Hər gün ümidimdən durnalar köçür
Sənin dərgahına açılıb əlim,
İlahi, sınağa çəkmə əlimi.
Yazmaqdan savayı günahı yoxdur
Bu çörək əlimin, əkmək əlimin.
Bir kəsin yolunda tələ olmayıb
Rüşvətdən, qurğudan salamat əlim.
Ağa tanımayıb, kölə olmayıb
Pirə, peyğəmbərə salavat əlim.
Tale yoxuşudu heyimi kəsən,
Elə dırmanıram, vaxt qapısı yox.
Baxıram, hər yerdə qapılar - açıq,
Sənin dərgahının haqq qapısı yox.
Nə qədər dırmanım, dözüm nə qədər,
Tövşüyür ümidim yol qanadında.
Xeyirxah mələyim çırpına qalıb
Sənin göylərinin qol-qanadında.
Gedir boşluqların səma yarışı,
Mənim o yarışa gümanım yetmir.
Hər gün ümidimdən durnalar köçür,
Hər gün ümidlərim ünvana yetmir.
Bizim nəsil
1950-60-ci illərin məktəblilərinə
Yollar - ayaqyalın, yollar - qaçaraq,
Lalə çıraqlıydı dərə-düz onda.
Elə sırğa idik söz qulağında,
Bir ərgən bəlaydıq hərəmiz onda.
Məktəbdi, kolxozdu, evdi işimiz,
Görüb-götürməyin dar məqamıydı.
Daşdan qoparırdıq diləyimizi,
Daşdan bir qəlpə də ərməğan idi.
Ana dili, tarix, xarici dildə
Nəğmə dərslərinin nəğməsi idik.
Kimya, coğrafiya, ədəbiyyatla
Gah riyaziyyat idik, gah rəsm idik.
Dünya hər tərəfdən axırdı bizə,
Bilik zəmisində - biçində idik.
Yaşlılar ümidlə baxırdı bizə,
Qayğının, diqqətin içində idik.
Nə olsun, yox idi sosial şəbəkə,
Nə olsun, yox idi təmtəraq onda.
Biliklə ləbələb başımız bizə
Həm yasaq olmuşdu, həm yaraq onda.
Əngəldən-əngələ düşüb də çıxdıq,
Xalı ömrümüzə hana düzəltdik.
Yeridik, yürüdük, yıxıldıq, qalxdıq,
Qala həvəsliydik, koma düzəltdik...
Yada üz tutmadıq var həvəsilə,
Aza da, çoxa da gözü tox olduq.
Bağlandıq məsləkə, elə, obaya,
Düşmənə nifrətdə səbri çox olduq.
İçimiz, çölümüz atmadı bizi,
Necə var idiksə, eləcə varıq.
Vətənə, torpağa, yurda, yuvaya,
Dosta bağlılıqda ölüncə varıq.
...Yollar - ayaqyalın, yollar - qaçaraq,
Lalə çıraqlıydı, dərə-düz onda.
Elə sırğa idik söz qulağında,
Bir ərgən bəlaydıq hərəmiz onda.
Nə olur-olsun, yəqin
Yaza çıxaram, axır.
Olanlar bol olsa da,
Aza çıxaram, axır.
Baltalayıb dibindən,
Yıxılaram dəbindən.
Hər cür köhnə cibindən
Təzə çıxaram, axır.
Əyri gedər, düz gələr,
Qəlb açılar, söz gülər.
Məni duyar özgələr,
Gözə çıxaram, axır.
Ocağın
Yanıb qurtarıb zamanı,
Qalıb tüstüsü ocağın.
Kimə köçüb, kimə çöküb
Bilmir istisi ocağın.
Kimə isə ömür verib,
"Yaşa" deyib, - əmr verib.
Qaralıb da, kömür verib,
Yoxmuş itkisi ocağın.
Kimə tanış ünvan olub,
Kimə qızınan can olub.
Düz dünyaya həyan olub
Qızılı, misi ocağın.
Daha bu gözəl dünyaya
"Gözəl" deyənlər azalıb.
Ceyranına, cüyürünə
Qəzəl deyənlər azalıb.
Yandırıb-yaxmır öləni,
Qul satılır, şah dilənir.
Nağıl-nağıl ilmələnir,
Məsəl deyənlər azalıb.
Təzələnir nəyi varsa,
Hər gün təzə geyir, varsa.
Susur, təzə deyim varsa, -
Təzə deyənlər azalıb.
Axı
Nə yaman durmusan canın qəsdinə,
Dönəmin, saatın, anın qəsdinə.
Yurdunda tökülən qanın qəsdinə
Durnalar az deyil, bilirsən axı.
Elə sarsılırsan, canında qorxu,
Dönür bir vəhşiyə yanında qorxu.
Ürəyin yerinə yananda qorxu
İçində ölürsən, dirisən axı.
Bax, bizim tərəfdən gün çıxır yenə,
Gördüyün yuxular çin çıxır yenə.
Sehrli çıraqdan cin çıxır yenə,
Sən də söz sehrinin pirisən, axı.
Ömrün sazağında üşüsən, nə qəm?! -
Haqqın bayraqdarı kişisən, nə qəm?!
Onundan irəli düşmüsən, nə qəm?!
Yenə də beşindən gerisən, axı.
***
Başım yamanca qarışdı,
Öz-özümdən qaçdım elə.
Bir fikrin sirrin açınca
Min birinə daşdım elə.
Dərd mənlə şahmat oynadı,
Fil diz çökdü, at oynadı.
Canımda bir çat oynadı,
Sağa-sola çaşdım elə.
Mən adda hədəfə döndüm,
İnciyə, sədəfə döndüm.
Düyünə, kələfə döndüm,
Özümə dolaşdım elə.
***
Çəkildi bu suların,
Üzündən göy təbəssüm.
Dəniz səni sevirmiş,
Qoy dənizə tələsim.
Sərilim qanad-qanad
Göy suların səthinə.
Sular məni oxşasın
Elə sənin xətrinə.
Əllərini ver mənə,
Saçlarım şanə gəzir.
Səni oxşamaq üçün
Sular bəhanə gəzir.
Yalan gün
Gözünə kül üfürdüyüm dərdlərin
Biri məndən üz döndərib getmədi.
Elə məni bildi, Allah, həmdəmi,
Aşıb məntək bir səngəri, getmədi.
Heç-puç oldu əməllərim əlində,
Yaşa doldu taleyimin sərt üzü.
Yazıqlaşdı qələm mənim əlimdə,
Əzablardan yaxa cırdı dərd özü.
Vaxt əlində saxta gördüm ömrümü,
Mən üzümü dünənimə çevirdim.
Ayaqlayıb keçdim səbri, dözümü,
Öz-özümün düşməninə çevrildim.
Atdı, tutdu... döydü məni dər-divar,
Ha çırpındım, dərdə qalan kim idi?!
Cırıb atdım, kağız-kuğuz... hər nə var...
Düz demədim...
O gün yalan gün idi.
Gözüm yolunda qalan
Uğurlar mənə qaçır.
İstəyirəm, yol azam,
Cığırlar mənə qaçır.
İtirmişəm başımı,
Yer-göy mənə daşınır.
Soruşmayın yaşımı, -
Çuxurlar mənə qaçır.
Səsim uzaqdan gəlir,
Nəfəsim haqdan gəlir.
Qismətim yoxdan gəlir, -
"Şükür"lər mənə qaçır.
***
Yaddaşımın ürəyində
Ölənlərim diri qalıb.
Çağırılmamış qonaqların
Tutulmamış yeri qalıb.
Qalıb gedənim, gələnim,
Dərd verənim, dərd bölənim.
Məni öldürüb ölənin
Elə ondan biri qalıb.
Kim baxtından dəli düşüb,
Kimə vaxtın əli düşüb.
Qalıb, kim irəli düşüb,
Ya kim kimdən geri qalıb.
Daha lap ağ edirlər,
Dərdi bayraq edirlər.
Elə lağlağ edirlər,
Söz qulağı çəkilmir.
Yoxdu sözə mız qoyan,
Bir günaha üz qoyan.
Hər yaraya duz qoyan
Günahından çəkinmir.
Kim ki söz-söz sökülür,
Sözə heykəl tökülür.
Şeir şeirin şəkili
Olarsa, söz yetimdir.
***
Evdə çürüyər adam,
Nə yaxşı iş günü var.
Bu beşgünlük dünyanın
İşıqlı üç günü var.
Unutmur bir kəsini, -
Dost, ya düşmən kəsilir.
Hər yerdə tikəsinin
Qaçqını, köçkünü var.
Fitnəsindən üz görən,
Əməli od püskürən,
Barışdıran, küsdürən
Aqili, düşkünü var.
***
Əli ətəyindən uzun
Gəncliyimiz atdı bizi.
Çıxarıb qul bazarına,
Heçə-puça satdı bizi.
On apardıq, beş gətirdik,
Ümidləri boş gətirdik.
Hərəmiz bir iş götürdük,
Başımızı qatdı bizim.
Vaxt uyumur, ayıq olur,
Gah isti, gah soyuq olur.
Gecə, gündüz sayıq olur,
Öz ömrümüz yatdı bizim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!