Səndən ötrü bu mənasız dünyada, Yaşamağa hazıramsa, qınama... - Vüqar Bayramov - şeirlər

 

Bəsimdir

Gözlərində parıldayan sevgiyə,

Ürək adlı qəfəsəmsə bəsimdir.

İstəmirəm varın-yoxun mən olum,

Dodağında nəfəsəmsə, bəsimdir.

 

Belə sevgi nə eşitdim, nə duydum,

Baxışında dərd unutdum, qəm yudum.

Səndən ötrü bu dünyada bir udum,

Arzuyamsa, həvəsəmsə bəsimdir.

 

Ünvan oldum həyatının köçündə,

Qiyməti var, dəyəri var heçin də.

Ətrafında yüz doğmanın içində

Sənə əziz bir kəsəmsə, bəsimdir.

 

Qınama

Səbr eləmək məndən ötrü çətindir,

Gündə yüz yol yazıramsa, qınama.

Kölgə kimi gəzirəmsə izini,

Ünvanımı azıramsa, qınama.

 

Arzu sonsuz, ümid sınıq, söz qəti,

Mən yazmadım bu taleyi, qisməti.

Ürəyimi didən dəli həsrəti,

Yoxluğuna yozuramsa, qınama.

 

Eşqim gücüm, sevgim qolum, qanadım,

Bəxti dönüb tərs üzünə sınadım.

Əgər səni bezdirirsə inadım,

Ürəyini üzürəmsə, qınama.

 

Vurulmadım nə şöhrətə, nə ada,

Məğlub oldum sinəmdəki fəryada.

Səndən ötrü bu mənasız dünyada,

Yaşamağa hazıramsa, qınama.

Gedəsən

Əcəl də gələndə göyçəyi gələ,

Bir şirin yuxuya dalıb gedəsən!

Elə yaşayasan ömür payını,

Hamının yadında qalıb gedəsən!

 

Varı var dadasan, çoxun çox ola,

Kəlmən kəlmə ola, yoxun yox ola,

Dünyanın malına gözün tox ola,

Əlindən hər şeyi salıb gedəsən!

 

Baxanda pak ola sonun, əzəlin,

Tarixə yazıla sözün, qəzəlin.

Qəlbinə dəydiyin neçə gözəlin,

Könlünü oxşayıb, alıb gedəsən!

 

Həyatın dadını dişə vurasan,

Külüngü həmişə qoşa vurasan.

Ömrü kişi kimi başa vurasan,

Öləndə ər kimi ölüb gedəsən!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!