gəlsin gələcək ruhuma hər kim... - Xanəmir Telmanoğlu

 

Gəlmişik

ey dadi bidad danəndə dəhan dərviş d...

itirib yuxumuzu qaranlıqda gəlmişik

dağlara sayqı duyub sulara sirr tökmüşük

gündüzlər işıqları min bir dərman bilmişik

uymayıb  görüntüyə ac da tox da gəzmişik

 

qəlbimizin ağrısı ruhumuzun əzabı

göylərin sərgüzəşti  əzalarımda yazı

mürşidlərin nəfəsi  rüzgarların avazı

qarlar altda girməyə dağ oğlu dağ gəlmişik

 

dərələr çöllər düzlər bizsiz almaz mənasın

tutduq bu xərabədə biz allahların yasın

ən şah budaqlar verib  ən iri al almasın

qaralar geyinmişik biz ona ağ gəlmişik

 

səfimiz sıralandı  süfrəmiz  çörəkləndi

göylər cihad hayqırdı mələklər yaraqlandı

abdallar yarı  qanıb aşiqlər havalandı

sandılar biz ölmüşük  sən demə sağ gəlmişik

 

sollar yanğın içində sağlar çoxdan savulmuş

dərvişlərin nəfsindən xərabələr qov almış

adəmlə həvva nənə indi cənnətdən çıxmış

üstümüzdə günah çox dinə çılpaq gəlmişik

 

divlərin qarşısında gəl çıxarma səsini

bas səbrini bağırma sil hikkəni hirsini

şeytanlardan aldığın o şanlı irsini

qoruyursan

ama biz başda papaq gəlmişik

 

Osmanlı qurulur

ya qurulmur

ey dadi bidad danəndə dəhan dərviş d...

 

bu dağların sürüsünün

hər qoyunun(dan) yunundan qırx xalı çıxar

yaransın da yaransın o

            Osmanlı görək zodunu

sultana dağlardan qəflə- qatırla

karvan karvan xalı kilim

            güllü fərməş göndərək

 

onun üçün könlümə düşüb  bu sürünün

mışıl- mışıl (fışıl- fışıl) göy otları qırpması

osmanlının paytaxtı olur könül şəhrim

alosmanın gözlərim olar qoşa  qapısı

vaxt gedir sürü otlayır gün savılır

nə deyirsən bu Osmanlı qurulur ya qurulmur

 

mələrtiyə bax qoçun mələrtisinə

dağa cingilti salır dağı dəmir eləyir

dövlət də dəyir toxunur

            bu dağlarda qoyunun səsinə

qayıbdan sultanım əmir ələyir

sürü otlayır yunu çoxalır gün savılır

xalılara naxış vuraq ilmələri

            dəyişək çeşniləri təzələyək

inzivamızda görək

            AlOsmanlı qurulur ya qurulmur...

Ümmətin türküsü

ey dadi bidad danəndə dəhan dərviş d…

 

bir özgə oyundur derlər

bir özgə oyunku

üzümdə çərx bulayır sular üzürsən

namından bəqa silkinir eyvallah

bərzah isminlə toxunur bir adla

 

dağı düzdə qalmış sehrkarın

kahinliyi can içində itib derlər

yarınar hökmünə  haqq bul məqbul say

dözülməz sirri cana yakıştırmırıq eyvallah

 

eyhamı sığınmış baxış bizlik döyül

səbrin hirada qurdbasardı eyvallah

 

indi bu aləmlər nəyə yarar dersən

hankı ruhu barındırar gülə təmas edər

söz sönər. sonundan qövmlər

            dartınar eymənmə

mömün otururkən namaza

             dirilər gəlib getmişlər

kəsilməz qiraəti ümmətin-ruhuna

             oturmuş zaman var

 

eyhamı sığınmış baxış bizlik döyül

səbrin hirada qurdbasardı  eyvallah

 

Doymaz yoxdan

ey dadi bidad danəndə dəhan dərviş

 

gəlsin gələcək ruhuma hər kim

güllər saçaraq vadilər açsın aşsın

dağlar qoruyan könlümə hakim kim

səsin göyə çəkən lal quşsan

             hilalımsan quşun lalısan

 

hu-ya kül çıxarar  hərcayi söz

bəklər sinəmi qayğılar ahdan

dağlar qapılar səcdəyə köçdən

dərviş bular ahın axar arxı bular dərviş

dərviş baxışı doymayır yoxdan

 

ey dadi-bidad  can kəsilir  yolca

dövran süsünü bakirə saklar

ulduz alışar taxta qonar gül

gəl  gəl gəl gəl

heyran kəsilər qanıma  o bihuş oxlar

Can var qan qan

ey dili qafil fil faili məchul fani f…

gülşən bəzənər  üz daralarkən

ıssız dərədə qayğuya can var  can can

ahəstə enərkən qara kiprik qara qara

səsi quş  uyudan  qan var qan qan

 

qalxdıqca məzardan hər sabahlar

röyamda naz eyləmiş qovaqlar

söndükcə alışdıqca çıraqlar alışdıqca yandıqca

əvvəldə axır axırda son var  son son

 

ey dadi-bidad sir açılar nur açılmaz

göylərdə hilal qönçələrdə sur hilal göylərdə

bərzahda dönən qovğalara gəl də sahab dur

dərviş nəfəsiylə yürür qanında qan var 

                        qan qan gül vargül gül

Gələr

ey dili qafil fil faili məchul fani f…

dərələr sis duman.

yolda yatan yalquzağa çöl gərək yolda

çəksə də hər kim əzabın çiçəkdən hər kim

şanı dolar qanı axar bal gələr qanı

 

göydə uçan quş qanadın ilmələr göydə

bir-birinə can deyibən kəlmələr can

sinəm qalxıb-endikcə can dəmlənər sinəm

mərə bağdad qərib ötər yol gələr bağdad

 

ay biçarə al qələmi yol qoru biçarə

görmürsənmi havan çəkir yuxarı havan

köhnə yurdda əzizlədik  baharı köhnə

təzə yurdda  yayımız da qar gələr təzə

 

Car çəkən 

ey dadi bidad danəndə dəhan dərviş d…

car çəkəm qafil canım calana

dolanam bu ərzi ləli-ləli

dolanam bu halınan kösöy-kösöy

carım cırıla canımın çarmıxında

nəfəsim quş kimicə dimdik ata

ya uça kölgəsini ərşə saça

 

car çəkəm car çəkəm car çəkəm

nə çəkəm nə çəkəm bir mən çəkəm

fələyin oğurlayam fərasətin

itin qurdun adamın cəm-cəm cəmləyəm

 

bu dağı bu daşı yar-yar yavıncı salam

od vuram canlara çatırtısında qollanam

nə mərə yağı nə gərəkli dost buluna

utanmaya üzüm yaşarmaya gözüm

 

car çəkəm qafil carım ərşi qarsa

göy səpə yer-yurd təpə sular ləpə

imdad diləyə nəfəsimdən uçar quşlar

deyərəm dilinizi açaram adamcasına

qorxudan tökülən lələklərini dənnərəm

 

hal içindəyəm içindəyəm. inildəyəm

çarmıxlı carımı yelpikləyib lələklərnən

aləmlərə nəfəs göndərirəm. mən dərirəm

 

neyləyim söylədir ötələri dilim dönüncə

viranəliklərə gül düzəldir nəfəsimcə

kəfil olmur halıma varlığım da

bir sözün əhədiylə satır məni

bir canın dəyəriylə alır qafil…

"A" piri

ey dili qafil fil faili məchul fani f…

 

su gizli sirdir axar - mən yanmasam

naçaram qibləgahım ram-aram

sözdən bir "a" düşməklə nolur bəyəm

"a" ələstə söz dolur pərən birəm

 

naçaram qibləgahım ah varam

dönürəm çərxi fələk məst eləyir

dururam rahat qəmim artır sitəm

bəni aləmdə di gəl yoxdu yaram

həngamə o vaxt qopar can qabara  

nədir məni izləyən qarabaqara

 

eylərəm bircə çimdik can şirini

havaya sovrularsa hovum yorğa

özgə vaxtlarda sorma biçarəyəm

sarsılmayınca varım bitməz çiləm

 

neylərsə o eyləyər bu eyləməz

döllənməz qarşımda küy udqum bitər

sənin xəyal şəhrində sərsəriyəm

bəriyəm möhlət bitər zaman bitməz

çəkilməz əyyamlardan yağma nisyə

 

sənə bir can dilərəm ah-a məqam

dilərəm cəm dilərəm meyxanəyəm

bəyəm məndən qaçır açır naz ilə gül

dil sözə söykənməsə haqqa nə sirr

düşərsə qəlbə ışıq mərdü-mərdə…

sənin xəyal şəhrində sərsəriyəm

  

Gələrəm

ey dili qafil fil faili məchul fani f...

göylərin qapısı açılır şaqq şaraq

boşaldır gözlərini boşaldır bir daraq

çevrilir dəftərdən çevrilir bir varaq

hayana üz tutsam o yana dönərəm

sən məni səsləsən ardınca gələrəm

 

sabahlar açıldı diricə gözümlə

sözlərim dən tutdu sinəmin başında

surətin çəkilməz olubdur başımdan

xeyirdi içimdən nə xəbər dışımdan

bir baxış bəs eylər izinə düşərəm

hayana üz tutsam ardınca gələrəm

 

bu dəvə yüküylə quş kimi səkərəm

dağları düzərəm təsbeh tək çəkərəm

bu fani gücümlə mən nələr çəkərəm

gətirrəm amanat getdiyin yerlərə

bir əlac bulunar bizim də dərdlərə

 

bu nədir səsini başına salıbsan

gedənə gedibsən qalana qalıbsan

bəs nədən dəryalar qoynuna dalıbsan

işarət əhliyik bildirsən vədəni

yoxsa ki xəyalın boğmaqdır bəndəni.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!