O körpə bələkdən elə boylanır... - Əlizadə Nuri - şeirlər

Nə olsun ki, bir misrasan?

Görən dünya nə boydadı, -

Sən nə qədər yer tutursan?!

Qoşa əlin sinəmdədi, -

Yoxsa sən də zər tutursan?!

 

O çəkdiyin ahdı bəlkə?

Ay bu gecə axdı bəlkə...

Xatirələr çoxdu bəlkə, -

Təzə bir dəftər tutursan?

 

Yorğun yağır bu qar deyə, -

Gec gələcək bahar deyən...

...O qəm yaddan çıxar deyə,

Sinəndə əzbər tutursan...

 

Bulud sazdı, göylər ozan...

Bu yağışı kimdi yozan?

Nə olsun ki, bir misrasan,

Gör neçə əsər tutursan?!..

 

Hər adam elə bil yağış suyudu

Bizim həyatımız bir meşə imiş, -

Hər gün ağac-ağac vurulur adam.

Bəlkə dincəlməyə gedir bir qədər, -

Bəlkə yaşamaqdan yorulur adam?!

 

Göy onu çəkəndə quşa çevrilir,

Yeri çəkəndə xışa çevrilir.

Axırda bir parça daşa çevrilir, -

Dünyaya gələndən yorulur adam...

 

Dərədə dincələn yoxuş suyudu...

Bu bir quş südüdü, ya quş suyudu?

...Hər adam - elə bil yağış suyudu, -

Torpağın altına sorulur adam...

 

Gəl, səhra - sinəmdən daşıyaq qumu

Dağda çiçəklərin davası düşüb, -

Qanına boyanan bir lalə qalıb...

Nanənin köksündə bir nalə qalıb.

...Bəlkə də milyon il hamilə qalıb,

Günəş göy üzündə bu Doğmaq üçün...

 

Yenə də başlayıb ayrılıq bumu,

Gəl, səhra - sinəmdən daşıyaq qumu...

Haçandı dərd məndən sədəqə umur, -

Mən indi nə verim o axmaq üçün?..

 

İsti nəfəsindən əriyər bu qar...

Yarın yaralıdı, - yar, yaramı yar...

Quşlar dimdiyində çöp daşıyırlar,

Mənim tikəcəyim bir daxma üçün...

 

Bu taxta sarayda taxt ayır mənə,

Bir baxtsız ozanam bəxt ayır mənə.

İlahi, bir az da vaxt ayır mənə, -

Bir az da vaxt ayır, darıxmaq üçün...

Bəlkə bu gecəni yaralayıblar?

Bu canı bir sözə köçürmüşəm mən,-

Gəl, sənə söz verim can əvəzinə.

Bəlkə bu gecəni yaralayıblar, -

Damır Ay işığı qan əvəzinə?!

 

Bir könül varımdı, - qarım apardı...

Məni budaq-budaq qırıb apardı.

Göyün günəşini qürub apardı,

İndi o günəşin yan əvəzinə...

 

...Yaxşı ki, qar yağır, - bəndə ağarır...

Girim bu sünbülə, - dəndə ağarım.

Bəlkə bu gecədə mən də ağarım, -

Sökülsün ürəyim dan əvəzinə?!.

 

Vaxtın darağında saç qoymuşam mən,

Neçə gün qələmi ac qoymuşam mən...

Dərdimin başına tac qoymuşam mən, -

Taxta çıxartmışam xan əvəzinə...

 

O körpə bələkdən elə boylanır

Dərdlə dolanıram... bir quru dərdlə

Suyum da gözümün şehindən çıxır.

...Bayaqdan bir vətən şeiri yazıram,

Qarabağ sürüşüb şeirdən çıxır...

 

Atın dəyərini nala verirsən,

Sözün yaxasını lala verirsən...

Bu dərdin birini yola verirsən,

Baxırsan: biri də böyürdən çıxır...

 

Dağa bax, əyilib gülə boylanır...

Günəşin özü də günə boylanır

...O uşaq bələkdən elə boylanır, -

Elə bil tilsimdən, sehrdən çıxır...

Gərək əllərimi atım bir yana

Bəlkə yüz ömürlük havam olarsan, -

Çəksəm nəfəsimə bir udum səni...

Yayda gözlədiyim yağış kimisən, -

Gəl, basım bağrıma, buludum, səni.

 

İçində azdığım yaşıl meşəsən,

Gülsən, gül tağısan, ya gülöyşəsən?

Gözümə sərdiyim bir bənövşəsən, -

Əlim də gəlmir ki, qurudum səni.

 

Getsəm, muğayat ol xatirələrdən,

Eh, daha nələrdən, daha nələrdən...

...Gərək göz yaşına söz qoşum hərdən, -

Gərək misra-misra ovudum səni...

 

Qılınc doğuldum ki, baxım bir yana...

Bu yol da yorulmur, - çatım bir yana.

...Gərək əllərimi atım bir yana, -

Saçından  başlayıb unudum səni...

 

Bir azdan gecəni əridər bu şam

Mən dedim: - bu dünya sığsın canıma, -

Amma demədim ki, dünya dar olsun?!

Mən sənin üzünə sevdim dünyanı, -

Qoy dünya üzünə minnətdar olsun!..

 

Dağda lalələri bəlkə qan çəkir?

Damlanın dərdini bir ümman çəkir...

Şirəni güldən yox, tikandan çəkir, -

Belə "arı"lara bəlkə ar olsun?

 

Bu gün göy üzündən qovulmuş quşam,

Bir azdan gecəni əridər bu şam...

Bu ölüm yolunda bir can qoymuşam, -

Qoydum ki, məndən də yadigar olsun...

 

Sən özün yazmısan, - nə silsən belə...

Hər yerdə Sən varsan... nə sirsən belə?!

...İlahi, bəs niyə susursan belə, -

Yoxsa, istəyirsən dünya kar olsun?!.

 

Açın bu dünyadan məni

Bir az laxlayıram, Allah, -

Bir az çürük diş kimiyəm.

Ölmüşəm - ya bir "xonça"da

Gedən bir "bəxşiş" kimiyəm?

 

Özü xəstə bir loğmanam,

Bir də məni doğma, anam.

Bir kilsədə müsəlmanam,

Bir camda keşiş kimiyəm...

 

Nədən vurdu nadan məni?

Bu qəmdi oynadan məni...

Açın bu dünyadan məni, -

Bir az ilişmiş kimiyəm...

 

Neynirik ki, quzu kəsək?

Bu qurbanlıq Sözü kəsək...

Öz başını özü kəsən,

Sonuncu dərviş kimiyəm...

Sənin sağlığına

Göyə çıxım, bulud olum,

Dolum sənin sağlığına.

Payız, məni yarpaq elə,

Solum sənin sağlığına.

 

Nədən yaranmışıq haqdan?

Sən palçıqdan, mən də ahdan.

İstəyirsən, lap Allahdan

Sorum sənin sağlığına...

 

Bu darıxmaq nə vərdişmiş?

Dərdin mənə işi düşmüş...

Yaşamaq - nə böyük işmiş?! -

Ölüm sənin sağlığına...

 

Çətin səndən sonra bu şəhər qala

Tüstüsü içində boğulan damam,

Dünən oğlum idim, sabah atamam.

Mən paxıl adamam, paxıl adamam, -

Qoymaram kiməsə bir kədər qala.

 

Sinəm bir saraydı, - gəzir xan səni,

Gəlib istəyimmi yaxandan səni?

Axtara, tapmaya bu oğlan səni, -

Bu dərdin əlində dərbədər qala...

 

Dünyanı böldük ki, belə kəm düşə?

Mənə də eşq adlı bir aləm düşə...

Bu çöldə əlinə bir qələm düşə,

Hamını pozasan... bir nəfər qala.

...Düşür Gül - Ömürdən hər gün bir ləçək...

Gətir əllərini - üşüyür əlcək.

...Bir gün uzaqlara köçüb gedəcək, -

Çətin səndən sonra bu şəhər qala...

Sevdiyimə ağı

Mən də bir gün qərib ruhlar

Ölkəsinə gələrəm.

Bəlkə varsan, bəlkə yoxsan,

"Bəlkə"sinə gələrəm.

 

Sən yarasan, yoxsa yarsan?

Ürəyimə yağan qarsan...

Əllərini uzadarsan, -

Kölgəsinə gələrəm...

 

Günəş sönüb... hava sərin.

Hara gedim - hər yer sənin.

Boynuburuq sevgilərin

Cərgəsinə gələrəm...

 

Get

Çəkil get,

O yol səni çəkir... get.

Mən sənin albomundum, -

İndi şəkil-şəkil get...

Yığış get

Dağ çağırır... yoxuş get.

Mən bir susuz səhrayam,

Sən də yağış-yağış get...

 

Burul get,

O suya bax, - durul get.

Qoy bu qəmi oxşayım, -

Kədərimə vurul, get.

Gərəkdisə,

Gərək, get.

Gəl, bu dərdi dərək, get.

Mən yaralı durnayam, -

Məndən lələk-lələk get...

 

Çıraq get,

Saçlarında daraq get,

Mən bir köhnə kitabam, -

Qopub varaq-varaq get...

 

Bulud get...

Gözlərimi qurub, get.

Gedirsənsə, özünü,

Sən yanımda unut, get...

 

Əllərini göndər gəlsin yanıma

Ürəyimi görməmişəm, nə bilim, -

Bəlkə elə damar yeri ağrıyır?

Bu dünyanın əyri üzü ağrımaz,

Bu dünyanın hamar yeri ağrıyır.

 

O qoca da atıb getdi qarısın,

O qarı da yarı adam, yarı su...

Köhnə yaram bu təzəni sarısın,

Canımdakı qubar yeri ağrıyır.

 

Bu əllərim bəlkə sənin əl izin?

Qoyma günəş gözlərində ərisin...

Bir dəfə sən adımı çək, əzizim, -

Adımdakı qabar yeri ağrıyır...

 

Üfüqləri kim çəkibdi tarıma?

Aman bulud, için-için zarıma.

...Əllərini göndər gəlsin yanıma, -

Saçlarımda tumar yeri ağrıyır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!