Axan qatar
Alnını söykəmisən şüşəyə,
səni mənzil başına aparan
qatarın pəncərəsindən
geriyə axır işıq dirəkləri,
geriyə axır evlər,
bağlar, maşınlar...
Sanki yanından keçən
hər şey geri qayıdır...
Dönüş biletim sabahadır, Gülcamal...
Dönüş biletim sabahadır, Gülcamal...
Dönüş biletim sabahadır, Gülcamal...
Günah suları
Yadıma düşən bu axşamda
yenə də köksümdəsən,
Adını çəkirəm,
o adı ki, yanında nifaq ağacı bitib,
ki, nə dincəlmək,
nə sərinliyinə arxalanmaq olar kölgəsində.
O ağac öz ömrüncə
ancaq qorxulu bir yuxunun,
qovğalı bir günün,
zəhərə dönən şirin tikənin
hekayətini dinləyər
və sənin yalanlarını
yarpaq günlərinin arasında ədalətlə bölər.
Amma sənə bütün bunları demək olmaz,
yox, olmaz,
vallah, olmaz.
Desəm, o saat deyərsən ki,
hər şeydə bir hikmət var
və sənin növbəti yalanına
qoca həqiqət qənim olar.
Sən yad evlərdə o ağacın
dibinə günah suları tökürsən,
və kölgən dünyaya ləkə salır,
adının qoxusu yayılır
tanındığın hər yerdə.
Mənsə üzü yadımda qalmayan
adamları "çoxaldıram" ömrümdə.
Ziyarət küləyi
Sevgi, çıx canımdan,
tükətdin məni, ey xəyal xəstəliyi.
Mən ki çökmüşəm
çiynimdən qarğış ehtirasıyla asılmış
ağrıların yükündən.
Daha usanmışam,
hər gün yorğunluğumun
ziyarətinə gəlməkdən.
Əllərin "bərpası"
Əlində tutduğun bir kağızın
şəklini çəkmişəmmiş haçansa, -
indi o vərəqdən heç nə oxunmur.
Yaxınlaşdırıb,
lap yaxınlaşdırıb
baxıram dönə-dönə,
qoxun dörd dolanır başımda...
O şəkildə ancaq iki barmağın oxunur,
və mən onlara inanıb
əllərini bərpa edirəm yaddaşımda...
O vaxt ki, dilim "hə, hə" deməkdən,
başım razılıq əlamətiylə yellənməkdən,
gözüm oxşar sətirləri oxumaqdan yorulur,
o vaxt ki, özüm olmaqdan başqa çarəm qalmır,
onda o şəkli açıb saatlarla baxıram
və şəkildəki barmaqların tuşlanır,
eyni ölümə kədərləndiyimiz günə,
sən demə, yadların itkisi
daha möhkəm bağlaya bilirmiş
adamları biri-birinə...
Gözlərin yox,
saçların yox,
gülüşün yox,
küsməyin yox,
ancaq barmaqların var o şəkildə...
Və o şəkil
sənin "yoxluğunun yuxusu"du...
Tapdaq bir şəhərin
işğaldan bir gün əvvəlki fotosudu...
Hazırcavab təqvim
Can verən bir təqvim var masamın üstə,
sonuncu yarpağını sirkələyir ilin küləyi.
Bu təqvim daş-tərəzidi:
bir gözündə gələcəyi çəkir,
o biri gözündə ötən günləri.
Bu təqvimin aylarına ağlamaqdan doymuş,
bir adamın səsi hopub,
əlamətdar günləri
yadların təsəllisiylə "qırmızılanıb".
Beləcə adlamaqdadır bu ilim.
Öz ürəyilə danışa-danışa
mənasız bir hazırcavaba dönüb bu təqvim.
Qoy, dişi ağrıyan uşaq
bu təqvimə bir sap bağlasın,
çıxarsın canındakı ağrını.
Qoy, bir qəhrəman alsın
ötən günlərin əlindən
xatirələrin ağ bayrağını.
Mənsə daha xoşbəxt bir günün
yatmış saatında qalım.
elə səslə çağırsın ki, məni gələcək,
qəfildən adımın gözəlliyinin fərqinə varım.
Rəqabət cədvəli
Qəlbim dəyişib libasını,
daha başqa rəqabət cədvəlləri tutub,
sakitliyim bir körpüdür,
qəzəb çayından keçirir məni.
Özümə mənasız suallar vermirəm daha,
Soruşmuram: "O, ev paltarında da belə gözəldimi,
ya da səhər tezdən oyananda?".
Qəlbin tox vaxtı sevdiyinə bənzər
insanlar da çıxmaz rastına...
Tərəddüdlər tərk edib məni,
insafla insafsızlıq arasında vıyıldamır küləyim...
Qəfəsə bülbülün
xatirəsini danışır ürəyim...
Təkrarın yalnızlığı
O sözləri ki, başqalarına da söyləmişəm,
sənə də dedim
və o sözlərim ömürlük sənin oldu.
O yollardan ki, mən çox gəlib-keçmişəm,
sənlə də keçdim
və fayton dayandı...
O əqrəblər ki, zamanın üstündən çox yol eləyiblər, -
vaxt birgəlik günlərimizi yaşadı
və saatlar yatdı...
Bu şeiri bir şairin kitabının
ağ səhifəsinə yazıram,
sözlərimi kim oxusa onundu,
mən oxusam sənin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!