Bu gün ruhumda doğmur günəşlər...hamı toxunmaq istəyərkən yaralarıma... - NARGIS

17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya?..

 

Artıq ruhumda  xoşbəxt deyil uşaqlar...

Boşluqlar böyüdükcə...

Ağrılarım qış gecələri kimi uzanır... 

Bir Çernobıl səssizliyi hökm sürərkən könlümdə... 

Nədir bu Xocalı fəryadları, Arakan imdadları beynimdə? 

Sən məni Şərqi Türküstan kimi görməzdən gəldikcə, əzizim...

Sığallamağa çalışır saçlarımı Yamunadan daha üfunətli əllər. 

Sonra sən bir metoroit laqeydliyi ilə uzaqlaşırsan məndən... 

Bütün Yer üzü bunun üçün dua edir...

Mən xaric...

Fərqindəsənmi?

Hələ də  bu dünyada gülüş günü kimi qeyd olunur bütün 1 Aprellər..

250 milyon uşağı ac saxlayan dünyanın Uşaq bayramı kimisən...   

Səmimi gəlmir gülüşlərin... Amma sən yenə də gülürsən...

Bütün dünyanın mərkəzi sənsənmi yoxsa?

Bir pilotu təbrik edər kimi, niyə hamı səni təbrik edir?

Bəs dispetçer?  

Bir sual fırlanır uşaqlığımdan beynimdə...

Heyli necə qıydı Qvenə?

Niyə hamını sevindirir dümdüz anlayışlar.

Bu Evklid xəstəliyidirmi?

Hamı niyə qorxur oriqami sevdalardan?

Sən saraylarından baxarkən dünyaya.

Mənim var olmamış dünyam dığırlanır Andersenin nağıllarına.

Ömrümün uzunluğuna ikrahla gülür bütün kəpənəklər.

Hətta Sinober ləqəbli balaca Saxes də...

Eşidirəm dişlərinin dibindəki qızarmış hörümçəklərin çığırtılarını...

Daha inanmıram mənə danışdığın nağıllarına.

Düyməciyə də...

Sən uzaqlıqlarla sınadıqca məni,

Kofe dadında antidepressant təsirli gülüşlər yağır dünyama...

Bu gün ruhumda doğmur günəşlər.

Hamı toxunmaq istəyərkən yaralarıma.

Bəs niyə mən belə xoşbəxtəm xarabalıqlarımda?

Bu səni qəzəbləndirirmi, əzizim?

17 milyon qaçqın uşağın gözləri ilə baxmayımmı dünyaya?..

Amma mən bilirəm, bütün bu çatışmazlıqlara səbəb sən deyilsən,

hamısı kəskin istilərdəndir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!