Nəfəslə yazılan şeirlər... - Cavanşir YUSİFLİ yazır

"Formanın müqəddəs sirri" silsiləsindən

"Ədəbiyyat qəzeti"nin bu yaxınlardakı saylarından birində görkəmli şərqşünas Məsiağa Məhəmmədinin təqdimatı və tərcüməsində müasir İran alimi və şairi Kədkəninin bir şeiri çap edilmişdi. Şübhəsiz ki, Kədkəninin İmadəddin Nəsiminin ustadı Nəimiyə həsr etdiyi şeir Nəiminin təlimini və buradan xüsusən Nəsimi poeziyasına adlayan, hardasa transformasiyaya uğrayan poetik və ideoloji təcrübəni görmək və anlamaq baxımından böyük məziyyətə malikdir. Tərcüməçi həmin şeirdəki ayrı-ayrı misraların və bütövlükdə mətnin necə "yoğrulub-yapıldığını" usta şəkildə nişan verir. Fikrimizcə, bu şeirdə ümumən dünya şeiri və bədii fikrinin keçdiyi yollar da görünür, onları seyr etdikcə bir çox həqiqətlər aşkar olur. Və bu hadisəyə elə Kədkəninin müasir amerikan postmodernist şairi Çarlz Olsondan gətirdiyi sitat da daxildir. Yəni dəyişməyən şey - dəyişdirmək iradəsidir. Şeirdə çox xarakterik olan bir pasaj var:

" - Hərflər hərəkətin başlanğıcıdır,

hərəkət isə su və ağac,

ot və təbəssüm,

məktəbli uşaq və almadır,

Allahın qırmızı alması!

Mən bu əlvan üfunəti

Söz-söhbət suyu ilə yuyacağam,

çünki mənim sözlərim

dənizdən gəlir

və dənizə tələsir

yenidən".

Oppozisiyaya diqqət edin: "Mən bu əlvan üfunəti söz-söhbət suyu ilə yuyacağam" - "çünki mənim sözlərim dənizdən gəlir və dənizə tələsir yenidən". Məşhur bir deyim var, şeir heç nəyi, heç bir sirri açmır, əksinə, onun üstünü bərk-bərk örtür və qapayır. Bu şeirdən sənin (oxucunun) duyduğu və sözlə ifadə edə bilmədiyi şey əslində, Nəimini "küfr ustadı" adlandıran fanatik dindarların anlamadığı həqiqətdir. "Allahın qırmızı alması" təkcə maddi bir şey, təkcə rəng deyil, həm də daim dəyişən, təzələnən, dənizdən gəlib oraya tələsən nəsnədir, feyzdir. Allah haqqında danışan, moizə oxuyan, nitqi ibarələrlə dolu insanlar bu feyzi duymurlar, elə buna görə aqressiv davranır, onların mühakiməsinə uyğun gəlməyənləri kafir adlandırırlar.

Qəfil çevrilmə, transformasiya baş verir, Kədkəni bu təsadüfdə, sanki Nəimiyə çevrilir, onun nəfəsini içinə çəkib Nəsiminin şeirini yazır:

... Axtarıram

hərflərin yeni nizamını

və elə bir vəzni ki,

gün ilə Ruzbehanı birlikdə

mədh eləyim

və eşq Tasinini bəstələyim.

Mənim küfrüm

elə bir küfrdür ki,

heç bir Simurq

qanad çala bilməz

onun zirvəsinə.

Bu mətni tam şəkildə, bütün kökləri və mənbələri ilə anlamaq üçün ədəbi ənənələrin eyni zamanda həm keçmişinə, həm də gələcəyinə "səfər etmək" zərurəti yaranır.

Belə deyək, müasir psixologiyada "projective" deyilən bir anlayış var, hər hansı şəxsin arzu və emosiyalarının başqa bir şəxsə keçməsini, sirayət etməsini bildirir. Müasir filologiyada "proyektiv şeir" (projective verse) anlayışı da var, məsələn, amerikan şairi Çarlz Olson təsdiq edir ki, "şeir sadəcə şairin yazdığı mətni qəbul etdiyi mənbələrdən (bunun bir sıra səbəb-nəticə əlaqələri ola bilər) oxucuya ötürdüyü enerjidir. Belə olduqda şeirin özü bütün keçdiyi məntəqələrdə yüksək konstruksiyalı enerji mənbəyi kimi çıxış edir. Forma yalnız məzmunun davamıdır, düzgün forma isə istənilən şeirdə əl altındakı məzmunun yeganə və müstəsna dərəcədə mümkün davamıdır".

Çarlz Olsonun belə bir mükəmməl ideyası eyni ad altında çap edildikdən sonra başqa bir şair - Uilyam Karlos Uilyam yazdığı essedə onu daha da genişləndirdi. Karlos şeirlə, bədii mətnlə bağlı proyektiv bədii düşüncə vasitəsilə "sahələr üzrə qurma, yaratma" ideyasını irəli sürürdü. Qeyd edək ki, bu ideya əslində Ezra Paundun məşhur ideyasının başqa bir formada təkrarı idi. Paund üzünü şairlərə tutub deyirdi: "Siz şeiri metronom taktları üzərində yox, musiqi frazalarının ardıcıllığı ilə yazın". Karlos daha sonra bu ideyasına daha bir orijinal nüans əlavə etdi: "Şeir hərəkət sahəsidir, hərəkətdir". Və bu ideya Olsonun irəli sürdüyü böyük mətnin çərçivəsindən kənara çıxmadı; Olsona görə, proyektiv şeirdə əsas məqam nəfəs alıb-vermənin bir sıra qanun və imkanları ilə bağlıdır, şair... həm də öz nəfəsini dinləyib yazır.

Kədkəninin şeirindəki "hərflər hərəkətin başlanğıcıdır" misrasında yaxşı mənada "bir neçə dərənin suyu bir yerə qatılıb", belə ki, o, həm Nəiminin təlimini, həm Olsonun nəzəriyyəsini, həm də nəfəsini dinləyib şeir yazan Nəsimi və Müşfiqin, eləcə də bizim bir çox şairlərimizin "sirrini" faş edir.

Kim ki, pərvanəsifət eşqə yaxılmaz nə bilir,

Ol nə bilsin özünü, bilmədi kim, nar nədir?

Nəsiminin bu iki misrasını ənənəvi təhlil texnologiyasından istifadə etməklə çözsək, alınan şey bizə olsa-olsa klassik şərh yönümlü həqiqət parçalarını verər, ancaq məna tam olaraq gizli qalar və bizdən yan keçər. Ancaq şairin yaradıcılıq prosesində nəfəsini dinləyib yazmasını təsəvvür etsək və bunu əsas götürsək, başqa məsələlər çıxar ortaya. Bunun üçün nisbətən müasir şeirə müraciət etməliyik. Müşfiqin "Küləklər" şeirinə.

Hər səhər, hər axşam, hər axşam, hər səhər

Çox zaman sərsəri küləklər bixəbər

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər!

Bəziniz qorxulu, bəziniz qorxusuz,

Bəziniz duyğulu, bəziniz duyğusuz,

Bəziniz uyqulu, bəziniz uyqusuz,

Küləklər, küləklər, ey sərin küləklər,

Sizdə var qoxusu hər yerin, küləklər!

Bu şeirdə hər şey nəfəs kimidir, bir qavrama, hissetmə digər qavrayışa yol açır və beləcə şeir nitq aktı kimi davam edir, burada həm də formanın, sadəcə, məzmunun genişlənməsi, onun davamı olması fikri təsdiqlənir. Bu iki nəsnə - forma və məzmun bir-birinə yiyələndikcə nitqə dönüşən şeirdə hiss edilən nəsnələrin dərinlik ölçüsü məsələsi meydana çıxır. Bu məqamda Olson təsdiq edirdi ki, qafiyədə, metrika və məna ilə müqayisədə məhz nəfəs şairin əsas qayğısı olmalıdır. Çünki fikrimizcə, bunu bilmədən, bütün diqqətini cəmləyib o nəfəsin keçdiyi yolları tanımadan şeirdə məna aramağın bir önəmi qalmır. Məntiqi olan budur ki, heca və misra qulaq və nəfəslə idarə olunur.

Diqqət edin:

Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!

Gurlayın, ilhamım, sənətim gurlasın!

Fırtınam, qasırğam, qüdrətim gurlasın!

Şimşəyim parlasın, zülmətim gurlasın!

Ey məni sərazad bəsləyən küləklər,

Bir dağın başından səsləyən küləklər!

Bu dağlar, bu nalqıran dağlar Kədkənin şeirindəki "küfrlə" bağlıdır, yəni Mənim küfrüm //elə bir küfrdür ki,// heç bir Simurq//qanad çala bilməz//onun zirvəsinə. Yəni ən uca məqamda ilahi feyz hamını səsləyir, hamının, hər kəsin yolunu gözləyir, orada, o məqamda dünya bambaşqa görünür, ora çatana qədər gözlərini yumsan, dağın zirvəsində gözlərini açanda şübhəsiz ki, nitqini itirə bilərsən. Deməli, Müşfiqin şeiri, əslində, bizim klassik ənənələrlə, Füzuli və xüsusən Nəsimi ilə sıx bağlıdır. Şeirdə nitqin itirilməsi məqamı anidən baş verir, bunu sezmək belə qeyri-mümkündür.

Bu şeirdə şairin nəfəslə aldığı duyumlar bir-birinə necə hörülüb gedir, bir-birini necə doğurur, nəticədə məna həm itir, həm də hər yeni misra və bəndlə yenidən zühur edir və bu dəfə tamam başqa donda və libasda, həm də özünü dəyişdirərək, özünü parçalayıb yeni duyumlar, məna "qəfəsləri" yaradaraq.

Məhz nəfəslə duyulan şeir anlamında. Nəzərdən keçirdiyimiz poetik mətnlərdə mətnin "qurulmasının" hər bir ayrıca götürülən məqamında meydana çıxan "əşyalar", yəni nəfəslə duyulan və tanınan, təsbit edilən nəsnələrə hansısa ideya və rəylərin sırası kimi deyil, müəllifin virtual olaraq yerləşdiyi sahədə yaranmış gərginlik sahəsi kimi baxmaq lazımdır. İstənilən bədii mətndə gərginlik sahəsi mühüm elementdir və onun varlığı bilavasitə, belə deyək, şairin nəfəsinə gələn duyumları tutub saxlamaq üçündür. Bunun izahı, fikrimizcə, aşağıdakı şəkildə ola bilər. Çünki Çarlz Olsonun fikrincə, məhz nəfəs (nəfəslə "görmə") dilin bütün nitq gücünün geri, yəni öz yuvasına qayıtmasına imkan verir. Olson bu məqamda qeyd edir ki, nitq bu məqamda şeirin "bərk" (açılmamış) şəklidir, orda, bu məkanda hər şey açılmamış tumurcuq kimidir, bütün sirr, dil açmamış nəsnələr onun içindədir. Şeir nitqə, eyni zamanda isə onun bərkliyinə, "açılmamış tumurcuqlarına" yiyələndikdən sonra burada hər şey - bütün nəsnə və əşyalar elə tumurcuq kimi görünür və olur. Şairin hansısa mənbədən aldığı enerji oxucuya keçdikdə o zaman dəyişir və başqalaşır ki, oxucu bu tumurcuqların açılma məqamını görə, təsəvvür edə bilsin. Əsl feyz də elə budur.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!