Bir küçə, bir adam, bir də yalqızlıq...
Bir adam, bir ürək, bir də haqsızlıq...
Bir ürək, bir nifrət, bir də qansızlıq...
Bir nifrət, bir əzab, bir insafsızlıq...
Bir əzab, bir ölüm və vicdansızlıq...
Bir ölüm, bir küçə və ADAMSIZLIQ...
***
Do - və başlanır hər şey.
Kodlanılan həyatın
İlk şəkli, ilk nəfəsi.
Re - nəfəsin ikinci səsi.
Dünyaya gəlişinin
Birinci birləşməsi.
Ayrılığın, görüşlərin do-redədir,
Qalan hər şey irəlidə, geridədir.
Mi - üçüncü pilləni qurur.
Ayaqlar əsə-əsə
Bu notun üstündə durur.
İlk kəlmələr
Do-re-mi içində yoğrulur.
Fa - düşüncənin açarı.
Hisslərin kökünü tutaraq
Birləşdirir dil tapanları.
Do-re-mi-fada çalınır
Dörd hecanın dörd həmləsi,
Duyğuların çox mərtəbəsi.
Sol - cütlükdən yaranan biri.
Dörd notun ən gözəl ətiri.
Birinin səndən keçməsi,
Həyatın yeni mərhələsi.
Lya - altıncı qatın adı.
Bu qatda qaynamaq var.
Beş notun ahəngini
Tutaraq oynamaq var
Və bir də qanadları
Çiynində saxlamaq var.
Si - sonuncu nöqtədi.
Bütün notlar içində
Yenilənən kökdədi.
Do - ürəyindən keçir,
Re - ruhunu oxşayır,
Mi - hisslərin yenidən titrəməsi,
Fa - ömrünün sevgisi,
Sol - səndən doğulanlar,
Lya - müdriklik mərtəbəsi,
Si - gözlərin sonuncu pərdəsi...
Do-re-mi-fa-sol-lya-si
Dünyanın yeddi səsi...
Hər adamın bitirdiyi
Bir ömürlük nəğməsi...
Mən xəstə adamam, ozan,
Gəl aldatma, doğrunu çal.
Simləri çək, aha köklə,
Al qopuzu, ağrını çal.
Görürsən, Haray quşuyam,
Bir ağacda budağım var.
Üz tutmuşam göyə sarı,
Yer altında otağım var.
Sən çal ki, bir də oxuyum,
Səsim də başıma düşsün.
Bütün ömrümün avazı
Sinəmin daşına düşsün.
Çal, elə yandır ki, məni,
Közə düşüm, külə dönüm.
Bir daşı da dilləndirim,
Gözəl bir şəkilə dönüm.
Azan deyim, səsim uçsun,
Bu yerdən ötənə gedim.
Son nəfəsi ala bilib,
Sağ olan vətənə gedim.
Mən xəstə adamam, ozan,
Bu çatlayan bağrımı çal.
Simləri çək, aha köklə,
Al qopuzu, ağrımı çal.
***
MƏN
səni saxlaya bilmədim...
SƏN
məni apara bilərsən...
MƏNİM
gücüm çatmayanlar var...
SƏNİN
əllərin boyda deyiləm...
MƏNƏ
o qədər arxalanma...
SƏNƏ
dəyəcək nəfəsin ölüsüyəm...
MƏNİ
gecələrə dustaq etmək üçün...
SƏNİ
səhərdən apardılar...
MƏNDƏ
özündən qaçarı var...
SƏNDƏ
bu naçarın açarı...
MƏNDƏN
qurduğum dünyanın hissləri sökülür...
SƏNDƏN
bir yaddaşlıq yol çəkilir...
Bilirsənmi?..
Cavabsız suallar
xatirələrin sürgünündə can verir...
Ürəyin qanıyla yuyulur
hər açılan səhərin üzü...
Bilirsənmi?..
Dodaqlarım şəkillərinin
təmasından çatlayır...
Divarlardan gülüşünün səsi çırpılır
qaranlığımın çarəsiz sonsuzluğuna...
Küləyin hayqırtısında
sənin pıçıltını eşidirəm,
Adımın sığalını duyuram...
Bilirsənmi?..
Bütün ömrünü qucağıma alıb
yıxılıram dizlərimə...
Hələ də layla çalıram
açılmayan gözlərinə...
Bilirsənmi?..
Bətnimə yenidən düşmüsən, deyəsən...
Bütün səslər, üzlər,
qoxular, havalar,
hətta öz ürəyim də ürəyimi bulandırır...
Bilirsənmi?..
Günlərin yalanlarından,
Gecələrin qorxularından,
Hamının dualarından
yığdım səni içimə...
Bilirsənmi?..
Sən...Sən...Sən...
Hələ də üzünü görmədiyim,
Yolunu gözlədiyim
Körpəmsən...
***
Salam, qadın, necəsən?
Güzgüdə öz-özünə
hər gün baxa bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Ürəklə yaşatdığın
kimdirsə, hələ sağdır?
Hisslərinin içindən
ayağı yalın keçən,
bütün ömrünü içən,
yatıbdır, ya oyaqdır?
Yenədəmi yuyursan
əllər soyulanadək
arzularını bir-bir?
Yamaya bilirsənmi
xatirəsi sökülən
duyğularını bir-bir?
Dilində bitib qalan
fikirlərin içində
nələri basdırırsan?
Hər günü toya çəkib
nələrə oynayırsan,
Nələri azdırırsan?
Yenədəmi varının
üstünə varlıq qatan
içində yox gizlənir?
Hələdəmi axırı
bilinməyən dünyanın
acında tox gizlənir?
Saçlarının dənini
rənglərə boyayaraq
ağını gizlədirsən?
Gülüşünün altında
gözünlə örtmədiyin
dağını gizlədirsən?
Gözlədiyin yoldumu?
İstədiyin oldumu?
Bilmədiyini bildin?
Sağınla və solunla,
Boşunla və dolunla
Ölmədiyini bildin?
Salam, qadın, necəsən?
Güzgüdə öz üzünə
sığal çəkə bilirsən?
Nəyə var, nəyə yoxsan?
Qadın doğulduğunu
hələ unutmamısan?
Kaş ki, unutmayasan...
Səndən əvvəli vardı,
səndən sonrası yoxdu...
Bir adam vardı özbaşına...
Ağlı bıçaq deyildi...
Heç nəyi kəsməmişdi...
Özü də doğranmamışdı...
Bu dünyanın savabından,
günahından dadmamışdı...
Heç kimdən heç nə almamışdı...
Heç kəsə nəsə satmamışdı...
Kiməsə söz də verməmişdi...
Kiməsə daş da atmamışdı...
Səndən əvvəli vardı,
səndən sonrası yoxdu...
Bir adam vardı təkbaşına...
Uşaqlığından çıxmamışdı...
Qocalığına çatmamışdı...
Nə itmişdi, nə də tapılmışdı...
Torpağın diriliyinə, günəşin istiliyinə,
sevginin yaşadığına,
insanların adamlığına inanmışdı...
Hələ nə əli, nə dili yanmamışdı...
Hələ yuxudan oyanmamışdı...
Kimsəli olmamışdı...
Kimsəsiz qalmamışdı...
Səndən əvvəli vardı,
səndən sonrası yoxdu...
Bir adam vardı özbaşına...
Əsərlərin qəhrəmanı deyildi...
Olmaq da istəmirdi...
Nə dünyanın dibini, nə üzünü,
Nə Şeytanın nəfəsini, gözünü,
Nə dünyanın, nə Allahın özünü
görmək də istəmirdi...
Sönmək də istəmirdi...
Yanmaq da istəmirdi...
Səndən əvvəli vardı,
səndən sonrası yoxdu...
Bir adam vardı təkbaşına...
Hələ nağılı oxunmamışdı...
Hələ göylərə toxunmamışdı...
...Biri azdı... Biri çoxdu...
Səndən əvvəli vardı,
səndən sonrası yoxdu...
Sən olduğum zamanlar qəribə bir nağıldı...
...Sənsiz nağıl dağıldı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!