Faşizmin qurbanı, zülmə əsir düşən
milyard-milyard tifaqların tale
mənzərəsindən biri. Bir ilğımlıq... faciə
Süd yolu, Kəhkəşan! Ağyol, Ağcayol!
Sudan duru, Aydan da arıca yol!
Ehey!..
Sehrli kainat, sirli kainat!
İndən sonra
İnsanlardan
Muğayat ol, muğayat ol, muğayat!!!...
***
Gör ki, nə vaxtdır,
bu yolun köksünə yağış, qar yağır.
Bir gör havaxtdır
bu ananın fikrini
yorğun yollar... dağıdır!..
Gör ki, nə vaxtdır,
qolları, əlləri oğul arayır,
Bir gör havaxtdır
Bu ananın ağ saçını
qərib... küləklər darayır...
***
...Gün üşüyür, şeh düşür, axşamçağıdır,
doqqazın yanında bir ana durub,
elə deyən yenə də "Tələt!..",
"Tələtim!.." çağırır.
Gör neçə ildir, gözləri beləcə giryan qalıbdır.
Gör neçə ildir, sözləri beləcə pünhan qalıbdır.
Oğlunun yolunu gözləyir hər gün,
həsrəti çoxalır, artır günbəgün.
Havax qollarını dolayacaqdır,
oğlunun o uzun, uca boyuna?
Bəs havax ocağı qalayacaqdır,
oğul balasının o şah toyuna?
O son vida günü bu ayda olub -
O çağdan doyunca deyib-gülməyir,
Bağçada gülləri dam boyda olub
Bu qatar gəlməyir, gəlmir ki, gəlmir!
...Bir şəkil bəzənib lap gəlin kimi
asılıb divardan, tənha evində.
Biri də əbədi bir nənni kimi
qorunub yellənir öz ürəyində!..
Biri də, biri də sol ovcundadır,
sifariş etmişdir zərgər Hüseynə-
bir qızıl üzükdür, üstündə şəkil
oğul balasıdır, kimin işinə,
verəcək "muştuluq" deyən birinə.
...Muştuluq istəyən? Niyə gəlmirsən,
Muştuluq istəyən! Niyə bilmirsən,
O ananın yuxuları qarışır,
O ananın yuxuları qışqırır:
"- Getmə, oğul!
Bu naçar gecəni tərk etmə, oğul!
Dünən də beləydi. Gəldin və getdin.
Əlini əlimdən axı kim aldı?
Dünən də beləydi, əllərin buz parçasıydı...
Eləcə əlimin içində qaldı.
...Sən Allah, keç otur,
Gəl otur yanımda, bir az danışaq...
Sonra tutum əlindən o dağları dolaşaq.
O dağda tütək çalınır, ocaq qalanır,
O dağdan salxım-salxım yaşıl otlar sallanır.
Getmə, oğul! Getmə, getmə!
Getmə, ürəyim yanır.
O tütəyin səsini eşitmirsənmi?
Söylə, duyuq düşmürsənmi?
O ocağın yanında bir qız durub,
gözləri şölələnir,
yaşıl donu yaşıl-yaşıl yellənir.
Yüyürüb üstünə gəlir!..
Bir gör necə hövüllənir!..
Lap indicə, gizlicə öpəcəkdir üzündən,
üstəlik də öpəcəkdir bir cüt qara gözündən.
Bəs necə? Bir azdan tüğyan olacaq,
adamlar doluşacaq.
Budur, qavallar qavallandı!
Budur, qollar göydə havalandı!
Avazlar tökülür bu gecənin qoynundan,
Bax, yaxşı bax,
Mənim bu çaşqın əllərim
O tuti dilli, o bəyaz qızın
bir çələng də keçirir o sürahi boyundan...
Tələtim! Dövlətim, səltənətim!
Niyə susmusan?
Niyə dinmirsən?
Bəlkə məndən incimisən?
Boynun niyə bükülü?
Gözlərin dünyadan niyə küsülü?..".
...Kimsə yoxdur, nə bir nəfəs, nə bir səs!
haraylar açılır o ananın qulaqlarında,
damlalar quruyur yanaqlarında.
Yuxular qarışır, yuxular çaşır,
yuxular alışır, yuxular yanır-
Bir ağ səhra, kimsəsiz səhra
Param-parça parçalanıb paralanır.
Bu mənhus yuxuda, munis yuxuda
o igidin...
sinəsini qan aparır...
Kimsəsiz səhrada, bu lal səhrada-
bu acı, göynəmli göy yuxularda
Ana qollarıdır deyən, bu cürə
kimisə arayır, gəzib dolaşır.
Bu səssiz kədərə, sözsüz kədərə
son nəqarət kimi, son vida kimi
külək zümüldəyir, buludlar aşır...
***
Ölənlər öldülər. Qalanlar qaldı.
Qalanların ağrısı hara qalandı?
41-dən
"şəkil" qaldı.
41-dən
şəkil qaldı, sübut qaldı, dəlil qaldı.
41-dən
milyon-milyon əlil qaldı.
Yer üzünün ən gözəl kişisi!
Bibimin bir dənəsi! Tələtim!
Naməlum qəbrinin üstdə -
naməlum, təzətər əklil qaldı...
Qarı bibim, yumaq bibim!
Endir qollarını göydən aşağı,
Sənin oğul qatilin -
Hitler çoxdan zəlil qaldı!
Belə işlər Bəyim bibim,
Ağlama, ürəyim bibim!
***
...Kirpik döyüb, mürgüləyir Karvanqıran,
Gecə keçir yarıdan.
Göyün üzü sakitdir.
Bir azdan dan söküləcək.
Bir azdan Günəş güləcək.
Bu sübh - 9 May. Yollar çiçəkləyəcək.
Bu sübh yer də, göy də ləçəkləyəcək.
Bu sübh Tələtin anası
bilirsizmi, necə həsrət çəkəcək bir cana?..
Qoyub boynunu doqqaza
Seyrək kirpiyində işıldaquşlar...
elə müdam... titrək-titrək gülümsəyəcək...
Sonra da
Ovcunda sıx saxladığı
qırxillik "o muştuluğu"
aydınlıqdır deyə, çox ehtiyatla
alıb suya sallayacaq...
İnanırdı düz qırx il! İndi niyə karıxdı?
Yoxsa...Yoxsa... O muştuluq darıxdı?
"Ay lolo! Gedənləri neylədin?
Ay lolo! Ərənləri neylədin?".
Oxudu. Bir ağız da yana-yana oxudu.
Ürəyi yuxaydı, sözü yuxaydı,
bütün itkinlərin qərib ruhunu
yamanca oxşadı, yaman oxudu...
Budur, qızıla büründü suların üzü,
Üsulluca aldı sular, həmən... qızıl üzüyü...
Ananın ürəyi yanıb-yaxılır,
Baxır, baxır, uzun-uzadı,
baxır, son ümidin ardıyca baxır.
İndicə enəcək suyun tərkinə, suya yatacaq,
qırx illik o misqal... lilə batacaq!
Tələtin anası itkin oğlunun
Uzun qollarını, uca boyunu
ilğımlar içində qucaqlayacaq:
"- Bunlar nədir, ay oğul, düzmüsən elə?"
"- Bu "Qələbə ordenidir",
bu "Qızıl ulduz". Bu da..."
"- A boyuna qurban olum,
sən də Mirabbas kimisən?
Sən də faşes öldürmüsən?"
"- Sonra danışaram, ay ana,
De görüm yolumu gözləyib Ayna?".
"- Dədə vay! Bəs Həvva?".
"- Həvva? Hə, Yevanı deyirsən...ha, ha, ha!..
Yevanı ömürlük ötürdüm Hansa".
"- Gətir öpüm alnını. Bilirdim ağıllısan.
Ha dili, dili... Bu gün elçi gedəcəyəm.
Ha dili, dili... Bu gün də toy edəcəyəm".
...İlğımlar içində o yazıq ana
hələ çox səksənib, çox oyanacaq.
Sonra da, sonra da,
Aldadıb özü-özünü, çəpik vurub, bir hovur
"Vağzalı" oynayacaq...
Vağzalı çalınır yollar üstündə,
Çələnglər bağlanır yollar üstündə,
Qollar qollara qalanır qollar üstündə.
Bir yumaq ana da
nə vaxtdandır hey
Sallanıb qalıbdır göy sular üstdə!..
Bu gün yaman üşünüb.
Bu gün daşınıb, düşünüb,
heç vədə olmayantək
Bu gün yaman duyuq düşüb.
Ayırıb lal suları əlləriylə O
Öpüb məlul suları telləriylə O
Ürkək-ürkək baxınaraq o yan-bu yana
İçini doğrayan o bircə sözü -
Bağrı yara qalan bir pıçıltını
oyub tökdü yana-yana sular üstünə:
- Tələtim! Məzarın hanı?
***
Mir misqal söz! Bir misqal!
Bir misqal söz uçur əngin göylərdə,
Uçur nəm göylərin dərinliyində...
...Bəyim ana, ürəyim ana!
Çək başını sulardan.
"Əlbəttə ki, sənin oğlun sağ qalmışdır,
ad almışdır davada!..".
Bəyim ana, ürəyim ana!
Məgər görmürsən?
Görmürsənmi "o pıçıltı" qanad açıb,
uçur havada?
Uçur, uçur, qu kimi.
Uçur bir qom pərğu kimi.
O yurdsuz, yuvasız, o daşsız məzar
Göylərin ən göynək gümüş sehridir,
O gümüşü sehrin gümüş rüzgarı
Göylərin ən nəhəng cəvahiridir!
Uçur ağ yollarda, ağca yollarda -
Uçur buludların lağımlarında,
Uçur süd yolunun ilğımlarında!
Uçur əbədiyyət pərdəsidir, O!
Uçur, son evinə gedəsidir, O!
Gözləyir yolunu bütün ulduzlar.
yığışıb o ki var, ağlayacaqlar.
Onun başdaşısı Ay olacaqdır,
Buludlar yamanca doluxacaqdır.
Quşlar bu kədəri erkən duyacaq-
Onun vida nəğməsini, sübh duasını
Quşların özləri oxuyacaqdır!..
***
Bir ana laylası, bir ana səsi
Baş alıb axırdı üzüyuxarı.
Bir ana harayı, ana sədası
vurub çaxnaşdırdı ağ buludları:
- Süd yolu, Kəhkəşan! Ağyol, Ağcayol!
Sudan duru, Aydan da arıca yol!
Ehey!..
Sehrli kainat, sirli kainat!
İndən sonra
İnsanlardan
Muğayat ol, muğayat ol, muğayat!!!...
1981-ci il
Əsər 1984-cü ildə Azərbaycan Radiosu ilə efirdə səsləndirilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!