Ülvi BABASOY
Linkə keçid edin: http://edebiyyatqazeti.az/news/incesenet/3676-faiq-ismayilov-seirlerinin-minimalist-tehlili-antiminimalist-kontekstde
Mövcudluq salonu
Həyatımız dini, siyasi və ədəbi illüziyaların təsirində qalarkən cılızlaşır. Yaşamaq çabası dini mahiyyətdədirsə insan ehkamlara uduzur. Siyasi məzmunlu ritorika və təsəlli ilə məhv olur. Bədii gerçəklikdə sentimental ovqata bürünür. Var olmaq duyğusunu dadmaq da, ilğımdan qurtula bilmək də nadir adamlara qismət olur. Faiq İsmayılov "Çörək dadı", "Anama yazdığım şeir" və "Kimin yadına düşəcəm" şeirlərində həyatı dini, siyasi və ədəbi mühit səhnəsinin kulisindən çəkib çıxarır. Mövcudluq salonuna dəvət edir. "Yaşamaq, var olmaq və böyük ədəbiyyat budur", - deyir:
Çörək dadı
Anam təndir odlayıb.
Anamın paltarlarının ətri hisdi.
Qızarıb anamın gözləri,
Qarsıb üzünü isti.
Anam boyundan uzun əyilir
təndirə.
Kündə yapır.
Anamın kündə yapan
əllərini öpürəm,
çörək dadır!
Təndir odlayan ananın təsviri kinematoqrafik planda təqdim edilir. Süjet və təsvir bütövləşir. Ana həm məzmunca, həm də formaca gözəldir. Təşbeh və metaforların yerinə plastik bir elastika diqqəti cəlb edir. Paltarın hisi, gözlərin və yanaqların qızarması astarı üzünə çıxan təsvir və ifadə vasitələrindən imtina etməklə formalaşır. Ananın çörək bişirməsi və həmin andakı ovqat psixologiyası "mütəhərrik təşbehlərə" çevrilir. Burada "qarsmaq", "əyilmək" və "yapmaq" feilləri məcazları əvəz edə biləcək poetik enerjiyə malikdir. "Öpmək" və "dadmaq" feilləri isə çörək qoxulu ananın dadıdır.
Anama yazdığım şeir
Deyirlər, deyirlər vaxt yaman gedir,
bir göz qırpımıdır bir günün ömrü.
Nə gedir, nə gedir ömürdən gedir, -
bir saman çöpü yox yapışmaq üçün.
Saatın, zamanın, vaxtın, vədənin
Başını bircə an aldatmaq üçün
atasan əlini
Deyirlər, deyirlər vaxt yaman gedir,
bir macal tapılmır başlar qaşına,
papaq hərlənməmiş aylar ələnir,
aylara qoşulub geniş çöllərin
arpası, buğdası, dəni ələnir.
bir də baxırsan ki, çatmısan qışa,
göylərin ağappaq qarı ələnir.
Deyirlər, deyirlər vaxt yaman gedir,
ayaq izləri də tökülüb qalır,
şəkil alınlarda, şəkil üzlərdə.
Faiq ümumiləşdirmə aparır. Bədii ümumiləşdirmə fonunda öz anasının avtoportretini yaradır. Ana vaxtın, vədənin sürətli və dinamik intervalında görünürmü? Dini, siyasi və ədəbi mühitə ilişib qalmadığı üçün nəzər və diqqətləri özünə cəlb edir. Ömrün sonuna - qışına çatan ana bəxtəvərdir. Çünki həyatı və övladlarını duya-duya yaşayıb. Ömrün əldən çıxması ananı kədərləndirmir. Axı daim mövcud olduğunu özündə və övladlarının həyatında hiss edib. Məhzun və kədərli anlar belə doğma və əzizdir. "Anama yazdığım şeir" interpretasiyaya sığmır. Antimodernistdir. Antisemantikdir. Çünki şeir sənəti çox vaxt şərh və yozumlara ehtiyac hiss etmir. Bu şeir həyat kulisində məhv edilən anlara can atan zövq düşkünlərinə antireaksiya kimi yaranıb.
Kimin yadına düşəcəm
Kimin yadına düşəcəm
bir isti yay günü,
O ayna sularınmı?
Üzümü özündə saxlamır.
Kimin yadına düşəcəm
Yağışlı bir payız,
O asfalt yolarınmı?
İzimi özündə saxlamır.
Kimin yadına düşəcəm
bir ağappaq gecə,
o qərib ruhlarınmı?
Özümü özündə saxlamır.
"Kimin yadına düşəcəm" şeiri ilə "Çörək dadı" və "Anam üçün yazdığım şeir" şeirlərində ananın avtoportretindən Faiq İsmayılovun bioqrafiyasına keçid baş verir. "Kimin yadına düşəcəm" şeirində estetik obyekt ifadəli və paradoksaldır. Yəni insanın bu dünya ilə əlaqəsi var olmaqla, həyatın davamlı və ardıcıl tezliyi ilə mümkündür. Əks halda obrazlı, ritorik və paradoksal səciyyə daşıyır. Ətraf mühitlə fiziki və metafiziki əlaqəni həyatın davamlı olması şərtləndirir. Şair isə ayna sular, asfalt yollar və qərib ruhlar arasındakı olum-ölüm mübarizəsini güman və şübhə, sual və cavab arasındakı ziddiyyətlə tarazlayır. Şair duyğuları qəsdən tövsiyə edir. Çünki duyğu yaşanılan bir nəsnə olsa da, öləziyib, yaddan çıxıbdır. "Kimin yadına düşəcəm?" təklif və tövsiyənin estetik və ritorik sualıdır. Faiq deyir ki, "İynə boyu" şeirlərimi oxuyan oxucuların aynasına, poeziyadan aldıqları zövq miqyasında gediləcək yollarına və ruhlarının təcrübə tendensiyasına çevriləcəm.
Faiqin şeirlərindəki estetik obyekt, simvolizm və "məzmun estetikası" fikir və zövqə obyektiv münasibət kimi də doğa bilir. Hərçənd ki, şeir subyektiv ifadə və təcrübənin məhsuludur. Ancaq ifadə estetikası üçün estetik obyekt insan və hər şeydir. Və Faiq İsmayılovun "İynə boyu" şeirləri hər bir oxucunun üzərində iz buraxır. Həmin estetika izləri Faiqi yaşadır və yaşadacaq. Faiq İsmayılov həyatın kulisində ölən duyğuları, hissləri və qənəatləri modernist və antimodernist kontekstdə səhnəyə, oradan da həyata köçürür. Ayna sularda, asfalt yollarda və qərib ruhlarda mövcud olan poeziya arxetip və arxefaktına çevrilir. Zülmət qaranlıqda unudulmaq duyğusunu iynə boyu işıq selinə bürüyür. Və doğum unudulmur.
Və sükut, sükut, sükut... Gözünü yuman bütün dünyanı zülmət qaranlıqda təsəvvür edər...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!