Ayrıla bilmirik, bu bizlik deyil - Anna Axmatovanın sevgi şeirləri Nəriman Qasımoğlunun tərcüməsində...

 

Rus poeziyasının “gümüş dövrü” mərhələsinin şairləri içində Anna Axmatovanın xüsusi yeri var. İndinin özündə də Rusiyada şeirsevərlərin tez-tez müraciət etdiyi klassiklərdəndir. Sosial şəbəkədə fərqli qruplar tərəfindən onun adına səhifələr açılır, şeirlərini sevə-sevə yayırlar. Diqqətimi çəkən məqam odur ki, ən çox paylaşılanlar, təkrar-təkrar istinad verilənlər Axmatovanın sevgi şeirləridir. Milyonlarla rus oxucusunun əzbər bildiyi şeirlər. Məhz bunları seçib dilimizə çevirdim. Tərcümələrdə Annanın ruhuna ehtiramla orijinaldakıların poetik məziyyətlərinə imkanım daixilində hər baxımdan sadiq qalmağa çalışdım... Nəriman Qasımoğlu

İki şeir

1. “İsinib hər iki üzü balışın...”

İsinib hər iki üzü balışın
Bu da ikinci şam, əriyib sönür.
Qarğa qarıltısı çöldən qarışır,
Otaqda sükuta dolur, gömülür.
Yata bilməmişəm bütün gecəni,
Gec olar yuxuya dalım bu dəmdə...
Necə də bəyazdır ağ pəncərənin
Üstünə zərifcə çəkilən pərdə.
Salam!

2. “Yenə əzəlkidir, baxışın, səsin”

Yenə əzəlkidir baxışın, səsin,
Yenə əzəlkidir kətan saçların.
Bir il əvvəlkisən, həminsən, həmin.
Keçir gün şüası şüşədən, qalır
Əhəngli divarda əlvan izləri...
Tər zanbaq qoxusu dolur otağa,
Bir də ki, sadədən sadə sözlərin.

Son görüş nəğməsi

Necə də üşütmə tutmuşdu, fəqət 
Çəkib aparırdı ayağım məni,
Özümdə deyildim, çaşqındım əlbət,
Sağ ələ geymişdim sol əlcəyimi.

Çoxaldı gözümdə pilləkan sayı,
Yaxşıca bilsəm də üçcə pillədir.
Qəfil pıcıldadı bir ağcaqayın:
“Payızdır, bir yerdə ölək, taledir,

Aldandım rüzgara, bax, əzib məni
Ömrüm puça getmiş bu yelbeyinlə.” 
Söylədim: “Əzizim, əzizim mənim,
Mən də sənin kimi. Ölləm səninlə”.

Son görüş nəğməsi, bu da ayrılıq.
Gözüm bir qaranlıq evə zillənir.
Yataq otağına laqeyd sarılıq
Salmışdı şamların titrək dilləri.


Oh, o gün dünyanın sərin dəmiydi...

Oh, o gün dünyanın sərin dəmiydi,
Pyotrun şəhərində göz qamaşırdı.
Qürub al-qırmızı ocaq kimiydi,
Kölgələr ahəstə qalınlaşırdı...

Baxmır gözlərimə, bir xeyir-dua 
əksilir payına düşən nurumdan.
Qoy olsun, ömrüncə bir şeir-dua
alacaq kibirli dodaqlarımdan.

 

Yaxşı bilirəm ki, mükafatımsan...

Yaxşı bilirəm ki, mükafatımsan,
Dözmüşəm illərin sərt cəfasına.
Əcrimsən, göylərdən mənə çatmısan,
Bir əvəz olaraq Yer səfasına.

Çünki söyləmədim öz sevdiyimə
“sevirəm” sözünü mən bilə-bilə.
Hamıya halallıq vermişəm deyə
mələyim olarsan sən indən belə.

Sıxdım əllərimi qara tül altda...

Sıxdım əllərimi qara tül altda...
“Rəngin niyə qaçıb, nə olub sənə?”
- Tünd kədər camını xoş bir saatda
Içirtdim, içdiyi vurdu beyninə.

Çıxdı, səntirlədi, getdi səmirsiz,
Üzündə-gözündə əzab, həyəcan.
Enib pillələrdən sürahilərsiz
Yüyürdüm təngnəfəs darvazayacan.

“Dediyim nə varsa, bil, zarafatdı,
Getsən ölərəm mən” – qışqırdım bərkdən.
Qorxunc təbəssümlə bircə söz atdı
Mənə sakit-sakit: “Durma küləkdə”

 

Qarsırdı işığı, istilənirdim...

Qarsırdı işığı, istilənirdim,
Duydum baxışından şüalanıram.
Diksinib fikrimdən tüstülənirdim –
Tək onun vəslində olaram aram.


Əyildi... hə, nəsə indi deyəcək...
Meyittək ağardım, dondu həsrətim.
Ömrümün üstündə məzar daşıtək
Qoy yatıb uzansın bu məhəbbətim.


Hə, məni sevmirsən? Nolar, baxsana.
Necə də gözəlsən, lənətə gəlmiş.
Tabım yox göylərə qalxım cövlana,
Cocuqkən çaldığım qanad əzilmiş.


Gözlərim dumanlı, görmür heç nəyi
Qarışıb hər nə var biri-birinə…
Qırmızı zanbaqdır, yalnızca dəyir
Gözümə, taxılıb düymə yerinə.

Gəlib yaxınlaşdı nəhayət səssiz.
Sadə ədəb vardı bu əməlində.
Bir az nəvazişlə, bir az həvəssiz
Əyilib önümdə öpdü əlimdən –
Tuşlandı üzümə səmt ikonalar,
Sehirli gözləri müqəddəslərin...

Yuxusuz gecələr, naləli anlar,
Bir də ki, on illik sükut səsləri  
Sığışdı sakitcə bir söz içinə.
Nahaqdan söylədim, bu sözü, heyhat.
Getdin, aralandın, qəlbimə yenə
Doldu o əzəlki boş, aydın həyat.

Çox baxdın, üzüldüm…

Çox baxdın, üzüldüm, bax üzülməyim
Mənə öyrədibmiş əzab verməyi.
Fəqət qabırğandan düzəldilməyim
Qoyarmı heç səni "sevmirəm" deyim.

Mən sənin şad-xürrəm bacın olmalı,
Belədir vəsiyyət əzəl taledən.
Pozdum vəsiyyəti, sən kam almalı
ən şirin, işvəkar, həris köləndən.

Elə ki, ram oldum donub qalıram
Qardan bəyaz sinən üstə leş kimi,
Ağıllı ürəyin necə də bayram
Eləyir yurdumda şən günəş kimi.

 

Ayrıla bilmirik, bu bizlik deyil...

Ayrıla bilmirik, bu bizlik deyil,
Gəzirik yollarda çiyin-çiyinə.
Artıq toran düşür, günəş əyilir,
Sən öz aləmində, mənsə lal yenə.

Giririk kilsəyə...nigah, xaç suyu,
Rəhmət oxuyurlar bir də ölüyə.
Çıxırıq... qəlbimi cavabsız qoyur
Bir sual, bizimki alınmır niyə?

Ya da məzarlığa çökmüş qar üstə
Əyləşib dəririk nəfəsimizi.
Əbədi cütlükdə yaşatmaq istər
Çubuqla cızdığın otaqlar bizi.

 

Yeni il balladası…

Ay da darıxaraq toran qarışıq
sönük baxışıyla süzür otağı.
Burda masa üstə altı qab-qaşıq,
yalnız bircəsinin boşdur qabağı.

Mən, ərim, dostlarım  bayramdan yana
Birgəyik bu axşam, ilin axırı...
Nədən barmaqlarım san batmış qana
zəqqumtək içirəm bu al çaxırı.

Ciddi bir tövr ilən durub farağat
ev yiyəsi qaldırır ilk badəni:
“Bu torpaq eşqinə içək, həzərat,
uyudur qoynunda bizdən gedəni”.

Dostumsa nə bilim anıb nələri
zillənir üzümə, ucalır səsi:
“mənsə şairənin nəğmələrinin
eşqinə içirəm, yaşadır bizi”.

Üçüncü natiqsə... dirilir sanki,
getmişdi dünyadan bixəbər qəfil,
dedikcə oxuyur məni elə bil:
“içək sağlığına o insanın ki,
hələ aramızda, bizimlə deyil”.

Nadirən olur ki, anıram səni…

Nadirən olur ki, anıram səni,
Məni füsunlamır taleyin əlbət.
Yenə o ötəri görüş izini
Silə də bilmirəm qəlbimdən fəqət.

Al-əlvan evindən yan ötüb qəsdən
Gəzirəm bulanıq çay qırağını.
Bilirəm bir acı yeltək üstünə
Əsirəm üşüdüb rahatlığını.

Olsun, sən deyildin eşq həşirində
Dodaqlarım üstə əyilib qalan.
O qızıl xislətli şeirlərimdə
Ağrımı-acımı ölümsüz qılan –
Fal açdım, gözümdə mavi görünüş
Hopduqca axşamın şəfəqlərinə,
Damır ürəyimə növbəti görüş,
Səninlə qaçılmaz bir görüş yenə.

 

Sən də elə bildin öz aləmində...

Sən də elə bildin öz aləmində
məni unutmağın gələr karına – 
Düşərəm naəlac bir qəm əlindən
ağlaya-ağlaya ayaqlarına.

Ya da üz tutaram falçı yanına
dualanmış suyla qılsın çarəmi.
Sonra yaylığımı nəhs ünvanına
yollaram çatdırsın sənə ətrimi.

Lənətə gələsən. Bir ahu-zara
uyaraq zirvədən enməyəcəyəm.
Mələklər bağına, ikonalara
and olsun deyirəm sönməyəcəyəm.
And olsun o qüdsal odlu anlara,
yanına bir daha dönməyəcəyəm.

İstəməm eşqini, yanmam oduna...

İstəməm eşqini, yanmam oduna,
indi o, güvəncli yerdə bulunur.
Sənin nişanlına qısqanclıq dolu
məktublar yazmıram, unan dostuna.

Qoy Sənə ağıllı məsləhət verim:
ver qıza şəklimi gör necə saxlar,
ver ona xoş gəlsin qoy şeirlərim – 
lütfkar olmalı gənc adaxlılar.

Elə səfehlərin təkcə ötəri
bir zəfər oyadan nə varsa bəsi.
Nə lazım onlara bir dost nəfəsi 
oyada ən zərif xatirələri...

Xərcləyib xoşbəxtlik quruşlarını,
xərclərib sevimli rəfiqən ilən
ruhun durduranda uçuşlarını,
doyaraq hər şeydən gedəndə zəhlən –

Yolun təmtəraqlı gecəmə sarı
səni aparsa da gəlmə, o dəmdə
tanımam heç səni, əlacsız yarım,
yoxdur xoşbəxtliyin şəfası məndə.

 

Ən nurlu, ən xürrəm nəğmələriylə...

Ən nurlu, ən xürrəm nəğmələriylə
Bir görüş ecazı vardı arada.
Dönmək istəmirdim ordan geriyə, 
Çaşqındım, qalmışdı hər şey yarıda.

Boynuma düşəndən uzaq düşürdüm
Bir açı həzz kimi səadət dadıb. 
Lazımsız kəslərlə söhbətləşirdim
Mənasız-mənasız sözü uzadıb.

Yaxsın aşiqləri qoy eşq ahları,
Sorğuya çəksinlər son nəfəsində.
Biz heç, bizdən keçib, yalnız ruhlarıq 
İşıqlı dünyanın son nöqtəsində.

 

Daha gülümsəmək çətindi mənə

Daha gülümsəmək çətindi mənə,
Donur dodaqlarım şaxtalı yeldən.
Bir ümid azalmış olsa da yenə
Bir nəğmə qopacaq şeirli dildən.

Qoşduğum nəğmə də gülüş hədəfi,
Həqarət hədəfi oluban susar.
Sonra da bir sevgi sükutu qəfil
Qəlbimə dözülməz ağrılar yazar.

Əzmə məktubumu, əzmə, əzizim...

Əzmə məktubumu, əzmə, əzizim,
Səbr elə sonadək oxu, yox tabım
Özgəsi olmağa, məni hey əzir
Yolunda yad qadın olmaq əzabı.

Süzmə qaş-qabaqla bu mən yalqızı,
Səninəm, sevginəm bu ərəfədə.
Nə padşah qızıyam, nə çoban qızı,
Nə də rahibəyəm bu qiyafədə -

Geydiyim nə varsa sadəlik dolu
Bəzəkdir nimdaşlıq indi əynimə...
Fəqət əvvəlki tək ağuşum odlu,
Hakimdir o qorxu yenə  eynimə.

Əzmə məktubumu, əzizim, yenə
Oxusan yalanlar itib bitəcək.
Yoldasan, həyandır məktubum sənə,
Qoy qalsın heybənin lap dibindəcə. 

İyirmi biri. Gecə. Bazar ertəsi.

İyirmi biri. Gecə. Bazar ertəsi.

Paytaxtın çöhrəsi bir niqab altda.

Yeriydimi, bir avara bax desin,

Guya sevgi varmış bu boz həyatda.

 

Hamı tənbəl-tənbəl darıxıb nədir,

Inanmış, indi də coşur təbləri:

Qəm çəkir hicrandan, vəslə təşnədir,

Eşqlə nəğmələnib ötür qəlbləri.

 

Adamlar var, onlara sirr açılır,

Hüzur çökür üstünə o kəslərin.

Buna ürcah oldum, bənizim qaçır,

Xəstəhal olmuşam o çağdan bəri.

 

Zərif aprel yeli əsir bu axşam

Zərif aprel yeli əsir bu axşam,

boyamış aləmi qürub sarısı.

Illərlə keçikdin, yenə də şadam

səni görməyimə illər sonrası.

 

Burda yanımdaca gəl yaxın otur,

o şən gözlərini zilləyib oxu

bu göy dəftərimi, olanım budur.

Sadəlövh şeirlər indi var-yoxum.

 

Bağışla, olanlar qəmli səslənir,

salmışdım mehrimi dərdi-sərimə.

Bağışla, bağışla, çox-çox kəsləri

sən bilib qatmışam ötən ömrümə.

Axşamcağı

Sahil bağındayıq, sakit bir dəniz

Səsinə qarışır qəmli bir hava.

Buzlu nimçələrə düzülən ilbiz

Dəniz qoxusunu yayır ətrafa.

“Vəfalı dostunam!” deyib dillənir,

Toxunur donuma, san sehri varmış,

Elə toxunur ki, onun əlləri

Elə bil heç məni qucaqlamırmış.

 

San sığal çəkməkdə pişiyə, quşa,

San süzür at üstə şux duran qızı.

Qızılı kipriklər altdan bu axşam

Qızılı şəfəqlər saçır cüt gözü.

 

Qəmli kamanların avazı söylər

Yayxanan dumanla verib səs-səsə:

“Səni uğurlasın qoy ulu göylər,

İlk dəfə təklikdə sevgilinləsən”.

 

Ayrıldıq...

Ayrıldıq, söndürdük təngə gətirən

o odu, qayıtdı hər şey yerinə.

İndisə, vaxtındı, əbədi düşmən,

kimisə gerçəkdən sevməyi öyrən.

 

Mən heç... hürr qadınam. Onsuz da döyür

qapımı ilhamım gecə yarıda.

Səhərə yaxınsa hey cingildəyir

bir şöhrət müjdəsi qulaqlarımda.

 

Gedərkən çevrilib baxma biqərar,

dəyməz də mənimçün dualanasan.

Mənə sığal çəkir bir dəli rüzgar,

Oxşayır gözümü bax qızıl xəzan.

 

Mənə bu ayrılıq səndən hədiyyə,

unudulmağım da neməttək qalar.

De, ruhu çarmıxa çəkilsin deyə

hökmün başqasına yetərmi ola?

Yetişib ömrümün müdriklik çağı...

Yetişib ömrümün müdriklik çağı,
Tanrıya duayla baxıram göyə.
Sərgərdan olmuşam  axşamqabağı
gərəksiz üzüntüm yorulsun deyə.

Dərədə pıtraqlar xışıldayanda,
quşarmudu soluxub rəng qatanda
şerimə, yazıram mən də bir yandan
bu fani həyatdan, gözəl həyatdan.

Dönürəm.  Pişiyim çıxır qarşıma
yalayır ovcumu, ruhu tellənir.
Bir alov yüksəlir ağac başına
göl suyunda taclanıb şəkillənir.

Dam üstə qonan bir leyləkdir kəsən
sükutu ara bir, laqqıltısını
duyuram. Və əgər qapımı döysən
çətin ki, eşidəm taqqıltısını.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!