Rafiq Yusifoğlu
Bərəkət bayrağı
Hamı fərəhlə baxır
Yurdumun bayrağına...
Göy qurşağı enibdir
Lələtəpə dağına?
Bu təpədən baxanda
Adamın gülür üzü...
Elə bil ki, sevinir
Yurdumun dağı, düzü...
Torpaqdan ayrı düşüb,
Nə qədər zillət çəkdik.
Minaların yerində
Axır ki, zəmi əkdik...
Sevindi torpaq ana,
Taxıl çıxdı qurşağa,
Sarı-sarı sünbüllər
Döndü nura, işığa...
Yel əsdikcə arabir
Qəlbdə arzu dillənir.
Bayrağıma qoşulub
Zəmilər də yellənir...
Gördüyüm bu mənzərə
Kədərimi dağıdır.
Dalğalanan zəmilər
Bərəkət bayrağıdır...
Macal
Neçə ki, var macal,
Yaşamağı bacar!
Bu torpaqdan güc al,
Zirvələrə ucal!
Çeşmələrdən saflıq,
Ulduzlardan bac al!
Ləyaqətlə yaşa,
Ləyaqətlə qocal!
Zəmi
Elə ki, zəmidə
Sünbül dən tutur,
Sərçə dimdiyiylə
Sünbüldən tutur...
Külək hey tələsir
Zəmiyə sarı!
Sünbülün hər teli
Sim kimi sarı!
Muştuluq! Muştuluq!
Tutub zəmi dən! -
Hansı quş əl çəkər
Belə zəmidən?!
Ələsgər ƏLİOĞLU
Atımızın yalmanı
Yəhərsiz də minirəm,
Atımızı çox zaman.
Sərt enişdə-yoxuşda,
Tuturam yalmanından.
Keçirəm dağ-dərəni,
Dolanıram hər yanı.
Qoymur yıxılam məni,
Atımızın yalmanı...
Zoğal ağacı
Havalar sınır daha,
El-obadan köçür qış.
Tez çiçək açmaq üzrə,
Bağda başlanır yarış...
Yazın hənri vurduqca,
Tumurcuqlar oyanır.
Bağda zoğal ağacı,
Birincilik qazanır.
Torpaq toru
Mən deyirəm:
- Ay baba,
Torpaq bəzən sürüşür!
Dayanmır öz yerində,
Bir-birindən gen düşür...
O deyir:
- Çox ağac ək,
Kökü getsin dərinə.
Balıqçı toru kimi
Hörülsün bir-birinə...
Bil ki, salmış olarsan,
Onda torpağı tora.
Ha can atsa da belə,
Sürüşməz ora-bura...
Arıquşu
Qaradır qol-qanadı,
Sinəsi sapsarıdır.
Çox itidir dimdiyi,
Əsas yemi arıdır...
Arını havada cəld,
Haqlayar arıquşu.
İmkan tapa bilməz heç,
Sancmağa arı quşu!..
Ağac yıxılacaq...
Bağda alça ağacına,
Dırmaşmışdı neçə uşaq...
Turqut dedi:
- Düşün yerə,
Yoxsa ağac yıxılacaq!
Mina RƏŞİD
Mənim doğma vətənim
Azərbaycan adlanır
Mənim doğma vətənim.
Azərbaycan dilidir
Mehriban ana dilim.
Vətənimin paytaxtı
Yaraşıqlı Bakıdır.
Möhtəşəm Qız qalası
Bakının baş tacıdır.
Bayrağım üçrənglidir
Qırmızı, yaşıl, mavi.
Mənim nağıllarımda
"Cırtdan" aldadır "Div"i.
Dinim İslam dinidir
Vətənim Odlar yurdu.
Torpağımı qoruyur
Böyük, güclü bir ordu.
Ana dilim
Ana dilim bal kimi
Danışmaqdan doymuram.
Mən onu neçə dilin
İçində qoruyuram.
Anamın laylasıyla
Mən boy atıb böyüdüm.
Onun şirin diliylə
Fərəhlənib öyündüm.
Çoxlu nağıl söyləyib
Nənəm bu dildə mənə.
Əlifbanı öyrəndim
Mən sevinə-sevinə.
Çox sevirəm yurdumun
Bayrağını, himnini.
Mən sevirəm anamı
Həm də ana dilimi.
Balaca Günəş
Yuxudan duran kimi
Hamıya gülümsəyir:
- Ata, sabahın xeyir,
- Ana, sabahın xeyir!
Yeddi yaşlı Günəşdən
Qəm qorxur, qüssə qaçır.
O, balaca günəştək
Ətrafına nur saçır.
İbrahim Yusifoğlu
Ayan gedir məktəbə
Ayan gedir məktəbə -
Bəh-bəh-bəh.
Çantası var bir şələ -
Bəh-bəh-bəh.
Baxın, süzür dörd yanı,
Tumarlayır Məstanı:
- Pişiyim, alaboyunsan,
İşi tamam oyunsan.
Çaşqın baxma gəl belə,
Ayan gedir məktəbə.
- Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz,
Səsini yayma elə,
Ayan gedir məktəbə.
- Cip-cip-cip cücələrim,
Ananızdan gen gəzməyin.
Güdür sizi Tülkü lələ,
Ayan gedir məktəbə.
- Ala-bula boz keçi,
Ay qoşa buynuz keçi,
Gəl, arxamca az mələ,
Ayan gedir məktəbə.
- Ay Toplan, həddi aşma,
Məstan ilə dalaşma.
Asta hürü, gəl təbə,
Ayan gedir məktəbə.
- Ay babacan, ay nənə,
Güvənin sizlər mənə.
Gətirəcəm ləl-zəri,
Çanta dolu "beş"ləri.
Ayan gedir məktəbə -
Bəh-bəh-bəh,
Çantası var bir şələ -
Bəh-bəh-bəh!
Pöhrələr
Yamancana sozalmışdı,
Xan çinarın pöhrələri.
Su içəntək açıldılar,
Pöhrələrin çöhrələri.
Yağır yağış
Narın-narın
Yağır yağış.
Gölməçəyə
Salır naxış.
Allahşükür Ağa
Ağ çiçəklər
Sahil durub gördü ki,
Ağaclar ağappaqdı.
İnanmadı gözünə
Dayanıb baxdı, baxdı.
Oyatdı uşaqları
Quşlar qaçdı səsindən.
Bağçalara, bağlara,
Qış gəlibdi təzədən.
Sahilin hay-küyünə,
Gəldi qardaş-bacılar.
Gördülər ki, qar deyil,
Çiçəkləyib ağaclar.
Arılar
Mən çiçəkdən qorxuram,
Üstündə arı olur.
Çiçəklər ağ olsa da,
Arılar sarı olur.
Çiçəkləri görəndə
Arılar acır yaman.
Çiçəyi ləçəyindən,
Arılar sancır yaman.
Anası dedi, qızım,
Unut bu dərdi-səri.
Mən səni istəyirəm,
Arılar çiçəkləri.
Çeçələ barmaq
Arzu lap çox istəyir
Çeçələ barmağını.
Gecələr üstə salır
Balaca yorğanını.
Deyir, hələ körpədi,
Sinəsində gəzdirir
Alıb süd şüşəsini,
Ona süd əmizdirir.
Qoy barmağım böyüsün,
Olmasın qanı qara.
Tez bir zamanda çatsın
O biri barmaqlara.
Çay düşüb
Çox qəribə uşaqdı
Bizim dəcəl Mirbəşir.
Harda sarı görürsə,
Deyir, göydən ay düşüb.
Axşam yağış yağanda,
Yaman təşvişə düşüb.
Həyətdə sel axırmış
Deyir, göydən çay düşüb.
Simax Şeyda
Dəcələ bax, dəcələ
Nadinc oğlandır Nicat,
Otura bilmir rahat.
Hərdən çəkib saçını,
Ağladır o, bacını.
Çıxan kimi eşiyə,
Daş atır it-pişiyə.
İt vurnuxur yerində,
Hürüb durur yerində.
Hürküdür toyuqları,
Tutmaq üçün onları.
Toyuqlar qanad açır,
Hərə bir yerə qaçır.
Hey, deyinə-deyinə,
Həyətə düşür nənə.
Nicatı tutmaq istər,
Tənbeh etsin bir qədər.
Osa qaçır küçəyə,
Məhəl qoymur heç nəyə.
Görənlər gəlir dilə,
Dəcələ bax, dəcələ.
Xocalıda
Bir qış günü
Zalım düşmən,
Üstümüzə
Gəldi birdən.
Xocalını
Almaq üçün,
Bizi qana
Salmaq üçün.
Tanklar, toplar
Qan-qan dedi,
Yatmısınız,
Oyan, dedi.
Başı açıq,
Ayaqyalın.
Qaçdı kişi,
Qaçdı qadın.
Aman Allah,
Düşmənə bax
Söndü neçə
Nurlu çıraq.
Aylar, illər,
Keçsə də bil,
Qisas yerdə
Qalan deyil.
Almaniya, Münhen
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!