Azərbaycan lövhələri... - Elxan Zal Qaraxanlı

Biz Azəri Vayjaya gələndə hər yan göylüyün içində üzürdü. Dinc və barışlı şəkildə çiçəkdən-çiçəyə qonan arıların uçuşduğu bir çəməndə yurd qurduq. Ata Qam maqları tör başına çağırdı, qeybdən eşitdiyi mətləbləri anlatdı, yeni törələr qoydu və sonda dedi: - Yüz illər ötəcək və siz təzədən diriləcəksiniz. Tanrı işığı yenə də Əbədi Elin üstündə olacaq. Türk olmanın dadını bulacaq, törənizə dönəcəksiniz. Onda türklərin atası gələcək və sizi qazanmadan-qazanmaya aparacaq..."Daş Bitik", hicrətdən 7000 il öncə...

 

Min il tapdalandı, min il talandı,

Min il ayaq altda qaldı bu torpaq.

Köyləri, kəndləri oda qalandı,

Küncə sıxılanda özünü dandı,

Doğma torpağında zəncirlənən xalq.

Hər dövrə vurduqca zamanın pəri,

Tarixin qan içən cahangirləri,

Bu yurdu özünə meydan seçibdir,

Hər daşın üstündən ölüm keçibdir,

Burda Keyxosrovun kəsilmiş başı,

Tuluğun içində al qan içibdir.

 

Hər daşı qaldırsan min dastan deyər,

Min il əvvəl olan el savaşından.

Deyərlər, Feyləqus oğlu İskəndər,

Yunan ordusuna olarkən rəhbər,

Qüllələr yapdırıb insan başından.

Burda Bərdə qızı şanlı Nüşabə,

Qadın qeyrətini qoyub nişanə.

Bu ellər dönəndə min-min tonqala,

Düşmənə gor olub son ev, son qala.

Burda arslanürək ərənlər ilə,

Yanaşı vuruşub amazonkalar.

 

Pompeyin yenilməz legionları,

Burda mələr qalıb üzü torpağa.

Alplar ölkəsinin ər oğlanları,

Meydan savaşında yendi onları,

Yendi qılınclardan od yağa-yağa.

O şanlı günlərin əsrarlığında,

Gizlənən günlər var əsr ağırlığında!

Burda ərlər olub, ərənlər olub,

Babəklər, Arslanlar, Kərəmlər olub,

Bir savaş günündə Şah İsmayılın,

Topu kəsdiyini görənlər olub.

 

Bir üzü Rum eli, bir üzü Altay,

Göy Tanrı atamız, Umay qatdadır.

Aldıq ululardan törəni lay-lay,

Məhrəm işigini səpəndə Umay,

Duyduq ki, kökümüz kainatdadır.

Biz savaş eşqiylə kür idik, - gəldik,

Adəm övladına sirr idik, - gəldik.

Göy səma altında yollar bizə yar,

Keçilməz yolları qət etdik suvar,

İran ölkəsinin firiştələri,

Bizə dev savaşda həmyol oldular.

 

Ari Vayjasını keçdik atüstü,

Azəri Vayjaya yuxulu gəldik.

Dünya dəyişkəndir, yolları tüstü,

Odlu canımızı yaxanda isti,

Tanrı ərləritək toxumlu gəldik..

Dünya kitabında söz burum-burum

Türkün sədasını yay ey tamburum!

Gəldik od elinə, kimlər çökdülər? -

Daralar çokdülər, Kirlər çökdülər,

Azəri Vayjaya türk sözü yaydıq,

Kahinlər çökdülər, pirlər çökdülər.

 

Burası bir ölkə - Azəri Vayja,

Onun atəşində türk toxumu-salt.

Biz qan axıtmışıq, çox vermişik can,

Savaş meydanında qazansaq da san,

Yenilgi günündə olmamışıq alt.

Dastanlar verimli, türkülər dərin,

Yatmışıq sırtında xatirələrin.

Novruz gecəsində güllər açanda,

Səhərin ulduzu işıq saçanda,

Aləm çadırında tör başı qurduq,

Atəşlər ölkəsi Azərbaycanda.

 

Azər torpağının yanğısı qutsal,

Hərə öz içində bir od bitirib.

Turan ağacında şaxəli bir dal,

İtmiş kitabını axtaranda xalq,

Bir qam Göy Tanrıdan törə gətirib.

Bunu tör başında ata qam dedi -

Türklər törəlidir, törə əbədi!

Dünyanı nizamla fırladır qanun,

Tanrı qanunuyla yaşayar budun.

Bu Yer dağılmasa, bu Göy çökməsə,

Pozulmaz törəsi ilahi odun.

 

Savaş kitabında biz zər idikmi?

Babalar söylədi türkündü dünya!

Yeri başdan-başa gəzər idikmi,

Biz Şirvan idikmi, Xəzər idikmi?

Dünya səltənəti qururduq guya!

Üfüqdən-üfüqə keçdikcə çəri,

Bir az oturaqdıq, bir az köçəri.

Unutduq atəşi, unutduq qamı,

Könül isindirdi İncilin tamı,

Oğuzun mübarək bahadırları,

Qopuzla yaydılar ulu İslamı.

 

Məhrəm işığını çilədikcə şəm,

Zaman öz atını çapdı yarına,

Zəfər balbalını yonduqca tişə,

Dönüb əcdadların torpaqlarına,

Biz Səlcuq ordusu olduq möhtəşəm!

Küllüyün altından durdu Naxçıvan,

Biz olduq, İrana, Turana sultan.

Şəmsəddin Eltengiz azman bir sütun,

Arslanlar doğurdu Möminə xatun,

Beyrək baxışlarla baxdı dünyaya,

Şanlı səltənəti müqəddəs odun.

Çaldı qopuzunu Qorqud dədələr,

Ulu azanların gur gəldi səsi.

Şöhrət tonqalını yandırdı zəfər,

Allah kəlamıyla ellərə rəhbər

Oldu, bu müqəddəs odlar ölkəsi.

Gəncənin şöhrəti gəzdi dünyanı,

Onda Nizamiydi könüllər xanı.

Şahənə misralar doğan günlərin,

Sirli xəzinəsi fikirdən dərin.

Leylayla Məcnunun hekayətini,

Burada yaşadı Fərhadla Şirin.

 

Zəfər türküsünü çaldıranda zəng,

Çingiz orduları sədlər keçdilər.

Tarix kitabını yazdıqca lələk,

Günləri gün üstə fırladı fələk,

Ellər su yerinə dərd-qəm içdilər.

Dua göy üzündə, kök dərindədir,

Bu ellər Tanrının nəzərindədir.

İman qalasını yenmək çox çətin,

Səmadan verilib bu kitab, bu din,

Orta əsrlərin üfüqlərində,

Günəştək parladı Tusi Nəsrəddin.

 

Açılmaz tarixin sirli bağları,

Savaşın səhnəsi min oyunludur.

Zülmətə bürünmüş orta çağların,

Üstündə yelləyən türk bayraqları,

Qara qoyunludur, Ağ qoyunludur.

Türkün rəşadəti cinlər ürküdür,

Qoru ulu Tanrım, qoru türkümü!

Sükutun ardınca son savaş gəlir,

Bayraq ləngərində al qumaş gəlir,

Bölünmüş elləri birləşdirməyə,

Dodağı dualı qızılbaş gəlir.

 

Bu dünya çox görüb ulu şahları,

Can Allah sözünə, tən gücə mayıl.

Taleyin köhləni açdı bağları,

Didilib dağılmış bu torpaqları,

Bir bayraq altına yığdı İsmayıl.

Doğulub türklüyün arzularından,

"Qazilər, şah mənəm"! - dedi o mərdan.

Düşmənlər var isə, xıncaram - dedi,

Tuğumu zirvəyə sancaram - dedi.

Burda, Azərbaycan torpaqlarında,

Bumınam, Teymuram, Səncərəm - dedi.

 

El başsız qalanda bircə anlığa,

Ortadan qaçmağa köklənir ulus,

Xor baxıb alplığa, qəhrəmanlığa,

Ölkə bölünəndə əlli xanlığa,

İti süngüsünü parladar urus.

Qəflət mürgüsündə dəm alanda biz,

Bakıdan aralı salındı Təbriz.

Yenilmiş elatlar olmaz özündə,

Məmləkət yaşadı şair sözündə,

Tanrı müjdəçisi ər olmayanda,

Millətin murazı qalar gözündə.

 

Ümid qılıncımız yaşadı qında,

Gözlədik nə vaxtsa zəfər gələcək.

Əsrin zülmətini dağıdanda dan,

İşıqlı başların arzularından,

Xilaskar gələcək, Heydər gələcək.

Torpağın bağrından bir ərdi, gəldi,

Xalqın gözlədiyi Heydərdi - gəldi.

Ehey, məmləkətin vətəndaşları,

Yüksəliş əsrinin qızıl başları,

Keçmiş əzəmətin xarabasında,

Bir bina tikirik, yığın daşları.

 

Bilsin kafir mərə, bilsin dış aləm,

Zəfər çağlarımız hələ öndədir.

Bir yol yenilmişik, qoy olsun, nə qəm...

Səmadan verilən qılınc və qələm,

Hər vətən oğlunun ürəyindədir.

Savaş mələyinin öz öş günü var,

Əsir torpaqların dönüş günü var!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!