Həyat mürəkkəbdi, mürəkkəb olma... - Nəriman Həsənzadə – Yeni şeirlər

 

Enişli-yoxuşlu dünya

tövsiyə

Kürəkənim kitab dükanından mənim bir şeir kitabımı alıb gətirdi ki, hələ bir yaşı tamam olmamış nəvəsi Davuda (mənim nəticəmə) yadigar bir söz yazıb bağışlayım. Öz həyatım gözümdən gəlib-keçdi.Nə yazım? - deyə-deyə, nə isə yazdım...

Müəllif

"Gəlimli-gedimli..." deyib getdilər,

enişdə-yoxuşda ləngimədilər.

 

Nəfsindən aşağı, boyundan uca! -

bacarsan,

nə qədər istəsən yaşa,

***

Anan yatızdırır, anadı, dəymə,

Yatmağı, sonradan adət eləmə.

***

Alnında yazılıb oğul qüruru, -

Qoru, özündən də sən onu qoru.

***

Həyat mürəkkəbdi, mürəkkəb olma,

haqsız yıxılana, sən səbəb olma.

***

Çətindən çəkinmə, desinlər əhsən,

mərd ol ki, mərdləri seçə biləsən.

***

Güzəşt eləməyi adət eləsən,

gərək ayırasan yaxşını pisdən.

***

Xahiş eləməyi çıxart yadından,

xahiş elədikcə, kiçilir insan.

***

Hər dəfə - yaramaz əmr eləmək də,

olar uca sözü, asta demək də.

***

Evdə mehriban ol, işdə tələbkar,

belə ola bilsən, hörmətin artar.

***

Çayda çimmək öyrən, dənizdə üzmək,

insan öz gücünü sınasın gərək.

***

Tutduğun bir işə, gördüyün şeyə,

inamın yoxdusa, qayıt geriyə.

***

Qapıbir qonşuyla qohumluq elə,

qul olma, qul kimi sən qulluq elə.

***

Kişilər sabaha iş qoymayıblar,

çünki sabahın da, sabah işi var.

***

Başqa dilləri də vaxt tapıb öyrən,

birinci öz dilin vacibdi, hökmən.

***

Verilən vədlərə ümid eləsən,

gərək həsir üstə gecələyəsən.

***

Şahmat taxtasına bənzəyir həyat,

ayıq ol, həmişə əyrı gedir at...

***

Yüz il əvvələ bax, gör nə yazıblar,

yüz il sonraya da aid olan var.

***

Millətə arxalan, amma heç zaman

arxa durmağı da çıxarma yaddan.

***

Ən yaxşı memar da ola bilərsən,

daşı daş üstünə düz qoya bilsən.

***

Hakim stulunda otursan bir gün,

müttəhim oturan yeri də düşün.

***

Şikəsti, əlili görəndə dayan,

salam ver, biganə ötmə yanından.

***

Dalca danışanı, üzəgüləni,

elə ki, tanıdın,

kəs əlaqəni.

***

Vətəndən, millətdən söhbət düşəndə,

odun soyumasın,

od varsa səndə.

***

Milləti böldülər iki sahilə, -

sərhədlə, üstəlik əlifba ilə.

***

Ağıl, öyüd verir mənə bir adam,

o hələ əyirir,

mən toxuyuram.

***

Balaca Nəriman, Davud, Mübariz,

əl-ələ verin ki, itməyəsiniz.

***

Düşmən də alaqdı, xain də - alaq,

Otların içində bitir, yaxşı bax!

***

Bir dəfə hirsləndim,

müdrik bir insan,

dedi ağzın qandı, tüpürmə, dayan.

***

İnsan - insan kimi yaşamaq istər,

nümunə axtarma, nümunə göstər.

***

Yüzü - ağıl verib, ya öyüd verib,

ağıl kündəsinin çoxu küt gedib.

***

Həkimlik eləsən, sev insanları,

Hippokrat andıyla sağalt onları.

***

Adam var, nə desən, ağız büzəcək,

sən onda təmkinlə dinəsən gərək.

***

Ya buğda çörəyin, ya buğda dilin, -

çəkdiyi misaldı gəncəlilərin.

***

Adət-ənənəni pisləmə heç vaxt,

ot köküstə bitər, - deyiblər ancaq.

***

Görüb-götürməkdi dünya əzəldən,

onları köçürmə,

onları öyrən.

***

Bu bir tövsiyədi nəsihət deyil,

yazmağa-pozmağa söz qəhət deyil,

***

Məni oxudunmu, bir az fikirləş,

hələlik bu qədər, balaca lələş!

3 iyun 2018

Söhrabın yerinə, mənim yerimə

"...Ətrafımda o tərəf, bu tərəfə gedənlərin içində Söhrab Tahiri axtarıram. Nəriman Həsənzadə əlimdən tutub deyir: - ''Sayman, bundan sonra Söhrabın, Balaşın, Əli Tudənin qoxusunu səndən alacağıq, bircə sən qalıbsan". Nəriman müəllimin əlini buraxmıram. Dənizdə balaca bir taxta qırığına söykənən kimsəsiz kimi, əlinə söykənirəm.

Sayman ARUZ

"Ədəbiyyat qəzeti", 7 may 2016

 

Bu qədər sarsılma, həyatdı, oğlum,

küsürsən dünyanın axı, nəyindən?!

Nə orda Şəhriyar, nə burda Vurğun

ümidsiz olmadı öz taleyindən.

 

Çalış kimsəsizin kimsəsi sən ol,

silkələ son dəfə özünü, oyan!

Sonranın görünən zirvəsi sən ol,

Bəlkə sənə verir bu şansı, Zaman?

 

Söhrablar - anadan doğulmur oğlum,

ruhdan törəyənlər od olub yanar.

Söhrablar - torpağa dəfn olmur oğlum,

toxumluq dən kimi

səpilir onlar.

Öz kökü üstündə bitir yenidən,

bu bir əbədiyyət himnidi, vətən!

 

Xatırla... Təbrizin son inqilabı!

Mənim yadımdaydı,

onun qanında.

Fəxri xiyabanda yatan Söhrabı

axtarın, Şəhidlər xiyabanında.

 

Gələn Ulutürkdü, Məmməd Arazdı,

ilahi,

qovuşub Kür ilə Araz!

Tabuta deyilən sağlıqlar azdı,

sükutla deyilən sözlərə çatmaz.

 

Söhrab bir zənnində yanılmamışdı,

o mənə doğmaydı, sənə də tanış.

Yetmiş il Bu Tayda güldü, danışdı,

dünən eşitdim ki,

qan ağlayırmış.

***

Demirəm, qayıdıb, inqilab edin

Söhrabın yerinə, mənim yerimə.

Gedin, "qolunuzu iynə-sap edin,

tikin sərhədləri biri-birinə".

Söhrabın yerinə, mənim yerimə.

09.05.2016

Şuşa Vətəndi

Respublikanın əməkdar pilotu, şuşalı dostum İlham Əmirova

Müəllif

Qardaşım, nə yaman uzaq uçursan? -

gedib görmədiyin bir qitə yoxdu.

Bəs, burdan,

Şuşaya nə vaxt uçursan? -

enməyə meydan da, sahə də çoxdu.

 

Üzümə Şuşanın havası vurur,

görünür dağların qar güzgüsü də.

Nə bilim, deyirlər eləcə durur

İsa bulağı da, 

Cıdır düzü də.

 

İşğalçı həmişə çox həris olur,

mən də inanmıram əslinə baxsan.

Qonşunun namərdi -

daha pis olur.

Səxavət gözləmək artıqdı ondan.

 

Orda, sinələrə mən sinə gərib,

oxudum torpağa-daşa şerimi.

Orda ulu öndər mənə söz verib,

orda alqışlayıb "Şuşa" şerimi.

 

Nə vaxtdı görmürəm mən Qarabağı,

mənim də qəribə bir taleyim var.

Əyilim,

iyləyim,

öpüm torpağı, -

torpaqdan savayı orda kimim var?!

 

Susdumu naləsi "Xarı bülbül"ün,

dururmu o aylar, o illər yenə?

Üstə-qar görmüşdüm mən qızılgülün,

orda görüşürmü fəsillər yenə?!

 

İndi yer üzündə Xocalı yoxdu,

Şuşa var,

Şuşada şuşalı yoxdu.

Lakin Ədalət var, Vaxt var, Zaman var,

tarixdə tarixi bir imtahan var.

O kimdi, hər canda büstü qoyulmuş

mən səni sənnənmi soruşum, İlham?!

Şuşa göylərində -

mən görüm, sən uç,

yerdə mən sevinim, mən uçum, İlham.

 

Orda yer qoyublar, cənnət qoyublar,

ordan bir gül gətir, bir çəmən gətir.

Vətəndən-vətənə

sərhəd qoyublar,

Şuşadan sərhədsiz bir vətən gətir.

 

Sualın olsa

Daha nə ərkim var, nə umu-küsüm,

sadəlik - əzəli bir adətimdi.

Üzündə gördüyüm - soyuq təbəssüm

mənim səndə qalan əmanətimdi.

 

Bəzən istəyirəm görüşüm, düzü,

danmıram, arabir sızlayır yaram.

Atılan gülləni,

deyilən sözü,

kim geri qaytarıb, mən də qaytaram,

 

İki yol ayrıcı, ötəri görüş,

arada nə olub, halalın olsun.

Amma özgədən yox,

özümdən soruş,

mənə, məndən sonra sualın olsa.

Günəş əlvida deyir

lövhələr

Üfüqlər qızılı ipək don geyir,

qaranlıq seyrəlir,

tül pərdə kimi.

Günəş göy üzünə əlvida deyir,

batır, məğlub olmuş sərkərdə kimi.

 

Elə bil, insanı insan unudub,

gizlənpaç oynayır daşda-qayada.

Bütün kainatı bir yuxu tutub,

meh qalxıb,

istəyir yeri oyada.

 

Körpə nəfəsitək təmizdi hava,

İçinə çəkibdi səsini bəşər,

Nə Qazax uzaqdı, nə Ağstafa,

burda şeir desəm,

orda eşidər.

 

Anam deyərdi ki, şər vaxtı yatma,

mələklər toxunar,

oyaqdı, yatma.

Mən yatdım, bilmədim qaçacaq yuxum,

məni aldadıbdı, mən oxuduğum.

 

Təbiət özü də bir can kimidi,

heç gülüb-danışmaq ovqatı yoxdu.

Mən gördüm -

dünya da insan kimidi.

Günəşsiz, onun da həyatı yoxdu.

 

İstiqlal yolu

Əziz İlham Pirməmmədova

Bu şeir Milli Qəhrəman Alı Mustafayevin oğlunun toyunda yazılmış, orada da oxunmuşdur...Müəllif

 

Sükut qışqırırdı: hardasan, Alı?!

oğlunun yanında ana təkiydi.

Taleyin üzünə - onun sualı,

izah olunsa da,

mürəkkəbiydi.

 

Nə qədər uzandı bir anlıq sükut,

ayağa qalxmışdı toya gələnlər.

Tilsimə düşmüşdü -

gözündə bulud

bir az bundan qabaq deyib-gülənlər.

 

Gözlərdən-gözlərə boylandı səhər,

burda Kür oyandı, orda da Araz.

Dünyanı əyləncə, yuxu  bilənlər

bu toyda oynayıb,     

ayılsın bir az.

 

Heç yaddan çıxarmı onun şah sözü:

"Dəli bir ağlamaq keçir könlümdən!"

Bizi ağladanda,

güldü o özü,   

bax, onda tanıdı Alını vətən.

 

Yolunda can qoydu eşqin, ülfətin,

o, ellər! - deyəndə, el xəbər tutub.

Alı - bir əbədi məzuniyyətin

Ali kürsüsündə

fəxri yer tutub.

 

Vətən oddan keçib, alovdan keçib,

dönmə, vətən oğlu, bu yoldan, and iç.

İstiqlal yolunda

millət and içib,

and içən millətə, Nəriman, and iç!

08.02.2019

 

Uşaqların söhbəti

Uşaqlar oynaşdılar,

qaynadılar, daşdılar,

Bir bağa sığışdılar,

bir küncə sığışdılar.

Söhbətə girişdilər,

doyunca and içdilər.

 

- Bizim bir ağ "Cip"imiz,

babamla mən - ikimiz,

gedib bağa dəyirik,

budaqları əyirik,

əncir, üzüm yığırıq…

Dedi, - bir dişi mırıq.

 

Bir qız çıxdı irəli,

havadaydı bir əli.

- Şəhərdə marketimiz,

evdə ancaq itimiz

həyətdə də boz çüyür.

Şal örtməsək, üşüyür.

 

Bu söhbətə qarışdı,

o biri də danışdı:

- Babam dənizdə bizə,

gəmi alıb qət-təzə.

Gedib gəzib gəlirik,

yatırıq, dincəlirik.

 

Sənə nə alıb baban,

ay balaca Nəriman?

- Mənim də şair babam,

yazır, mən oxuyuram.

- Nə yazır şair baban?

Azərbaycan, Azərbaycan!

Buzovna-Bakı yolları

 

Buzovna - Bakı yolları,

yağışlar, küləklər gəlir.

İşə yoxdur ötürəni,

yanınca mələklər gəlir.

 

Qəlbinlə dünya həvəsi,

yanında bir qız nəvəsi.

Mənə mükafat əvəzi

əlində çiçəklər gəlir.

 

Mən demirəm o röyadı,

başdan-ayağa mənadı.

Yollarda təkdi, tənhadı,

baxtıyla bərabər gəlir.

Məhəbbət

"Nərimantək sevən olsa,

Saratək ölməyə nə var".

Günel İsmayıl (oxucu)

 

Bir sual, özüylə sual gətirir,

bitib tükənməyir suallar, qızım.

Siseron o qədər misal gətirir,

deyir tale də var,

eşq də var, - qızım.

 

Göylərin hərəkət qanunlarına

əməl eləsək də, bilmirik nədir.

Tale-ad vermişik yerdə biz ona,

bəlkə də,

riyazi bir məsələdir?!

 

Dünya,

bir məhəbbət duası ilə

açır düyününü qədim bir irsin.

Soruş - qoy Nizami zəkası ilə,

Müşfiq də - fəhmiylə izah eləsin.

 

Məhəbbət - ağılla, şüurla olmur,

orda nə məntiq var, nə böyük-kiçik.

Orda yaşhesabı növbə qoyulmur,

nə bizə deyiblər,

nə biz bilmişik.

 

Nahaq gətirmədim mən bu misalı,

özüm görmüşəm ki, aləm sualdı.

Dünyada bir eşq var, - deyib Füzuli,

qalanı nə varsa,

boş, qeylü-qaldı.

 

Allahım! Sən onu mehriban eylə,

qızım, xoşbəxt görüm həyatda səni.

Sevdiyin oğlanı - Nəriman eylə,

- Ay Sara! - çağırsın qoy o da səni.

 

İnciyir

İşə düzəldə bilmirəm,

dost-tanış məndən inciyir.

Dünən gəlib salam verən

gen gedir, gendən... inciyir.

 

Utanıram həyalıdan,

dili-ağzı dualıdan.

Ziyalısı - ziyalıdan,

dindarı dindən inciyir.

 

Özüm zəng vurub deyirəm,

bəzən qaralar geyirəm.

Mən məmurdan inciyirəm,

o da vətəndən inciyir.

Yaşat məni

 

Təkəm,

evdə qoyub getmə -

ruhlarla baş-başa məni.

Gəlib yenə salacaqlar

dağa məni, daşa məni.

 

Gah gözüm yuxusuz qalır,

gah dodağım susuz qalır.

Gah İskəndər xəbər alır,

gah da Nuru Paşa məni.

 

Bu dünya mənə yad deyil,

həyatım bir həyat deyil,

bir ömür, bir saat deyil,

yaşat məni, yaşa məni…

 

Türk qızı

Qəbələdə arxeoloji qazıntıların aparıldığını gördüm... Müəllif

 

Dərəyə qar yağıb, dağa gün düşür,

ayağım altında

ot-dizə kimi!

Nə günəş yandırır, nə qar üşüdür,

baxıram dünyaya möcüzə kimi.

 

Nə qədim dünya var, nə köhnə əyyam,

illər yığılıbdı illərin üstə.

Alban dövlətinin paytaxtındayam,

o, yerin altdadı,

mən yerin üstə.

 

Onu tale sıxdı, zaman sınadı,

dağlının arxası dağda -

                                   dağıydı.

Pompeyi göndərdi Roma Senatı,

burda Xeyirlə Şər əlbəyaxaydı!

 

Muzeydə gördüyüm sınıq kəllələr

dil açıb danışır, "günah" kimdədir?

Torpaq kitabələr, daş səhifələr

nizə ləhcəsində,

ox dilindədir.

 

Tapıb  əcdadını, türk qızı haqdı,-

Zaman qarşısında o hesab verir.

Mən burda gördüm ki, ruhlar oyaqdı,

yeri danışdırsan, yer cavab verir.

 

Salam, daş qayalar, sirlər dünyası!

nədir sinəmdəki bu hiss, bu duyum?!

A qızım, tapdığın o əlyazması

alın yazımızdı,

göndər, oxuyum.

Qazax süfrəsi

Qazaxdan gəlibdi, Daşsalahlıdan,

bacım töhfəsini göndərib mənə.

Novruz bayramında mən olmamışam,

onun əvəzini göndərib mənə.

 

İlhamın, Həsrətin yurdu, beşiyi,

bir qadın bəzəyib evi-eşiyi.

Həyətdə-bacada əli üşüyüb,

isti nəfəsini göndərib mənə.

Lay-lay düzüb, yerin qatı burdadı,

təndir orda sönüb, odu burdadı.

Ağzımızın itən dadı burdadı,

seçib, siftəsini göndərib mənə.

 

Nə deyim, bu, bəlkə şirin yuxuydu,

heç kəsin payında gözüm yoxuydu.

Kəhrəba heyvanı, sulu armudu, -

nübar meyvəsini göndərib mənə.

 

Anam yada düşdü, anam hardadı?

Sızlayır, bilmirəm yaram hardadı.

Mənə layla çalın, laylam hardadı? -

"Can!" - deyən səsini göndərib mənə.

 

Göndərdiyi nə almazdı, nə zərdi,

şair görsə, geyindirib-bəzərdi.

Bir nemət də süfrədə şah əsərdi,

Qazax süfrəsini göndərib mənə.

2019

 

Bu gündən sonra

Sənə istəyirəm "qardaşım" deyim,

kişi qeyrətini, görəndən sonra.

Mən bu səxavəti, bu sədaqəti

nə əvvəl görmüşəm, nə səndən sonra.

 

Erkəklər yanında dişi bəbirsən,

bir fağır börəndə üstə əsirsən.

Yer qızı olsan da, ilahi sirsən,

yüz il keçsə belə bu gündən sonra.

 

Sənə ürək verib ulu Yaradan,

səni nəğmə kimi mənəm oxuyan.

Mənə bir can deyən, ya canıyanan

bir də gəlməyəcək özündən sonra.

19.02.2019

 

Danışırdı

Bir qızıl gül gətirmişdi,

gül dilində danışırdı.

Tellər yana tökülmüşdü,

tel dilində danışırdı.

 

O bağ gözəl, bağat gözəl,

bağ içində həyat gözəl.

ləhcə şirin, ovqat gözəl,

el dilində danışırdı.

 

Tanrım onun bağbanıydı,

xəstə canın loğmanıydı,

Duyğuların tüğyanıydı,

sel dilində danışırdı.

 

Ovsunuydu, səsin, dərdiş,

sənə göz dəyməsin, dərdiş,

Nəriman neyləsin, dərdiş,

qul dilində danışırdı.

07.09.2018

 

Neyləsin

Dünya köhnə yurd yeridi

qoca, ya cavan neyləsin?

Gələn qalmır, gedən dönmür,

həkim, ya loğman neyləsin.

 

Hakimin hökmü oxunur,

yerdə məhkuma toxunur.

Budağa bülbül də qonur,

bayquş da,

bağban neyləsin?

 

Üşüdübsən, üşümüşəm,

qırılıbdı könül şüşəm.

Yanında daşa dönmüşəm,

buna, Nəriman neyləsin?

Gözlər

 

Bir gözəlin gözlərinə heyranam,

mən bir gözdə nə qədər göz görmüşəm.

Birində mən sevda nədir, sevgi nə,

o birində bir gizli söz görmüşəm.

 

Gözün biri, ovçudu, ov ovlayır,

biri səsdi, məni yoldan saxlayır,

biri gücdü, məni sənə bağlayır,

biri oddu - mən orda köz görmüşəm.

 

Bir gözündə - dağılıbdı saçların,

o birində - hasar çəkib qaşların.

Birində də - təzəcə göz yaşların,

yalan deyil, mən dübbədüz görmüşəm.

 

Yerə-göyə səpələnib gözlərin,

ağlı çaşıb mənim kimi kəslərin.

Baisidi qətllərin, qəsdlərin,

bu gözləri mən də "bais" görmüşəm.

Axtarıram

Bilirsənmi, səni harda axtarıram, -

çəmən görsəm, çiçəklərin arasında.

Narın-narın ələnirsən göydən yerə,

dumanlarin, çiçəklərin arasında.

Yer üzündə müsabiqə keçirsələr,

sən də təksən, o təklərin arasında.

Cibimdəki telefonda canım qalıb,

səssiz gələn, o zənglərin arasında.

Tapdım səni, gör hardasan, sənə qurban,

mən yazdığım, şeirlərin arasında.

 

Səndən qabaq, məndən qabaq

Əsli sevib, Kərəm sevib,

o göz yaşı, bu qəm sevib.

Tarix boyu aləm sevib,

səndən qabaq, məndən qabaq.

 

Dan sökülür, yer ayılır,

qaranlıqlar işıqlanır.

Dan ulduzu göydə yanır,

Aydan qabaq, Gündən qabaq.

 

Niyə sevənlər ağlayır?

Baxtı yolunu bağlayır.

Din bu eşqi günah sayır.

Tanrı  da var, dindən qabaq.

 

Yaş getdi, şair

Bunca telefonda söhbət olarmı?

bunca adamlarla ülfət olarmı?

Bunca görüşlərə dəvət olarmı?

daha ömür bitdi, yaş getdi, şair.

 

Mənə deyiblər ki, yumşaq üzüm var,

odur ki, nə gecəm, nə gündüzüm var,

özümdən-özümə umu-küsüm var,

deyirdim, yaz gəlsin, qış getdi, şair.

 

Yaş üstə yaş gəldi, bayram elədin,

gah ziyafət qurdun, gah şam elədin.

Hər günü beləcə axşam elədin.

Ömür dolu gəldi, boş getdi, şair.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!