Müharibədən danışsam da inanmayın mənə... - Əsma Əzizənin şeirləri Fərid Hüseynin təqdimatında

 

Əsma Əzizəni ötən ilin oktyabrında Türkiyənin Sakarya şəhərində keçirilən "Sapanca Şeir Axşamları"nda tanıdım. Həmin festivalda oxuduğu "İnikas" şeiri xoşuma gəldi. Festivaldan sonra Əsma Əzizə ilə arabir sosial şəbəkələrdə ünsiyyətimiz, bəzən telefon danışıqlarımız - bir sözlə, həmkar münasibətlərimiz davam etməkdə idi. Ötən həftə XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalının - dünyanın müxtəlif ölkəsindən 23 şairin qatıldığı tədbirin biz də iştirakçısı olduq, "qədim" dostları yenidən görmək xoş idi...

Əsma İstanbuldakı şeir gecələrində yeni şeirləri ilə, fərqli oxu tərzi ilə auditoriyaları yenə də ələ almaqda idi. O, həqiqətin üzünə baxmağa hər an səfərbər bir şairdir və onun poetik qətiyyəti, sərt intonasiyası şeirlərində də olduqca gözəl əksini tapıb.

Qeyd edim ki, fələstinli şair Əsma Əzizə hazırda Hələbdə yaşayır. İlk şeir kitabı "Liwa" 2010-cu ildə "Əl-Qəttan" Birliyinin təsis etdiyi "Gənc Yazar Mükafatı"na layiq görülüb. Şeirləri alman, fransız, ingilis, yunan, ispan, İsveç, fars, italyan və başqa dillərə çevrilib. 

Gənc yaşlarından yaradıcılıq irəliləyişləri ilə seçilən, istedadını dünyanın müxtəlif ölkələrində də təsdiqləyən Əsmanın fərqli şeir intonasiyası, reallığı çatdırma üsulu, ən əsası sərt poetik üslubundakı dərin məna diqqətəlayiqdir.

 İsrail-Fələstin arasındakı "islanmış düyün"ün - çözümü uzanan problemlərin, müharibənin bəlalarının əksi Əsmanın şeirlərində xüsusi yer tutur və onun poetik qəzəbini, narahatlığını, sarsıntılarını daha da alovlandırır. Əsmanın şair kimi qüdrəti şeirlərindəki həmin alovu qorumağındadır.  "Poeziyanın odunu qoruyanlar"ı isə bəşər heç zaman unutmur...

Əsma Əzizə

Müharibədən danışsam da inanmayın mənə

Müharibə barədə baş sındırıram,

ancaq nəsə yazmağa da çəkinirəm,

metaforalarımı şallaqlayır,

sonra da qarşılarında diz çöküb yalvarıram.

Qəmim gözlərimdə mərmilərin əksini canlandırır.

Sonra da həssas bir şilləni

misralarımda təsvir eləmək üçün

öz küncümə çəkilirəm.

Qarnını yırtıram kəlmələrin

və bütün xarakiri qurbanları dirilib

mənim də qarnımı deşirlər.

 

Müharibədən danışsam da inanmayın mənə,

çünki qandan söz açanda öz kefimdə qəhvə içirdim,

məzarlardan danışanda

Merci İbn Əmirin bağçalarından çobanyastığı yığırdım.

Qatilləri təsvir edəndə,

dostlarımızın gülüş səsləri -

                                   pıqqıldaşmaqları qulağımdaydı,

Hələbdə teatrın yanmağından yazanda,

əyləşmişdim kondisionerin altında.

 

Müharibədən danışsam da inanmayın mənə,

çünki hər dəfə şeirdə bir şəhəri "bombalayanda",

dümdüz asfaltlar çəkilirdi bütün yollar boyunca,

yolların üstünə işıq dirəklərindəki lampalar əyilirdi

və peyğəmbərlər yeriyə-yeriyə keçirdilər rahatca.

 

Nə zaman fərz eləsəm ki, atamın dərisini üzüblər,

O saat gedib qucaqlardım onu -

sağ-salamatdı -

atam bir qucaqdı.

Nə zaman eşitsəm anamın ah-naləsini,

qədim bir layla oxuyaraq yuxuya verirdi məni,

mələklər kimi yatırdım...

 

Amma xəyallar havranlı bir qadının

imzaladığı açıq çeklərdir.

O qadın ki, siması mənə sirli qalıb hələ də.

Əlimdəki bıçağı kahıya batıra bilməsəm - o başqa məsələ,

Mən ki duyuram babamın mənə

və o qadına qoyub getdiyi nəslinin qoxusunu.

 

Xəyallar açıq çeklərdir,

Kasiyunun övladları imzalayıb onları,

Google-da axtarış aparmadım -

qulağıma pıçıldadılar

bilmədiyim dağın adının hardan götürüldüyünü.

 

Birinci çek:

Sirli bir izdihamda,

zərərli bir dəqiqlik vurur beynimə.

Coğrafi qalmaqalların,

xırdaçılığın düz ortasında

bir mərmi keçir içimdən sakitcə...

Gizli izdiham böyüyür

və qulaqlarımın "pəncərələri" örtülür içəridən.

Qan dəli bir bahar kimi körpə,

anamın zümzüməsi kimi ilıq

və atamın dərisi kimi hamardı.

 

İkinci çek:

Mühasirəyə alınmışam dünyanın ən müqəddəs yerində,

Allahın kəlamı Rəsuluna necə nazil oldusa,

mərmilər o cür ələndi üstümə.

Bir daşı havadaca tutdum

və o da əridi əllərimdəcə,

Mən əsgərlərin,

zaman da mənim yaxamdan yapışdı.

Yerimdəcə donub qaldım - ürkək pişiklər kimi,

O yerdə ki,

Məsih bizi kürəyinə almamışdan əvvəl

orda yuxuya getmişdi.

 

Üçüncü çek:

Levantada qorxu hakimdir,

müharibədən danışsam da inanmayın mənə,

Çünki atamın Merci İbn Əmirdə

göyərçinlərə atdığı təklülə tüfəngin səsindən özgə

silah səsi eşitməmişəm həyatım boyunca

və qan qoxusu almayıb burnum,

anamın yanında keçirdiyim ilk aybaşından başqa.

Bütün bu müharibələrin banklarında hesabım yoxdu,

ancaq havranlı bir qadının dediyinə görə

çeklərim hər yerdə işləyir.

Tərcümə və təqdim etdi: Fərid Hüseyn

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!