Bu öpüşü alnının üstünə qoy...
...və indi ki, səndən uzağam
izin ver and içim
Və deyim: - siz səhv yolda deyilsiniz.
Bilin ki, röya idi mənim bütün günlərim.
Hələ də uzaqlarda uçmaq istəyirsinizsə
bir gecə içində,
ya da bir gündüzdə,
ya əsla heç birində...
Görəsən, bu az uçmağınızdandımı?
Hər şeyi ki, xəyalımızda görürük
bir röyadır röya içində.
Dayanmışam daşqınların,
coşqunların içində.
Bir sahilin acınacaqlı dalğalarında
və mənim əllərimdə
qumların qızıl dənələri
bax gör necə zərrə-zərrə
barmaqlarımın arasından
dərinliyə cumurlar.
O halda ki, mən ağlayıram,
mən ağlayıram.
Ax, İlahi!
Kaş olaydı mən onları bir incə
qarmaqla ovlaya biləydim.
Ax, İlahi!
Kaş onları rəhmsiz dalğalar
əlindən qoruya biləydim.
Görəsən, bütün bizim
gördüklərimiz və xəyal etdiklərimiz
bir röyadırmı röya içində?
***
Bəzi hallar,
bəzi şeylər var,
ikili həyatları var.
Sanki əkiz doğulublar.
İşıqdan, maddədən qaynaqlanıb,
hüzur tapırlar
cismin kölgələrinin möhkəmliyində.
İki üzü var sükutun:
Dəniz və sahil,
cism və can.
Biri xəlvətlərdə yaşayır,
ikincisi otların arasında göyərir
və gözəlliklə,
keçmiş xatirələrlə,
ya da bir həzin əfsanəylə peyda olur.
Sükutun ikinci üzü bilirsənmi nədir?
Onun adı "heç vaxt"dır.
O, birmənalı şəkildə sükutdur,
"heç vaxt" qorxmaz,
Heç bir çirkin güc ona bata bilməz.
Birdən təcili bir tale, sonuncu şans adıyla
səni öz kölgəsiylə görüşməyə aparar.
Adsız bir pəri
səni öz uzaq tənhalıq qalasına aparar
ki,
bura kimi heç bir insanın
ayağı dəyməyib oralara...
Orda,
orada,
özünü Tanrıya tapşır!
***
Uşaq ikən başqaları kimi deyildim...
Hamı görən kimi görmədim,
şur və şövqümü başqalarının
baharından almadım,
Kədərimi o bulaqdan almadım,
qəlbimi o halətdə sevinclə doldurmadım.
Və sevdiyim hər şeyi
yalnız sevirdim...
Uşaq ikən
tufanlı həyatımın başlanğıcında
yaxşıdan, pisdən
hər nə varsa
bir sirr içimdə qalıbdır.
Seldən, ya bulaqdan,
dağların qırmızı qayasından,
mənim ətrafımda fırlanan
payızlı sarı Günəşdən,
başım üstündən uçub gedən
ildırım asimandan,
tufan və küləkdən...
...və baxışlarımda bir bulud
şeytanın cərgəsinə qoşuldu.
Tərcümə edəni: Ümid Nəccari
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!