Azərbaycan
Azərbaycan...
əllərimi uzatsam, əlim əlinə çatsa,
məni bağışlarmısan?
Küskün Arazdan keçib, Ərdəbilə yetişsəm,
Savalandan boylansam, Təbrizə gedib çatsam,
gözəl Urmu gölümün sularına qarışsam,
məni bağışlarmısan?
Azərbaycan...
De, gözlərimi açsam, gözüm-gözünə baxsa,
məni bağışlarmısan?
Dəmir qapı Dərbənddən Borçalıya yürüsəm,
Ağçaladan hay salsam,
Göyçə gölündə üzüb İrəvanda diz qoysam,
Zəngəzurda, Vedidə torpağı qucaqlasam,
məni bağışlarmısan?
Azərbaycan...
Qəlbimi sənə açsam, ona sığınarmısan?
Bir az inanarmısan?
məni bağışlarmısan?
Azərbaycan deməyib, səni canımtək duysam,
Canının paraların Kəlbəcəri, Laçını,
Qubadlı, Zəngilanı, Füzulini, Xankəndi,
Cəbrayıl, Ağdərəni, Ağdamı,
Xocavəndi bir-bir yerinə qoysam,
gözlərinin yaşını Şuşa yaylaqlarının
mehi ilə qurutsam,
tüstüsü səngiməyən Xocalı yanğısına,
bütün yaralarına
o İsa bulağının səpə bilsəm suyundan
məni bağışlarmısan?
Ana dediyim, ana.
Sona dediyim, sona.
Qınağa çəksən mənim sənə məhəbbətimi,
sınağa çəksən mənim bütün cəsarətimi
ağrı-acılarını görən unudarmısan?
Məni...məni bağışlarmısan?
Darıxdım
Darıxdım anidən,
səbəbini bilmədən.
Məsələn, bir azca qar yağsaydı,
bir azca hava qızsaydı - deyən,
havasını tapmayan kimi darıxdım.
Bir içim su, bir udum havaya möhtac kimi,
Bir parça çörəyə ac kimi darıxdım.
Ürəyimdən keçənlərə susmaq,
susa bilməmək qədər darıxdım.
Sakitcə ağac altda oturmaq,
Gözün görənə baxmaq arzusu,
Getməyə bir yerin,
anlayacaq biri yoxdu duyğusu,
səhər həsrəti,
gecə uyğusu qədər darıxdım.
Ölənlərlə ölmək,
Qalanlarla yaşamaq qorxusu qədər
darıxdım...
Xoşbəxtlik
Bu yorğun ürəyim bezib özündən,
Elə uşaq olmaq istəyirəm mən.
Kim isə saçımdan lentimi açsın,
kim isə topumu götürüb qaçsın.
Bir şirni istəyim, verən olmasın,
bir küncə çəkilim anamdan özgə
məni o küncümdə görən olmasın.
Anama sığınım bir az ağlayım,
Saçımı oxşasın, əlimdən tutsun,
Nəmli ürəyimi bir az qurutsun.
O səsin ecazkar doğmalığında
Yad olan nə varsa, qəlbim unutsun.
Nələri itirib, nələr tapmışam
Nələr yaşamışam xatırlamayım,
belimdə, əlimdə, bir cüt gözümdə
nələr daşımışam xatırlamayım.
Bürünüb sadəcə o doğma səsə
əlləri saçımda, başım dizində
yenə də bir azca yuxlaya bilsəm,
məndən xoşbəxt olmaz bu yer üzündə.
Bir payız gecəsi
Bir budaq payızam,
Bir budaq payız.
Musa Yaqub
Bir payız gecəsində
Evimin bir küncündə
Payız gecəsinə düşdüm
Üşüdüm...
Bir payız gecəsində
Göylər özünə bənzəməz,
bulud özünə bənzəməz,
yağış özünə bənzəməz,
ağac özünə bənzəməz,
yarpaq özünə bənzəməz
torpaq özünə bənzəməz
evinin bir küncündə
payız gecəsi yaşayan adam
bir az göylərə,
bir az buluda,
bir az yağışa,
bir az ağaca, bir az yarpağa,
bir az torpağa
bənzəyər...
bir payız gecəsi adam
özünə bənzəməz...
Yaşamaq arzusu
Bir az qar, bir az yağış,
Bir az bahar, bir az qış,
Bir az dua, bir az qarğış,
ana-ata, baçı qardaş, dost, yoldaş oluruq.
Hərdən heç kim, heç nə olmaq istəməzsən,
Hərdən yaşamaq istərsən
sınıq kilid, qopmuş divar kağızı,
işləməyən kran,
yanmayan çilçıraq,
su, işıq, qaz kartı deyil,
özün olub yaşamaq.
Hərdən yaşamaq istərsən,
özün olmaq
özün kimi yaşamaq.
sadəcə yaşamaq istərsən...
Kədər
O qədər kədərliyəm,
ağlaya da bilmirəm.
Göz yaşı istəyirəm,
bir az göz yaşı verin
bu dərdin gecəsində
bir az yoldaşım olsun.
Onun ilə dərdləşim,
bir az sirdaşım olsun.
O qədər kədərliyəm
ağlaya da bilmirəm.
Bir az göz yaşı verin
elə göz yaşı təki
gözlərimdə donmasın,
əriyib getsin təki.
Ürəyimdə qalmasın.
Üzülüb getsin təki.
Olanlara ağlamaq,
qalanlara ağlamaq,
ölənlərə ağlamaq.
Ağlamaq istəyirəm.
ağlaya da bilmirəm...
bir az göz yaşı verin.
Neynədim
Mən səni sevməkdən özgə neynədim,
Adını öldürdün dilimdə mənim.
Qoruya bilmədim əllərini mən,
əlini öldürdün əlimdə mənim.
Min rəngdə görürdüm sənlə dünyanı,
Dünyam al-əlvandı gözündə sənin.
Rəngini itirdin bütün dünyamın,
Gözünü öldürdün gözümdə mənim.
Qoruyardım səni bil ki, hər kəsdən,
Alınmaz qalaydı sənli ürəyim.
Qoruya bilmədim səni özündən,
Özünü öldürdün özümdə mənim.
Əllərim əlinə yetərmi bir də
ya dartım uzadım, ya kəsim dibdən?
Hayanda olmanın nə önəmi var?
Gözlərim baxsa da görərmi bir də?
Rəngli nə vardısa tapmazsan daha,
Rəngsizcə gözümdən töküldü getdi.
Daş üstə daşmı var, axtarsan da ha
O qala ürəyim söküldü getdi...
Darıxacaqsan
Bir səhər qapını külək döyəcək,
Ümidlə qapıya boylanacaqsan.
Addım səslərinə möhtac yollartək
Bir səhər mənimçün darıxacaqsan.
Bir axşam aynanda yağış dinəcək
Sən də o yağışa qoşulacaqsan.
Kövrəlib pəncərə şüşələritək
Bir axşam mənimçün darıxacaqsan.
Sığınıb qəlbinin döyüntüsünə,
küləyin səsinə, yağış səsinə
hər səhər mənimçün darıxacaqsan
hər axşam mənimçün darıxacaqsan...
Hər səhər bir axşam ömrü bitəcək,
hər axşam bir səhər ömrü bitəcək.
Beləcə hər günlə ömür ötəcək
Bir ömür mənimçün darıxacaqsan,
Bir ömür səninçün darıxacağam.
Urmu gölünə
Azərbaycan, bu nə tale yazısı,
Hər tərəfdə canının bir parası.
Yüz illərdi dərmanım yox dərdinə
Sağalmır ki, ürəyinin yarası.
Yüz illərdi ayrılıqdan asılan
Havasızam, çörəysizəm, susuzam.
Yüz illərdi qərib-qərib dolaşan
dərviş kimi yuvasızam, yurdsuzam.
Yüz illərdi sərkərdantək gəzirəm
Bu dünyanın bağlı yolu olmuşam.
Güney, Quzey yarasına dözürəm,
Bu dözümün qara qulu olmuşam.
Yüz illərdi həsrətim var içimdə
Güneyimtək - gözəl Urmu biçimdə.
Yüz illərdi ilmə-ilmə toxunub,
Bu həsrəti necə söküm içimnən?
Yüz illərin həsrətisən, ay Urmum,
Yüz illərdi həsrətimsən, ay Urmum,
Sevənlərin göz yaşından yarandın,
Sevənlərin həsrətisən, ay Urmum.
Təbrizimin, Urmiyamın nağılı,
Sevənlərin göz yaşımı qurudu?
Hanı sənin o nağıllı suların,
yoxsa səni yad nəfəslər qurudur?
Urmum, harda Azərbaycan türkü var
Damla-damla gözlərinə dolmusan.
Sanma səni yad nəfəslər qurudar
sən ki bizim canımıza hopmusan.
Yüz illərdi ağrı döyür canımı,
Ağrı çəkən bir günaham, mən, Urmu.
Sularına qatsam bir gün qanımı,
Bağışlarsan günahımı sən, Urmu...
***
Ay göyün yaxasın açmışdı yenə
həsrətlə boylandı aya ümidim.
Bu gecə göylərdən ayın yerinə
bir az ümidimi asmaq istədim.
Bu gecə darıxdım ulduzlar kimi
bu gecə göylərdən asılıb qaldım.
Ovuda bilmədim öz ürəyimi
eləcə gecəyə qısılıb qaldım.
Darıxdım bir azca küləklər kimi
Bir nəğmə oxumaq istədim yenə.
Göylərin əlləri yağışlar kimi
Bir azca toxunmaq istədim sənə.
İstədim həsrətli darıxan gecə
ümid işığına boyansın bir az.
İstədim gözümə yıxılan gecə
səhərə ümidlə boylansın bir az.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!