Sözün qiyaməti qopan yerdəyəm
Göylər dolusunu başımdan tökür,
Duyğular içimdən talayır, sökür.
Ayağım altında yer yerə çökür,
Sözün qiyaməti qopan yerdəyəm.
Çəkinib qədərsiz həyəcanımdan,
İllər səssiz-küysüz ötdü yanımdan.
Bəlkə bu təşnəlik çıxa canımdan
Yağışlar səhraya hopan yerdəyəm.
Sevirəm, mənimdi bu külli-aləm,
Ülvi bir istəyə canlı heykələm.
Xəyala dalmışam əlimdə qələm,
Fərhad Bisitunu çapan yerdəyəm.
Eşq bir ucalıq ki, dərk etməz hamı,
Həsrətdi, hicrandı ali məqamı.
Səmalarda süzür şair ilhamı -
Özüm öz ruhumu tapan yerdəyəm.
Müjdətək qarşıla hər günü, ayı,
Hayıfdır, keçməsin vaxtın havayı.
Yatıb sübhə qalan, gecikən Ayı
Günəş şəfəqləri öpən yerdəyəm.
Ocaq gözəlliyi, pir gözəlliyi,
Gözəgörünməzin sirr gözəlliyi.
Musa, pir saydığı bir gözəlliyi
Doyumsuz gözünə təpən yerdəyəm.
Dağlar soyuq qarşıladı
Ha çarpışdım yerlə, göylə,
Dil tapmadım kəndlə-köylə.
Bu kimsəsiz, bu boş evlə
Dağlar soyuq qarşıladı.
Qucağında doğulan mən,
Arzuları sovulan mən...
Bəlkə soyuq oğulam mən
Dağlar soyuq qarşıladı?!
Buludların sərt baxışı
Tökdü başımdan yağışı.
Yay günü yaşadım qışı,
Dağlar soyuq qarşıladı.
Yer qaşqabaq, göy buludlu,
Çay səsi göynəyən uddu...
Məni bir ağlamaq tutdu,
Dağlar soyuq qarşıladı.
Yurdun neçə dağı gedib,
Solu gedib, sağı gedib.
Cənnət Qarabağı gedib,
Dağlar soyuq qarşıladı.
Ata, hanı isti səsin?
Təşnəsiyəm doğma kəsin.
Ana, ruhun inciməsin
Dağlar soyuq qarşıladı.
Dağlar soyuq qarşıladı!
Gədəbəy, Ataxal
Ucalıq
Gəncliyimlə üz-üzəydi
Üzümə gülən ucalıq.
Bir ilahi möcüzəydi
Sevgiylə gələn ucalıq.
Ara, axtar o incini,
Səmalarda al dincini...
Gör hardadır sevincini
Səninlə bölən ucalıq?!
Ulduzlartək oyaqdımı,
Dənizlərdə mayakdımı,
Yerdə yerə dayaqdımı
Göyə yüksələn ucalıq?!
Dərinlikdən çıxır zirvə,
Təmiz qəlbə sığır zirvə.
Can atdığın cığır - zirvə,
Aşdığın bələn - ucalıq!
Girmə heç bir oyuna, Musa,
Öz havana oyna, Musa,
Ölənəcən qoyma, Musa,
Gözündə ölə ucalıq!
Ay Musa
Vallah bu sən deyən ömür olmadı,
Gəl sən onu başla başdan, ay Musa.
Yanından xəlvəti ötüşdü illər,
Xəbərin olmadı yaşdan, ay Musa.
Bir güclü inamla, qızğın istəklə,
Tanrıdan gələcək payını bəklə.
Bu yalqız ömürlə, yalın ürəklə
Necə çıxacaqsan qışdan, ay Musa?!
İlahi duyğular həzmini göstər,
Seçilən şeirini, nəzmini göstər.
Daşı mum eləmək əzmini göstər,
Yan öt yanındakı daşdan, ay Musa.
Xəbis həsədini xəncər eləyir,
İşini çox yerdə əngəl eləyir.
Ortada ölüm də var-gəl eləyir,
Oynayır o gözlə, qaşla, ay Musa!
Bir gerçəyə döndər bu yalan ömrü,
Bihudə yandırma, bu yanan ömrü.
Özündə bir güc tap, bu qalan ömrü
Başa vur ağılla, başla, ay Musa!
A şeirim
Qəlbimi yer-yerdən sökəcəyəm mən,
Üstünə buludtək çökəcəyəm mən,
Səni misra-misra içəcəyəm mən,
Şərbətim, şərabım, dəmim, a şeirim,
Sevincim, kədərim, qəmim, a şeirim.
Bəzən tikanımsan, bəzən gülümsən,
Ağrılı həyatsan, xoşbəxt ölümsən,
Sən mənim Tanrıya çatan əlimsən,
Harayım, a şeirim, ünüm a şeirim,
Gülüb-ağlamalı günüm, a şeirim.
Sən ayrı yöndəsən, ayrı biçimdə,
Hər gün əkindəsən, hər gün biçində,
Kölgəmi daşlayan namərd içində
Ərənim, a şeirim, mərdim, a şeirim,
Böyüklük, ucalıq şərtim, a şeirim.
Heç cürə kiridə bilmirəm səni,
Gözünün yaşını silmirəm sənin,
Yalandan güldürə bilmirəm səni,
Mənim ağlar qalan körpəm, a şeirim,
Sinəmdə qövr edən qəlpəm, a şeirim.
Ümidim bir sənsən, bir də Allahım,
Ona da səninlə yetişir ahım,
Boynuna yüklənir min-min günahım,
Məni ələ verən suçum, a şeirim,
Qoy yenə eşqinlə uçum, a şeirim.
Çəkənə bu yükün çox ağır yükdü,
Heç nəyə darılma, dünya böyükdü...
Baxma ki, bu ömrüm uçuq-sökükdü,
Ruhumu bəzəyən şeirim, a şeirim,
Özümə bənzəyən şeirim, a şeirim!
Danışaq
Çox nahağıq bu ömürdən bezməkdə,
Bəxt acısa, bal dilində danışaq.
Duyumlu ol mənaları sezməkdə,
Qoy səninlə al dilində danışaq.
Ürək ovan o təbəssüm, o qılıq,
Mənim üçün qədir-qiymət, yaxşılıq.
Bu əsrdə nəyə dəyər naşılıq,
Elə əhli-hal dilində danışaq.
Gözümüzdən alov içir gözümüz,
Bu yanğını duyuruqsa özümüz.
Gərəkdimi söhbətimiz sözümüz?
İşarəylə, lal dilində danışaq.
Əl yetməyən çox budağı əymişəm,
Ürəksizin ürəyinə dəymişəm.
Yetişibsə, tökülürsə dəymişim,
Buyur onda kal dilində danışaq.
Oxudun da başa çıxdın Musanı,
Qürrələnib demə yıxdın Musanı.
Bir kitablıq sözə yığdın Musanı,
Niyə qovğa-qal dilində danışaq?!
Sən elə bir sevdasan ki...
Sən elə bir sevdasan ki,
Acın məndə şirinləşir.
Ürəyimə saldığın iz
Yaş ötdükcə dərinləşir.
Yolum üstə bir ilğımsan,
Nə tapılır, nə itirsən.
Gözlərimnən gizlənəndə
Gəlib könlümdə bitirsən.
Sən elə bir sevdasan ki
Səni sənsiz yaşayıram.
Həsrətini bu əsrdən
O biri əsrə daşıyıram.
Günahkaram səni bir vaxt
Ürəyimcə dindirmədim.
O göylərin mələyini
Qıyıb yerə endirmədim!
Sən elə bir sevdasan ki,
Sevdalara qənim oldun.
Bu dünyada cisminlə yox,
Xəyalınla mənim oldun!
İndi yaman ögeyləşib
Yer də mənə, göy də mənə.
Yerdə yersiz üşüyürəm
Bir çadır qur göydə mənə!
Sən elə bir sevdasan ki,
Günün yoxdu, ayın yoxdu.
O duyğusal aləminlə
Bu dünyada tayın yoxdu.
Mən səninçün bir keçmişəm,
Sən mənimçün gələcəksən.
İndi gəlmə, yəqin, bir vaxt
Qəbrim üstə gələcəksən.
Sözün bayraq ucalığı
Qələm dostum Ramiz Qusarçaylıya
Hər oğlunda yaşayırmı
Dağların dağ ucalığı?
Bu vaxtadək qət eləyib
Hansı qorxaq ucalığı?!
Yaxşı gündə, yaman gündə,
Özü öndə, sözü öndə.
Yaşadacaq öz köksündə
Ana torpaq ucalığı.
Hər şeir yandırıb-yaxmır,
Könüllərə birbaş axmır.
Hər ağacda şahə qalxmır
Məğrur budaq ucalığı.
Bənövşəsi vaxtsız solub,
Bu duyğudan gözü dolub.
Qusarçaya qismət olub,
Duru bulaq ucalığı!
Hər kəlməsi təzə-tərdi,
Yekrəngliyi yerə sərdi.
Ramiz ilə boy göstərdi
Sözün bayraq ucalığı!
Şeir möcüzədir
Haçan ağ ümidi üstələyir qəm,
Mənə qəhqəh çəkib qara şər gülür.
Elə ki, şeirdən uzaq düşürəm
Yerdən də, göydən də əlim üzülür.
Sağalmaz göynəkdir könül yaramda,
Şeir möcüzədir, - danışsam haqla.
İlham bir körpüdür mənim aramda,
Göydə mələklərlə, yerdə torpaqla.
Açılsın gözümdə göylərin qatı,
Uçmaq eşqim varsa ölməyəcəyəm.
Əzrayıl da bilsin, mən bu həyatı
Şeirsiz bitirə bilməyəcəyəm!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!