Payız şeiri
Yarpaqlar saraldı, soldu, bozardı...
Bir vaxt bu xəzəl də bir laləzardı...
Payızlar gələndə şeir yazardım,
Ürəyim bomboşdu niyə - bilmirəm...
Daha payızları duya bilmirəm.
Yarpaqlar hər yandan yağır üstümə
O tək buludu da çağır üstümə...
Ağaclar əyilir cığır üstünə -
əyilir yarpağa, suya - bilmirəm
Daha payızları duya bilmirəm.
Öpür üz-gözümdən uçan yarpaqlar,
ağacdan inciyib qaçan yarpaqlar...
...Bəs fidan ümidlər haçan yarpaqlar,
haçan boylanarlar göyə - bilmirəm.
Daha payızları duya bilmirəm.
Bu payız heç kimin sözünə baxmır,
Yalanına baxmır, düzünə baxmır...
Bu payız mənim də üzümə baxmır
Ha desəm payızdan doya bilmirəm...
Daha payızları duya bilmirəm...
Hər payız bir ömrə baş vurur yenə,
Eh, hələ qarşıda qış durur yenə...
Ömrün payızımı çaşdırır məni -
Etiraf eləyə, deyə bilmirəm...
Daha payızları duya bilmirəm...
Bu gecə
Yuxusuz şəhərdə yuxusuz külək
Gəzir küçələri veyillənərək...
Gəlin paltarının düymələritək
bu gecə dartınır səhərə doğru.
Yuxusuz adamlar gecəni yorur
Yuxusuz işıqlar küçəni yorur.
Qırmızı işıqda keçəni görüb
Bu gecə dartınır səhərə doğru.
Gecə var yüngüldü, quş kimi uçur
Gecə var gözünü zülümlə açır.
...Bir cüt əxlaqsızın əlindən qaçıb
bu gecə dartınır səhərə doğru.
O qədər yüklənib yük çəkə bilmir,
nəfəsi təngiyir, tək çəkə bilmir.
Minirlər, deyirlər çək, çəkə bilmir,
bu gecə dartınır səhərə doğru.
Bu gecə dartınır burax da getsin,
nə haqla gəlmişdi o haqla getsin...
...Oxunmuş kitabtək varaqla getsin -
bu gecə dartınır səhərə doğru.
Yadında varmı...
Düz əlli il əvvəl, ya yüz il əvvəl,
Yüz əlli il əvvəl, ya yüz il əvvəl
yadında varmı
bir kənd kənarında alçaqdan bir ev,
divarı samanlı palçıqdan bir ev
evin arxasında bir ot tayası...
O ot tayasında düz yüz il əvvəl
Sənin quzun üçün ot oğurladım.
(Sənin sözün üçün ot oğurladım,
sənin gözün üçün ot oğurladım,
gözünü, sözünü sevirdim çünki)
Elə o gündən də yaman sevindim.
Elə o gündən də o ot tayası
döndü bizim üçün görüş yerinə -
tayanın altında yuvamız oldu.
Yuvamız da döndü döyüş yerinə
bir öpüş üstündə davamız oldu...
Yüz əlli il əvvəl yadında varmı
yovşan qoxuyurdu o ot tayası.
Biz göz-gözə durub sakit baxanda
Nəğmə oxuyurdu o ot tayası...
Düz əlli il əvvəl, ya yüz il əvvəl
yadında varmı
Gündoğanı vardı ot tayasının,
günbatanı vardı ot tayasının...
səni qarşılardım gündoğanında,
Səni ötürərdim günbatanında -
Səni axtarardı atan-anangil...
(Sənin o ananın, lap atanın da!..)
Yüz əlli il əvvəl yadında varmı
Taya azaldıqca quzu böyüdü.
Quzu böyüdükcə biz də böyüdük.
Sizdən bizə gələn iz də böyüdü,
bizdən sizə gedən iz də böyüdü...
Taya azaldıqca, iz böyüdükcə
söhbət də böyüdü, söz də böyüdü...
Düz əlli il əvvəl, ya yüz il əvvəl
hayıf ki, o taya, o ot tayası,
o arzu tayası, murad tayası,
o yovşan qoxusu yaza qalmadı...
Yaza nə qaldısa yadımdan çıxıb,
yazda nə oldusa yadımdan çıxıb.
Düz əlli il əvvəl, ya yüz il əvvəl
az zaman deyil...
Bəs sənin, bəs sənin yadında varmı...
O sevgi bir şirin nağıldı...
Daha bu qapını döyənim gəlməz,
Boynuma sarılıb öyənim gəlməz.
Daha o nağılı deyənim gəlməz...
O sevgi bir şirin nağıldı qaldı...
Yazı gözləmədi, qış oldu getdi,
Uçdu əllərimdən quş oldu getdi...
Mən dedim bircəmsən, beş oldu getdi...
O sevgi bir şirin nağıldı qaldı...
İşıqlı yolumu duman eylədi,
Yaxşı deyə-deyə yaman eylədi.
Dedi neylədisə, zaman eylədi...
O sevgi bir şirin nağıldı qaldı...
Yaylaq ürəyimdə yayladı getdi,
Hissimlə-duyğumla oynadı getdi.
Mənə nə nağıllar söylədi getdi...
O sevgi bir şirin nağıldı qaldı...
Göydə göyüm vardı göyümdən oldum,
İlimdən gen düşdüm, ayımdan oldum.
Eh, daha nə fərqi nəyimdən oldum...
O sevgi bir şirin nağıldı qaldı...
...Bir az fikirliyəm, bir az da qəmli,
Bir az da gecələr gözləri nəmli...
Bir onu bilirəm, eh, o sənəmli
O sevgi bir şirin nağıldı qaldı...
Məktub
Əlim salam deyir bulud zülfünə,
Əlim salam deyir sinənə sənin;
Desəm də o qızın unut zülfünü,
Desəm də qoymaram dünənə səni...
Saçım əllərini soruşur hər gün
Gözüm gözlərinə salam göndərir.
Yoxluğun işimə qarışır hər gün,
Ümid də bu yandan yalan göndərir.
Əlimi danlayıb deyirəm bəsdi,
O zülf o zamandan unudub səni;
Titrəyib gəzməyin saçları üstə
bir sərxoş əl kimi tanıdıb səni.
Bir əlim yerdədir, bir əlim göydə -
üstümə gəlmirlər qorxularından.
Sən də saçlarına, zülfünə söylə
gəlməsin əlimin yuxularına...
Və birdən...
Daha cavan deyiləm
Gücüm də yox uçmağa,
Tənhalıqdan qaçmağa...
Nola bir gün yenə də
zəng eləyə çinarlar,
məktub yaza söyüdlər...
Birdən qapım döyülə
gedəm qapı açmağa
mən titrəyə-titrəyə,
mən əyilə-əyilə...
Birdən qapım döyülə
və birdən...
sən gələsən!..
...Küləklər pəncərəmi
döyə-döyə qışqıra,
deyə-deyə qışqıra:
O qız burdan keçdi gəl!
Söyə-söyə qışqıra:
O qız bur-dan keç-di gəll!..
Əllərim əsə-əsə
mən qapıya tələsəm
və birdən...
sən gələsən!..
...Beləcə,
gündüz-gecə
aldadıram özümü.
Qapıdan, pəncərədən
Çəkəmmirəm gözümü...
Nola bir gün yenə də
zəng eləyə çinarlar,
məktub yaza söyüdlər...
Birdən qapım döyülə
və birdən...
eh, nə birdən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!