Üşümə
Sözlər nəfəsindən üşüyür bu gecə,
fikirlər kölgəsindən.
Ruhları üşüdən
işıqların qəfil sönməyidir -
demişdi dan yeri!
Bilsələrdi sabah günəş çıxmayacaq,
hər kəs yorğan-döşəyini götürüb
Bir qəbir qazardı özünə...
Bir balaca deşik də qoyardı
baş tərəfindən;
ümidin qış tərəfindən...
Yenə üşüyür deyən
fikirlərin tavanı.
Yaman qorxudur, yaman
sonunculuq divanı...
...Qəbrinə məktub yazır
sonuncu ölən adam:
Bağışla, yubanıram...
30 may 2019
***
Hayana üz tutub ölsən,
Qiblə yöndən balacadı.
Çevrilsə için çölünə
sükut ündən balacadı.
Düşüncə yox, yuxular ac...
Tapdalandıq inanc-inanc!
Tanrı dindən balacadı.
Tək gözə aləm sığışır,
...Dərkə kündə balacadı...
Tez-tez baxmağa gedirəm...
Qəbrim məndən balacadı.
Kim böyüdür, heç bilmirəm,
heç bilmirəm kim böyüdür?!.
27 may 2019
Yollardan o yanadır ayrılıq,
iz varsa, ayrılıq deyil hələ...
Tapmaq - ünvanını bilmədiyindən
məktub almaqdır,
itirməksə ilk dəfə görüşmək...
Bəs ölmək? - elə bu sualın özüdür!
...Hə, unutmamış deyim,
Azadlıq küçəsində qazarsınız məzarımı,
Tanrının hüzurunda təsəllim olsun.
May 2019
***
Ağaclar yarpağından qocalar
payızın ilk günü,
küçələr addım səslərindən.
Yağışlar mamırlı kirəmitləri görüncə
anlayar yaşlandığını,
küləklər də toxunmağa
kimsə tapmayanda.
Adamlarsa yaddaşından...
Bağışlayın, bu gün ayın neçəsidir?
22 may 2019
May tabloları
Gölməçəyə sərilmiş bir kimsəsiz
gördüm bu gün,
Suya düşən əksinə baxıb saçlarını daradı.
Qurumuş çörək parçası qoydu
başının altına
və
yumdu gözünü.
***
Yuxularımı söyüd ağacına danışıram,
Bir də yuxu görməmək üçün...
Çünki inanmaq istəmirəm yaşadığıma.
***
Bir lal qız üstündə iki oğlan dalaşır
Dünya düzəlir deyəsən...
Görəsən, niyə söymürlər bir-birini?
***
And içmə, ağla.
Bilim ki, yalan danışmırsan...
Məndən şübhələnsən
əl basdır yaylığına.
4-9 may 2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!