Yol
Keçib gecənin qaranlığından
Axşamın toranlığına qayıdır.
Çırpır qanadlarını geriyə zaman
Əvvəlinə tələsir...
Axşamın sinəsində
Buludlu göyün
Torpağın yaşıllığına düşən
kölgəsini sıyırıb açmaq istəyən
Külək əsir...
Uzanır ağacların əlləri
Yuxulu səhərin yarısoyuqluğuna
Yarısakitliyinə
Küçənin
Yarıadamsızlığına.
Fənərlərin sarı işıqları bir-bir sönür...
Zaman
Qəfəsə salınmış insanların
Qəfəsə salınmış qağayı səsidir.
Hardasa dəniz var...
Hardasa...
Ürəyinin ən gizli yerində
gömgöy dərinlik döyünür...
Keçib bu qapının arxasından
Bu dörd divarın içindən
Çiyinlərimi çəkib aparıram.
Aparıram,
Əvvəl onlar xilas edilməlidir...
Sonra
Zindan kimi ağır,
Kəpənək qədər yüngül əllər haqda
düşünmək olar.
Sonra
Qəlbimizdə kök salmış yaraya
doğru gedilməlidir...
Kim bilir - heç kim,
Belə yaxşıdır...
Gözümüzün dərinliyindəki sirri
əlimizdən almasınlar deyə
Susmalıyıq...
Ən gözəl sevgilərdən sonra
ən gözəl ağrılar gəlir...
Ən gözəl ağrılarımızın
qollarını geniş açıb
Torpağa qısılmalıyıq....
Bir gün ordan
Bir təbəssüm qaynayıb
Özünü örtülü pəncərələrə çırpacaq.
Ya şüşələr sınıb töküləcək
Günəş işığına boyanmış
səhərin sinəsinə...
Ya da...
Ya da...
Söyləmək istəmirəm...
***
Çöllərin kişi ruhunun pıçıltıları
Dumanlı günlərdə açır sirrini
Gözlərini yumub içinə çəkir göyü,
su damcılarını
Ayaq səslərini
və
ayaq izlərini qadın arzularının...
Çöllərin
Köynəyinin altında kişi ürəyi döyünür
Kişi qısqanclığıdır
Bütün çiçəklərin oyanış səbəbi
Açılır
Solur
Gəldiyi yerə - bətninə dönür...
Çöllərin sükutunda...
Ah, bu çöllərin sükutunda nə pıçıltılar,
Nə yaşanmamış sevgilər gizlənir...
Göylərin nəyi varsa, qat-qat keçib
Kişinin sinəsinə enir...
Orda
Hər şey bir qadının yolunu gözləyəcək...
***
Təbriz,
Telləri üzünə dağılan
qadınlar kimi üsyankar,
Başını aşağı salıb keçən
kişilər kimi düşüncəli,
Yüzilliklər qədər heç yerə
tələsməyən Təbriz...
Küçələrində
Ağacları qədər azadlıq,
Dalanlarında qaranlıqdan işığa
qapı doğulan
Küləklərini içinə çəkib əsməyən Təbriz...
Bahar gəldimi
Buludların bir gəlib, bir gedər
göyünün üzündən
Şimşək
Kəsər gecəni qırx yerdən
Qonar əllərinə yaşıl yarpaqlar,
sarı çiçəklər,
Anqappaq kəpənəklər...
Söylə,
Söylə nağıllarını naxışlarında gizlətsinlər
Sirrini hücrələrində
Xiyabanlarındakı
Ayaq izlərində yuxunu
Hanı,
Hanı barmaqlarının toxunduğu
gümüş tellər,
Hanı qolumdan tutub dartan güclü biləklər...
Tanrını
Dodaqlarında duaya çevirmisən
Eşqi ürəyində oda.
Mən desəm də, deməsəm də
gizli-gizli gülümsəyirsən
Gülümsəyirsən ipək köynəyinin
yaxasını düymələdikcə,
Geyindikcə çöl-bayır libasını səhər-səhər...
***
Ayrılmaz bu gecənin
Ay doğan genişliyindən işıq
Çəkməz əllərini
küçə fənərlərinin yaxasından kölgə
Xəfif-xəfif dindirər
ayaq səslərini qumlu səki
Ağacların
Göy üzünü tora salan budaqları
xəlvətcə boylanar
Şəhərin sirrinə doğru -
bəlkə... bəlkə... bəlkə...
Uzaqdan
Su parıldayar, işım-işım,
Uzaqdan yaz quşlarının
qanad çırpıntıları gələr.
Evlərin
Kədərli, kədərsiz tənhalığında
Sönər
Sönər qaranlığa doğru bütün pəncərələr...
Yuxusunu kim pozar bu nağılın,
Kim yozar qapalı gözlərinin
o tayındakı yolların açmasını?
Mən
Nə gedən qonaqlara qulaq verərəm,
nə gələn qonaqlara,
İzlərəm
Kiçik bir qız uşağının
çöllərə doğru qaçmasını...
Kimsə, Tanrının unudulduğunu düşünə bilər,
Kimsə getdiyini
Bu könül məbədləri bağçalarında
Üstünə kölgə enən
çınqıllı səkilərdən yayılan səsin
Ürəyimizə etdiyini
Bəndə bəndəyə,
Tanrı yer üzünə etməz...
Yaralı ağacların yarasının sağaldığı,
Ağrısının səngidiyi zamandır.
Qoparmayın çiçəkli budaqları gövdəsindən,
Hər gecə
Qoşa işıqlar baxır pəncərəmin o tayından
Qəlbimin
Göz yaşları gülümsəyən
adamlar ölkəsində...
Mən öz həsrətimin dərinliyində,
Mən öz kədərimin qaranlığında
Bir ovuc içində sıxılıb qalan
Anqappaq kəpənək kimiyəm, indi.
Qırılmış qanadlı diriyəm,
Dostum...
Yamyaşıl, sapsarı, gömgöy çiçəklər
Göyərir...
Çöllərin uzaqlığında
Mənim əllərimin külək sevinci
Yetimdir
Bax bu an
Bax bu məqamda...
Susub göz yaşımın istiliyini
Uduram, yandırır qəlbimə doğru.
Göylərin masmavi ənginliyində
Yumuram gözümü
Hey oğrun-oğrun...
Qoy kimsə görməsin, kimsə bilməsin
Deyirəm
Qəmimi, ağrılarımı
Tutub kor yolların lal ətəyindən
Gedirəm...
Gedirəm sonuma doğru...
Dostum...
Sən bilirsən?
Bil, bir daha bil
Mənim əzabımın nəğməsi səssiz,
Mənim çırpıntımın rəqsi sədasız.
Bu qərib sevdanı bilmək başqadır...
Adamın özünün öz yoxluğunda -
Soyuq yoxluğunda ölmək başqadır...
Gülümsə - deyirəm, - göz yaşlarımın
Şəffaf işığının düşdüyü yerdə
Çölün lalə-lalə bitdiyi yerdə
Yolun addım-addım itdiyi yerdə...
Bir qərib düşüncə, bir qərib hüzn
Hamının gözündən uzaq, gizlicə
Sən,
Dostum,
Bilirsən, bilirsən özün
Mən harda dönürəm, qəmə, sevincə...
Bir gün hər şey bitir,
Heç nə başlamır
Bir oyun qururuq, yaşayaq deyə
Sevgi, qəlbimizin ən gözə dəyməz
Ən uzaq küncünə sıxılıb qalır
Adamlar....
Adamlar...
Ah, bu adamlar
Keçirlər, gedirlər gözlərimizdən
Hamı yarıyolda yıxılıb qalır....
Mən indi titrəyən barmaqlarımla
Sənin gözlərində alışıb-yanan
Həsrətə, kədərə toxunmaqdayam
Necəsən...
Bilmirəm
Bilmirəm, amma
Çoxdandır qırılmış qanadlarımla
Yaralı-yaralı çırpınmaqdayam...
Nə sən gələcəksən,
Nə mən,
Bilirik,
Beləcə dayanıb gözləyəcəyik
Gecələr yuxuya batmazdan əvvəl
Səhərlər oyanıb gözləyəcəyik...
Bir gün dayanacaq, bu ürək, bir gün,
Bir gün ovucumdan uçub çıxacaq
anqappaq kəpənək
Anqappaq işıq
Kim nə deyir-desin
Hər şey yalandır
Təkcə biz
Heç nəyi unutmamışıq...
Sən ey nəfəsinə, istiliyinə
Səsinə, hirsinə, məhəbbətinə
Yaralı ruhuna qurban olduğum
Yaza bilmədiyin məktublarına
Deyə bilmədiyin kəlmələrinə
Məsum günahına qurban olduğum...
Mən öz həsrətimin dərinliyində,
Mən öz kədərimin qaranlığında
Bir ovuc içində sıxılıb qalan
Anqappaq kəpənək kimiyəm indi.
Qırılmış qanadlı diriyəm,
Dostum...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!