dünyanı,

Bir bayraq altda gördüm.

 

Bu bizim toyumuzdu,

Yoxsa dünyanın toyu?

Xalqlar yallı gedirdi,

Meridianlar boyu.

 

Ərzi Tanrı yaradan

İlkin  biçimdə gördüm.

İki əsr öncəki

Vahid vətənimi də,

O gün icimdə gördüm.

 

Bu ağsaqqal dünyaya

Baxdım gözü döyükmüş,

Məhəbbət nə böyükmüş.

 

Ömrüm sənə əmanətdir

Az qalıb gün batımıma,

Yol ver sənə çatımıma,

Sənsizliyin dərd yükünü,

Sənsizliyə atımıma.

 

Sən açmayan bir süfrədən

Bircə loxma yeyərmiyəm?

Yeməzəm!

Sənsiz doğan sabahlara,

Mən "Gün aydın" deyərmiyəm?

Deməzəm!

        

Sənin qapın önündəndir,

Nəfəsimin əsim yolu.

Söylə, səni hansı qatar

Aparacaq, kəsim yolu.

 

Öz yarına sarı məni,

Görməsinlər yarı məni.

Hamı məni tərk etsə də,

Sən tərk etmə, barı məni

Gözəlim.

 

Hər qapını açıq gördüm,

Əyri olma düzümə, yar.

Təkcə sənin könül qapın,

Bağlı qalıb üzümə, yar.

Açarmısan?

 

Kaş qovuşaq, sənsiz qalmış,

Acılığım şəkər ola.

Arı ömrüm şirəsini,

Gül dilindən çəkər ola

Ola kaş.

 

İstərəm ki, aramızda,

Əbədilik sevim olsun.

Bəsdir qaldım kirayədə,

Ver qəlbini, evim olsun.

 

Əgər eşqim yalan olsa

Öz dilindən soy adımı.

Yalvarıram, gəl əbədi,

Qəbul eylə soyadımı.

 

Tükənməyən eşqim sənə,

Tanrımızdan zəmanətdir.

Varım-yoxum bir ömürdür,

O da sənə əmanətdir.

Aç, qapama telefonu

Aramızda Araz oldu

Bircə acı sözüm mənim.

Küsüb getdin... sənsizlikdə,

Özümsüzəm özüm mənim.

 

Ürəyimi dörd divarın

Arasına xapamısan.

Ümid qalıb telefona,

Sən onu da qapamısan.

 

Dumandayam, çəndəyəm mən,

Arxasız bir bəndəyəm mən.

Qurban olum, ləngimə sən,

Bir cavab ver zəngimə sən.

 

Qarğışlarla daşla məni,

Hər sözünə dözərəm mən.

Ancaq qoyma sənsizliyin

Ocağında közərəm mən.

 

Divarları buz bağlamış

Mağaradır evim sənsiz.

Dünya cənnət olsa belə,

Onu necə sevim sənsiz.

 

Hicran adlı orağımla

Öz-özümü biçindəyəm.

Aç, qapama telefonu,

Telefonun içindəyəm.

 

Kor olmuşam, sanki bir cüt

Gözümü də aparmısan.

Sənsizliyə dözəmmirəm,

Elə bil ki, içimdəki

Dözümü də aparmısan.

Öz-özümü tapammıram,

Elə bil ki, bütövlükdə

Özümü də aparmısan

Özünlə sən,

Qayıt, qayıt.

 

Alovlanır köz içimdə,

Bir məhbusam öz içimdə.

De, nə vaxtsa sənin qəlbin

Mərhəmətlə dolacaqmı?

Bu məhbəsdən qurtulmağa

Əfv fərmanın olacaqmı?                        

***

İç dünyam dastan deyil

Adi gözlə oxuna.

Niyə qəribə gəlir,

Qısqanclığım çoxuna.

Mehin nə həddi vardır,

Yanağına toxuna,

Dodaqlarım var ikən.

 

Mən ki, səndə tapmışam,

Hər dərdimin çarasın.

Gəl qoparma qəlbimin

Qaysaqlanmış yarasın.

Axı niyə telini

Yad  küləklər darasın,

Barmaqlarım var ikən.

 

Sevmək olmaz, əzizim,

Hər ötəri naşını.

Qəlb arxıma axıtma

Gözlərimin yaşını.

Yalvarıram, qoyma sən

Yad balınca başını,

Bir cüt dizim var ikən.

 

Bir ömür bağışlaram,

Bir cüt qara gözünə.

Söz vermisən, sən Allah,

Xilaf çıxma sözünə.

Heç vaxt özgə ürəkdə,

Mənzil qurma özünə,

Qəlb sarayım boş ikən.

Ömür yoldaşıma elegiya

Axı hardan haqladı

Səni bu namərd azar?

Yorğanın torpaq oldu,

Çarpayın soyuq məzar.

 

Sənsiz necə qurudum,

Bir cüt gözümün yaşın?

Quş olsam, qonum yerim,

Olacaq məzar daşın.

 

Rüzgarı da telinə

Toxunmağa qoymadım.

Əlli beş il yaşadıq,

Yenə səndən doymadım.

 

İçim od tutub yanır,

Nədən yoxsan, nədən yox?

Paltarların boş qalıb,

İçindəki bədən yox.

 

Bacarmadım canımdan,

Mən canına can sızam.

Dörd divar arasında

Mən beşinci cansızam.

 

Yaşayacağam deyib,

Söz vermişdin mənə sən.

Dörd nəvəndən birinin,

Toyun görə bilmədin,

Sən nə bədbəxt nənəsən.

 

Sənsizliyə dözməyə,

Məndə qalmayıb səbir.

Yanında yol gözləyir,

Qazılmamış bir qəbir.

 

Daha dözə bilmirəm,

Ömrün son anındayam.

Səni tənha qoymaram,

Tezliklə yanındayam.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!