Əgər ayrılmağa meylin vardısa... - Vahid Əziz - şeirlər

Əgər ayrılmağa meylin vardısa...

Əgər ayrılmağa meylin vardısa -

sıxılma, çəkinmə... gəl salım yola!

Get, səni ömrümdən qəlbin alırsa,

qaldın nə oldu ki, getsən nə ola?

 

Daha ürəyimi çarmıxa çəkmə,

daha qaş qaralır, yığış, gecikmə,

ölən pöhrələri tanıtma mənə,

soldun nə oldu ki, bitsən nə ola?

 

Təkcə mən deyiləm tapıb-itirən,

qismət gətirdiyin-yanlış gətirən,

onsuz da var-dövlət, sərvət sevmirəm;

tapdım nə oldu ki, itsən nə ola?

 

Xatirə qalmağın bəsimdir, yetər,

yanımda solmağın hicrandan betər

dönmərəm, lap izlə üfüqə qədər!

qısqandın nə oldu, güdsən nə ola?

 

Ərimiş şam kimi yanmaram yenə,

bənzəsin sevgimiz uğursuz günə,

bir yol etməyinlə nə oldu mənə,

yenidən bəxtəvər etsən nə ola...

26.04.2019

 

Öz evində

Biri-çəkən, biri-geri qaytaran,

nə cürədir hansı, necə biləsən?

Yollar çoxdur ora-bura aparan,

qayıdanda - öz evinə gələsən.

 

Fərq eləməz - uzun ola, ya qısa,

qırılmaya - dağlara da dolansa,

kövrələrək, "Can" - deyən də olmasa,

dərdlərini öz evində böləsən.

 

Dağılmaya nə pəncərən, nə qapın,

evin bilə - nə itirdin, nə tapdın?

öz qaşığın, öz qazanın, öz qabın...

öz evində ağlayasan, güləsən.

 

Səsləsə də yad ellərin gülşəni,

atıb - getmə doğma çölü, çəməni,

öz mülkündə sındıraraq düşməni,

öz evində əllərini siləsən.

 

Çox görmüşəm "qovanlarla - qaçanı",

küyə gedib qanadlanıb uçanı,

vaxt varikən dolaşasan cahanı,

köç edəndə - öz evində öləsən...

26.05.2019

Oluram

Hər dəftərdə adım bu cür yazılır;

ya birinci, ya sonuncu oluram.

Duyğularım havalardan asılı -

ya "dilənçi", ya "milyonçu" oluram.

 

Kotan kimi ya gümüşü, ya paslı,

yetim kimi hər an başı qapazlı,

duyğularım havalardan asılı,

ya "milyonçu", ya "dilənçi" oluram.

 

Kimdir görən bu dünyanın yiyəsi?

cavablardan min qat artır: "niy"əsi,

haqsızlığa iti qılınc tiyəsi,

xain gözə nizə ucu oluram.

 

Bir qüvvə var - daşı, dağı qum edən,

əriməyən poladları mum edən,

ya kotana bağlanaraq şum edən,

ya bostançı, ya da suçu oluram.

 

Ümid sınar, inam qopub qırılar,

aciz insan yaşamaqdan yorular,

təkidimlə məhkəmələr qurular -

son qərarda özüm suçlu oluram!

 

Yazıq sərçə, nə cılızmış bədənin?

qarğa çalar artıq çıxsa bir dənin,

bəzən, yadlar məclis quran Vətənin

qapısında "qarovulçu" oluram.

 

Bu bazarda köhnədirsə məzənnə,

gidi dünya, piştaxtında təzə nə?!

hamılıqla el səadət gəzəndə,

qoşularaq mən də yolçu oluram.

28.05.2019

 

Nə biləydim - dünya belə dayazdı

Mən getməzdim, özü məndən yoruldu.

əməlimdə nə artıqmış, nə azdı?

Baş vurmaqla - qayıtmağım bir oldu,

nə biləydim - dünya belə dayazdı?

 

Günlərimin gərəksizmiş bir çoxu,

yüz min aca üstün gələr bir toxu!

kaş, olaydı yaşantılar bir yuxu,

həyat-zəmi, ötən anlar - dəryazdı,

nə biləydim - dünya belə dayazdı?

 

Kimisini "yarıyaşda" sındırar,

teli-başda, gözü - yaşdı sındırar,

əyri gedər, düz olana pəl vurar;

ya vaxtı az, ya - sayqacı nasazdı!

Nə biləydim - dünya belə dayazdı?

 

Yaşatdıqca - can boğaza dirənər,

yaratdığı - yaşamağa ərinər,

çətinində - məndən ağıl öyrənər,

çarəsini tapan kimi - yol azdı!

Nə biləydim - dünya belə dayazdı?

 

Canım çıxdı hər nəğməmi yazınca.

şərik çıxdı pay verdiyi qazanca,

iştah - böyük, bu "Heçnəli qazança!"

baş açmadım - qismətimə nə yazdı,

nə biləydim - dünya belə dayazdı...

05.05.2019

Sahildə nə işin, ay qızıl balıq

Arılar əl çəkmir çiçəklərindən,

baxır heyran-heyran yasəmən sənə

O çıxıb gedəndən qəmlisən nədən,

çəmən, nə söylədi o duman sənə?

 

Sahildə nə işin, a Qızıl balıq?

Dəniz - qaçağına verməz halallıq,

mənə bax: gör nə cür olur azadlıq,

olmaya dar gəldi o ümman sənə?

 

Üstündə didərgin olanlar artır,

açanlar azalır, solanlar artır,

üzündə günbəgün yarğanlar artır,

Torpaq, nə söylədi bu dövran sənə?

 

Kotanlar şumladı, səpənlər keçdi,

Zəmidə buğdalı sünbüllər şişdi,

Acları yaşatmaq şərəfli işdi,

Versə bu imkanı dəyirman sənə!

 

Xəyalən gəzərəm hər yanı ev-ev,

hərdən şən olaram, arabir bikef,

bir yarımda matəm, bir yarımda kef,

Vətən, bənzəyirəm nə yaman sənə...

14.05.2019

 

Soruşdum: "Nə cürdü nənəmiz Həvva?.."

Dəyişib bazarı, nırxı dünyanın,

satdığı meyvəsi, barı xarabdı.

Geriyə fırlanır çarxı dünyanın -

yarı salamatdı, yarı xarabdı.

 

Atıram, sularda daş niyə batmır,

dolu-dibdə qalır, boş niyə batmır?

dövranın çaldığı ürəyə yatmır -

kamanı, qavalı, tarı xarabdı.

 

Əl tutdum namərdlə - əli yandırır,

suları altından lilli yandırır,

çeşmə var - içində dili yandırır,

deyəsən dağların qarı xarabdı!

 

Buna gücmü yetər, əfv elə, Tanrım,

nə cürə bunları mən barışdırım?

eynini açmaqçün nə qarışdırım?

qəlbi pak eləyən duru xarabdı.

 

Bu, nə cür mənzildir, bu nə cür yuva?

minnətlə verilər havayı hava,

soruşdum: "Nə cürdür nənəmiz Həvva?",

Adəm cavab verdi: "Qarı xarabdı!".

 

Bir zaman çobanın çaldığı tütək,

yırtıcı qurdu da edərdi mələk,

ellər var - şahları ağıldan gödək,

yerlər var - başdakı çarı xarabdı!

 

Harda, Vahid Əziz, o böyük xəbər,

nə vaxt xoşbəxt olub Yurdun dirçələr?

yatmış da, oyaq da acdı sərçələr -

yuxuda gördüyü darı xarabdı...

16.05.2019

Gözlərin

Sahibi kimdirsə - nə bəxtiyardı!

salar özgəsini oda gözlərin.

Keçdin xəyalımdan, gözüm yaşardı,

az qaldı gözümü tuta gözlərin.

 

Çəkib sinələrə neçə dağları,

Əridib qəlblərdə nə cür yağları!

Qaşlara naz edər göz qapaqları,

Altında ləçəklər - buta gözlərin.

 

Ağlatma, yaş düşər  o bir cüt gözə,

uzaqdan olsa da arabir süzə,

demirəm dodağın toxuna üzə,

gözümün yanında yata gözlərin.

 

Ürək parçalayan kirpiklərini

öyrət - səadətin desin yerini,

bir bazar istərəm - qəmzələrini

canım bahasına sata gözlərin.

 

Torpaq daş-kəsəkdən insanı yığıb,

səni, ay çiçəyim, nədən yoğurub?

Axşamlar tək mənim Qərbimdə doğub,

səhərlər Şərqimdə bata gözlərin.

 

Çiçəyim, görənnən gözlərinizi,

bir ovuc bilmişəm çılğın dənizi,

nə ola, aşiqi Vahid Əzizi sevə,

ya biryolluq ata gözlərin...

16.05.2019

 

Lalələr yenə də qönçə bağlayır

A dağlar qoynunda yurd salan həmdəm,

eşitdim - lalələr qönçə bağlayır.

Mən bu təbiəti gözəl bilirəm -

hər nə bağlayırsa, incə bağlayır!

 

Orda çiçəklərin hər biri inci,

birəbeş çoxalır qəlbin sevinci,

təbiət öyrədib - hərdən əkinçi,

torpağı qoyaraq dincə, bağlayır.

 

Göz çəkə bilmirəm pəncərələrdən,

kim doya bilər ki, o lalələrdən? -

qəmlər çırpa-çırpa ağladıb bəzən,

günahkar uşaqtək küncə bağlayır.

 

Quru candan başqa nə var mənimki?

açar da, qapı da kor taleyinki;

 açanda, deyərsən: "Buna nə var ki!",

bağlasa, gör hələ necə bağlayır?!

 

Məni uzaqlara çəkdi xəbərin,

gölünə baş vurdum xatirələrin,

əsası budur ki, dağlı həmdəmim;

lalələr yenə də qönçə bağlayır...

15.05.2019

Doğulmuşam...

Bilmirəm nə cürə sehrdi səndə,

nə səhər çıxırsan yaddan, nə axşam.

Bircə gün səsini eşitməyəndə,

elə bil dünyaya kar doğulmuşam.

 

Min dəfə ölümlə gəlib göz-gözə,

Vətən ocağında dönmüşəm közə,

adım çəkiləndə qızaran üzə

ismət doğulmuşam, ar doğulmuşam.

 

Hər rüzgar qəlbimi bir yana çəkir,

səsləyən həyatın çiçəkləridir,

bu dənlər illərin ləçəkləridir,

düşünmə-saçları qar doğulmuşam.

 

Tanrı hər taleyi bir cürə yazar,

hər kəs bəd yuxunu bir cürə yozar.

saraylar yanında bir kasıb ev var -

mən ora şan-şöhrət, var doğulmuşam.

 

Gözəldir yazdığım bu dəqiqələr,

yalanlar qəm çəkər, gerçəklər gülər,

düşdüyüm könüldə alov kükrəyər -

atəş doğulmuşam, qor doğulmuşam.

 

Bir gün deyəcəklər: "Səndən olmayıf,

getdin, Vahid Əziz, hayıf, min hayıf...",

ya gidi dövranın gözləri mayıf,

ya mən dövranıma kor doğulmuşam?..

 

Etibarsız yollar

Fələk sındırarmı uzansa qollar,

o qolun əlləri taparmı məni?

Görən nə oldu ki, bu doğma yollar

bəxt gedən tərəfə aparmır məni?

 

O qədər keçmişəm keçə biləndə,

doğmadır hər daşı, hər döngəsi də,

yollar da nəyinsə məngənəsində,

bir cürdür hər kəsin düşüncəsində.

 

Kim dedi: "Hər şeydən çıxış yolu var, -

doğru yol canları qurtaran olur"

mən elə bilirdim işıqlı yollar

hər vaxt səadətə aparan olur.

 

Nə ümid zülmətdə gedən qatara,

kimdir fənərləri yollara düzən?

onlar bir-birinə göz vura-vura

gedər-gəlməzlərə aparar bəzən.

 

İtirdim, günlərdi, yollarda keçdi,

üstüylə dövranlar, karvanlar keçir,

yollar etibarsız, yollar bivecdi!   

bəxtə ləngiyəni yol gecikdirir.

 

Çıxmışam həyatın çətin yoluna,

sonluğu səsləyib harasa dartır,

hasarlar çəkilsin yol kənarına,

ağacgözlülərin sayları artır...

 

Baxanda yaşıma, bir də başıma...

Ya mən çox böyütmüşəm, ya o daralıb,

bu dünya balaca gəldi şəstimə.

Onsuz da insanlar səbrimi alıb,

sən həyat sevgimə qəsd elətdirmə.

 

Onsuz da hər şeyin öz zamanı var;

Açmalı-açacaq, solan-solacaq,

Vaxtın baharında coşan hökmdar,

Payız aylarında məhkum olacaq.

 

Güvənsəm yaşıma bir də başıma,

Bəlkə də sabaha qala bilmədim,

Yetər, İlham pərim - daha çalışma,

 Müşfiqdən böyüyü ola bilmədim.

 

Nələrin sirri var can azarında?

Vücud cadulanmış gözəl kimidir,

Dəyişən dünyanın beh-bazarında

Keçmiş şah-şöhrətlər xəzəl kimidir!

 

Meyvəli bağlardan, payızdan əvvəl,

yetişmiş barları qoparan olur,

günahsız - özünə qəsd eləyənlər -

onları bu yola aparan olur.

 

Qəlbim arzusuna çatarmı bir gün,

qarşıda fəlakət, yoxsa ki, uğur?

Həyat sevgisini qazanmaq üçün

yaşamaq - ölümdən gərəkli olur...

Qəfəsdə

Ulduzlar göylərdə, yerdə, dəryada,

şükür ki, bu dünyada nur var.

Qəfəsdə bülbül də, tutuquşu da, 

sonuncu - insanı yamsılayanlar.

 

Qəfəs yaranıb ki, yanan soyusun,

zülmə  tabe olub desin ki, "bəsdi".

lap, o "Tac-Mahal" sarayı olsun,

qızıldan olsa da, qəfəs-qəfəsdi.

 

Süngüyə dönərək çılğın arzular,

könüllər oynayar göz giləsində,

qəfəsdə yaşayan bir bəxtəvər var,

o da ki, ürəkdir döş qəfəsində.

 

Həyata etibar, inam da seyrək,

hərdən əl çəkərəm eşq həvəsindən,

tutsalar, iynədən keçən dəvətək,

çıxaram zindanlar pəncərəsindən.

 

Könüllər oxşaram rəvan dilimlə,

bir tanış tapmışdım - xürrəm, bəxtəvər,

məni tanıyarlar nəğmələrimlə,

o tutuquşunun dilində əzbər...

 

Yaxşı olar

Bəlkə nahaq qurban verdin illərini?

Başqa bir yol tutub getsən yaxşı olar!

Barmaqlarım yandırırsa əllərini,

közlər kimi atıb-getsən yaxşı olar.

 

Ola bilsin bir-iki gün pərt olaram,

sonra qəlbim daşa dönər, sərt olaram.

Mən onsuz da daha quru bir səhrayam -

elə məndə batıb getsən yaxşı olar.

 

Sən mənimçün bir tükənməz çeşmə idin,

əl ağacım, gözlərimdə çeşmək idin,

gülüm, əgər düşünürsən "heç nəyidin",

heç nə kimi elə itsən yaxşı olar.

 

Gah ağlında olacağam, gah yuxunda,

gah saçında gəzəcəyəm, gah yaxanda, -

mənsiz görüb səni qəddar dərd yaxanda -

sevdiyinlə kama yetsən yaxşı olar.

 

Ola bilsin - babal yudum; varmı, yoxmu?

amma səni mənim qədər sevən çoxmu?

İtirdiyim! sənli olan bir yuxumu,

qaça-qaça gerçək etsən yaxşı olar...

 

Ya qərib...

Harda, nə cür qazılacaq məzarın,

qismət səni niyə bura göndərib?

Günü batmış, nə cür keçir güzarın,

söylə görüm, nə haldasan, ya qərib?!

 

Hara gəldin, bu yad diyar, göy nədir?

üzün gülür, dərd içini göynədir,

tale üçün insan da bir meyvədir -

boş buraxmır - ya çürüdüb, ya dərib.

 

Bu dar Qürbət sənə gəlməz gen kimi,

hamı ögey, hamı qalın - gön kimi!

qəribçilik, yad olanı çən kimi,

ara-sıra ya yağdırıb, ya sərib.

 

Köçüb gedən, bu dünyadan nə qandı?

Səndən sonra nə fərqi var - nə yandı?

Dünya üçün - insan da bir kamandı,

ox atanda - ya sındırıb, ya gərib.

 

Harda, nə cür qazılacaq məzarın,

ilaclarla dil taparmı azarın?

günü batmış, nə cür keçir güzarın?

söylə görüm, nə haldasan, ya qərib...

 

Xeyli şeirlərim - yozulmuş yuxu...

Görən hansı yolda tərk etdin məni,

istimi çaşdırdı, yoxsa ki, leysan?

Bəlkə unudulmuş bir nəğmə kimi,

tapıb kəlmə-kəlmə xatırlayırsan?

 

Köhnə etiraflar hələ yadımda - 

arabir yuxunu qarışdırardın,

üz-üzə gələndə adam yanında,

dilucu olsa da danışdırardın.

 

Üzürəm yarpaqtək payız selində,

arxamca nə baxır, nə də qaçırsan,

bəlkə gecələrin sakitliyində

qəlbində mənimlə pıçıldaşırsan?

 

Göyərçin qəlbimi hara uçurdum,

harda var adımı yadına salan?

arxada yaşanmış, öndə uçurum!

ümid çoxdan bəri çıxılmaz dalan.

 

Bir daha bar verməz solan arzular,

düşmədi sevginin isti-soyuğu,

çoxusu mənimlə əbədi qalar -

xeyli şeirlərim yozulmuş yuxu.

 

Varmı ehtiyacı vaxtı - görməyə?

Nə bilsin qolunda saat dayanır?

Özümü, özgəmi qoymur sönməyə -

korun da evində işıqlar yanır...

 

İstədim özümə məzar qazdıram...

Bilmirəm, kim oldu iman yandıran?

Kaş bilə kimləri Vətən itirdi!

İstədim özümə məzar qazdıram,

yellər uzaqlardan səbr gətirdi.

 

Hər kəs ağıl verdi bir cürə mənə,

sonuncu "Qopacaq qiyamət!" - dedi.

Heyran kəsilərək Vətən sevgimə,

çiynini çəkərək "Ya qismət" - dedi.

 

İbadət yolunda töküldü qanlar,

acizlik sanmayın, hökm Allahınmı?!

Görəsən, Məkkədə dəfn olunanlar

Tanrıya bizlərdən daha yaxınmı?

 

Xəbərdar olmadı yıxıldığımdan -

ümid özbaşına üzən gəmidi

həlbət suallardan qorunduğundan

qulağın özü də sual kimidi.

 

Çoxları köç etdi dərd yazanların,

talelər ovuldu yad əllərində,

ovcundan, göylərə qalxan əllərin

oxunar nələr var əməllərində...

 

Mənim...

Sənsiz gen dünyada səbrim daralır,

üfüqüm, göy üzüm, dənizim mənim,

sən orda coşanda gözüm yaşarır -

içimdə qazılmış kəhrizim mənim.

 

Qismətim nəzərə gətirdi, yəqin,

səni özgə bağda bitirdi, yəqin,

amma ətrin doğmam ətirdi, yəqin!

bənövşəm, reyhanım, nərgizim mənim.

 

Bilirəm, ölürsən qəmnən, qəhərdən,

gözünü çəkmirsən pəncərələrdən,

çıxmaz mənli olan xatirələrdən

a mənim üzülən mənsizim mənim.

 

Əzəllər hicranı ötəri saydım,

Məcnunu özümdən betəri saydım,

gərək fəlakəti görüb, duyaydım,

nə sən mənimkisən, nə özüm mənim...

 

İlaclar içimdə təmir aparır

Dünən kar olurdum gurultusundan,

bu gün həyəcanı bir qədər fağır.

O qədər göynəmir sınmış qabırğam,

həyat tumurcuğum gözdə qabarır,

ilaclar içimdə təmir aparır.

 

Vaxtında yetişdi "Təcili yardım",

toxundu sinəmə şəfalı əllər,

geciksə, bəlkə də şikəst qalardım,

mənsiz sızlayardı boş səhifələr,

hələ yaşamağa ümidim qalır.

 

Elə gülərüzlü yardımçı qızlar -

dilində nəğmələr, zərif şeirlər.

bu cür gözəllərə "Tibb bacıları",

oğlan olanlara "Qardaş" deyirlər,

onlar ümid verir, könlünü alır.

 

İlaclar insana Tanrı bəxşişi,

bal kimi həyatı yaşatmaq üçün,

təmiz Dərmənçilər - layiqli kişi,

haram qatanların - həyatı sönsün!

azalır ağrılar, yaram sağalır,

ilaclar içimdə təmir aparır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!