İtirmişəm
Gülüşümü hansısa döngədə, hansısa yolda,
Bəlkə, yeraltı, bəlkə, yerüstü,
Hansısa keçiddə salıb itirmişəm?..
Harda? Necə? Kimlə?
Mən də bilmirəm...
Bir uşaq taparaq qaçıb arxamca
"Bağışlayın, xanım, gülüşünüz düşüb.
Buyurun götürün!" - deməyib mənə.
Başqa gülüşlərsə gəlmir üzümə...
Qara gözə mavi linzalar kimi
Süni təbəssüm taxıram dodaqlarıma
Taxıram... Süzülür
Kirpiklərimdən...
Yerlə göy arasında
Yerlə göy arasında
Buludların yaxasında
Allaha bir az da yaxın
Yerdən - günahlardan uzaq.
Göz gözü görmür dumandı,
Bəlkə, ölüm də belə bir andı...
Can ruhdan ayrı havada
Ya yuxuda, ya əyanda
Çəkisizlik kimi duyğu
nə sevinc, nə kədər, nə qorxu...
Duy
Bircə dəfə köynəyimi gey,
Ürəyimin ağrısını duy...
Tab gətirməsən
Əynindən soy,
Soğan qabığıtək...
Soğan da acıdır, taleyim kimi...
Gərək
Tut yarpağından İPƏK,
Qamış çubuğundan TÜTƏK
Alınırsa...
DEMƏK
Hər əşyaya,
Və hər insana
Bir az sevgi, bir az da nəvaziş
GƏRƏK...
Gedərəm
Barmaqlarının arasından
yaz çiçəkləri kimi rüzgara havalanıb gedərəm,
Qəlbim qırılsa.
Gözlərim dolsa,
bir sabah eşqdən yox,
kədərdən dolsa.
Gedərəm, vallah, gedərəm...
Mən müdrik qadınam - duyğumdan müdrik.
Bir kəlmə demərəm
yüz sözüm olsa...
Atama
Ölüm mənimçüm bir Moskva uzaqlığı qədər məsafəydi.
Bir qırmızı don alıb qayıdacaq qədər fasiləydi.
30 il oldu sən ölümə gedəli.
Uzun oldu. Gec oldu. Çox darıxdım.
Bax, böyüdüm, ata.
3 yaşlı qıza aldığın qırmızı don
33 yaşlı Xanıma gəlməz daha.
Böyüdüm...
Ayaqlarımı yerə çırpıb "atamı istiyirəm"
deyəcək çocuq boyda oldum.
Ondan böyük ola bilmədim.
Qayıt daha ölümdən - o uzaqlardan, qayıt.
Tut əlimdən,
böyümək istiyirəm.
Səni istiyirəm,
Ata...
Tanrıya məktub
Çərpələng uçurmaq istəyirəm -
Göy qurşağı kimi gülər...
Uçsun taa səmaya çatsın
Tanrı üstü markasız, rəngsiz zərfimi açsın,
Qalanını özü bilər...
Adamam
Bağlı qapılar, kip örtülmüş pərdələr arxasında,
Sönmüş çilçıraqlı otaqda
kirpiklərimi bir-birinə sıx toxuyub ağlayanam.
Dırnaqlarımla divar kağızına naxışlar salanam.
Sinəmdəki hönkürtü qulaqlarımı batırandan sonra
Həyatdan aldığım şillələrin səsinə ayılanam.
Yenidən qapıları açıb, pərdələri çəkib
pəncərədən günəşə boylanan adamam.
Hə adamam, adam kimi adamam.
Ürəyimdəki səsi dinləyə bilən adamam...
Sevdim səni
Ömrünü birnəfəsə yaşamış qocanın
Yeniyetməyə vurulduğutək
Ümidsizcə sevdim səni...
Ovucdan kəpənəklənib uzaqlaşan səadəttək
Böyük dənizdə islanmış kağız qayıqtək
Hüznlü sevdim səni...
Üfüqdə səmanın ümmanla birləşdiyi xəttək
Düz və dürüst sevdim səni...
Mən sevdim, sevdim səni...
Beşinci simfoniya
Bir addım sən, bir addım mən
İti addımlarla üz-üzə, göz-gözə gəlməyə tələsincə.
Ürəyim orkestr, hisslərim dirijor
Və "Rast" simfonik muğamı ruhumun divarlarından
birbaş yuxarı ucalır.
Son addım sən, son addım mən
Barmaqlarımızın uc nöqtəsi bir-birinə toxununca,
Donumun çiçəkli ətəyi yel vurub ayaqlarına,
Qolların tənək budaqlarıtək ruhuma sarmaşınca,
Gah "Şur", gah "Şüştər", gah "Hümayun",
Gah da "Qırxıncı simfoniya"
İfa edir ürək orkestrim.
Bir addım sən sağa, bir addım mən sağa
Adlayıb ayrılınca,
Donumun çiçəkləri ətəyimdə solunca,
Gah "Segah", gah "Bayatı-Şiraz"
Gözümdən gilələnir yanağıma az-az.
Və gecə...
Gecə yarısı Bethovenin notları
qanımla dövr edir vücudumda - "Beşinci simfoniya"!
"Tale qapımı döyür" və ya "Əzrayıl"...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!