SOS
görüş yerimiz olan
metrodakı SOS
indi
yoxluğunu yadıma salan
ən kədərli abidədir...
P.S. Sən Onu Sevirsən
Bu səhər məhlənizdən
keçəndə fikir verdim,
boya ilə adını
yazdığım divarı da
söküblər... çox üzüldüm...
O zaman cəsarətin
ən böyüyü idi bu,
hayqırmaq məhəbbəti
məktəbdə partalara,
küçədə divarlara...
Onda siqaret bizə
milyon il uzaq idi,
onda bütün sevgilər
balaca uşaq idi...
Elə bu gün öyrəndim,
evlənmisən, bir də ki,
uşağın olub - oğlan.
Mənsə elə bilirdim,
elə zənn edirdim ki,
səni hələ ötürür
məktəbindən evinə
17 yaşlı oğlan...
***
Elm yanılır,
ya da ki, məsafələr...
isidə bilirsə əgər
deməli, o qədər də uzaqda deyil günəş,
deməli, o qədər də güclü deyil uzaqlar,
deməli, kimsə uzaqlardan qayıda bilər!
İndi bu küçələr, bu şəhər, ölkə
sənin yoxluğunda boz və bomboşdur.
"Sevdiklərimin qucağıdır vətən"
dedimsə əgər
deməli, bizimçün edam da xoşdur,
deməli, bizimçün sürgün də xoşdur.
İndi bu küçələr, bu şəhər, ölkə
bizimtək kədərli, həm də sərxoşdur.
Gülümsə, eybi yox, neyləmək olar?
səndən ayrılmağın özü də xoşdur.
Elm yanılır, ya da ki, məsafələr...
isidə bilirsə əgər
deməli, o qədər də uzaqda deyil günəş!
deməli, o qədər də güclü deyil uzaqlar,
deməli, kimsə uzaqlardan qayıda bilər!
***
Küçə lampaları kimi söndü gülüşün
bir-bir, asta-asta, həm də
səhərə yaxın...
İndi sən də
günəşi sadəcə görürsən,
istisini hiss etmirsən...
Bilirəm, bilirsən...
İndi sən
yazdığım ən gözəl,
yaşadığım ən bərbad şeir kimisən,
gülüşünü itirmisən...
Yəni
səni tərk edəndən gedə bilmirsənsə,
deməli, ayaqlarının
istifadə müddətini bitirmisən...
Çağırıram, gəlmirsən...
Və bir gün
bədənindəki bütün ağrılar xatirəyə,
qəlbindəki ağrılar isə xəritəyə çevrilir...
sənə heç nə demirəm, eşidirsən?
Gecə duası
Bir gecəlik də uzaqlaşaram keçmişimdən,
bir gecəlik də artar xatirələr.
Təkcə necə olduğumu soruşma məndən,
ölümə gedən yolda bir az dincəlirəm.
Əlimi uzatsam, tutacaq qədər yaxındır Ay,
bu gecə də beynimin küçələrində
boş-boş veyillənirəm.
Bir gecəlik də uzaq düşürəm keçmişimə,
bir gecəlik də artır xatirələr,
mənsə, təkcə sənin dodaqlarından
adımı eşitmək istəyirəm.
Bir gecəlik də çürüyür bədənin,
çürüyür mən toxuna bilmirəm deyə,
mənsə, səni düşünürəm,
yəni ibadət edirəm.
Mən:
- səni düşünürəm.
O:
- Allah qəbul etsin!
Allah:
- eşidirəm.
Təsəlli
Mərmər döşəməli zallarda,
yüksək səslə,
ya da
yaşıl çəmənliklərdə,
astaca,
özündən danışırmış kimi
şeir demək,
alqış sədaları altında...
soyuq əlli, isti ürəkli
qadınlara şeir yazmaq,
təsəlli taparcasına,
ya da
ən sevdiyin mahnını
zümzümə etmək,
hər bir daş parçasına...
Vətən
Mənimçün
sevdiklərimin qucağıdır vətən,
bir şəhərlik yerin varsa əgər,
bərk-bərk qucaqla məni,
qucaqla ki,
vətəndaşlıq dilənim səndən.
Amma bil ki,
bu bədən özü bir ölkədir elə,
başdan-ayağa, ayaqdan-başa.
bədənimin paytaxtı olan qəlbimdə
özünə bir saray qur,
sonsuzadək yaşa.
Əllərimdən başlayır bu ölkənin sərhədi,
ayaqlarımda bitir,
sən də ayaqyalın gəz üstümdə,
sinəmdə min bir gül bitir.
İstəsən içəri keç,
bu dünyanı mənim gözlərimdən izləyək,
ruhumuz sevişsin hər gün,
bədənimizi hamıdan gizləyək.
Mənimçün
sevdiklərimin qucağıdır vətən,
bir şəhərlik yerin varsa əgər,
bərk-bərk qucaqla məni,
qucaqla ki,
vətəndaşlıq dilənim səndən.
Fotoşəkil
Elə asan görünür ki:
qalın kəndir, kiçik bir stul.
hər şey sıfra qayıdır, yenə artır!
- budur düstur.
Bir tətiyin ucundaca
boylanır üzünə həyat.
Sən əyrilərdən qaçdıqca,
gülər hər düzünə həyat.
Çəkildiyin şəkillərdə
təbəssüm üzdən sürüşür,
ayaqların çox narahat,
əllərin əsəbi düşür.
Güzgüdəki əksinlə də
gələ bilmirsən göz-gözə.
deyəsən, orucsan yenə,
dilin dəymir bircə sözə.
Elə asan görünür ki:
qalın kəndir, kiçik bir stul.
hər şey sıfra qayıdır, yenə artır!
- budur düstur.
Yeni il şeiri
Heç nə əvvəlki kimi deyil,
məsələn,
şam ağacının yanında dayanan o Şaxta baba
uşaqlar üçün yox, uşaqları üçün dayanıb orda, bilirəm.
Qorxuram bir gün uşaqlar da bunu öyrənər
Salam, Şaxta baba,
kefini pozmaq istəmirəm,
səninlə ucuz kafelərin birində
yaxşıca vura bilərik,
çünki məqsəd öldürmək olanda
zəhərin də ucuzunu satırlar,
ucuz kafelərdə heç kim sıxılmır,
xoşuna gəlməsə, rahatca dura bilərik...
Həyat bizi a nöqtəsindən b nöqtəsinə
aparan avtobusdur,
xatirələrsə sərxoş halda
sükan arxasına keçmiş şofer.
Deyəsən, içmək istəmirsən:
- ofisiant, zəhmət olmasa,
bizə iki sadə kofe!
Reklam lövhələrindəki təbəssümlər də
üzümüzü güldürmür artıq,
çünki indi "xoşbəxtlik" də
kapitalizm üçün sadəcə bir məhsuldur.
Mağazalarda ən çox satılan ərzaq
yenə də çörək və sudur.
O axmaq marketoloq dostuna da de ki,
insanları göstərməli olduğu həqiqət budur!
indi gülüşlər də
içimizdəki kədərin partlayışıdır.
Bu qədər narahat olma bizə görə,
çünki biz yaxşı bilirik,
hədiyyələr həmişə sevindirmir:
- ofisiant, hesabı gətir!
Siqaret kötüyü
Eşitməyən qulaqlardır,
danışan başlardır Bakı.
Nə yaxın dinləyər səni,
nə eşidər uzaqdakı.
Elə bil palçıq kimiyəm,
sıçramışam bir səkiyə.
Hamı əzir addım-addım,
çəkinmə, sən də tapdala.
Ağrıların dinsin deyə,
ruhunu ruhuma sarı.
Ya siqaret kötüyütək
vur səkidən yola sarı...
Bir gün
Bir gün mavi qatarlar çıxar relslərdən,
fit çalaraq gəzər çəmənliklərdə.
Bir gün düşərəm yadına,
çıxaram beyninin dərinliklərindən.
Bir gün əsgərlər atıb silahlarını
qoparar tikanlı məftilləri əlləriylə,
qorxmaz əllərinin qanamasından.
Bir gün yox olar sərhədlər,
yox olar ölkələrin arasından.
Bir gün gülümsəyər günəş gözlərimə,
gülümsəyər buludların arasından.
Bir gün bir uşaq boylanar mənə,
boylanar gözlərinin qarasından.
Bir gün mavi qatarlar çıxar relslərdən,
fit çalaraq gəzər çəmənliklərdə.
Bir gün düşərəm yadına,
çıxaram beyninin dərinliklərindən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!