Sevdiyim qadını ən çox anam olsun deyə oxşayıram... - Vasif Əlihüseyn - şeirlər

Səni bu şəhərdə tapmaq çətindi

Mən ən çox anamın şəklini siləndə

təmiz şüşə sildiyimə görə sevinirəm

sən bilmirsən axı,

sevdiyim qadını ən çox anam olsun

                                    deyə oxşayıram

oxşayıram ki, anam yuxuma girsin

oxşayıram ki, qadınsız qalmış

təndirinə çörək yapsın...

 

Mən ən çox kəndimizə

anamın məzarına görə gedirəm

gedirəm ki, anam sevinsin

sən də sevin, qadın

sevin ki, səni anam kimi

sevdim.

 

Atamın uzaqlarda olması

bəlkə də

anamın ən böyük ayrılığıdı

başqa dildə danışan

                        qadınlara qısqanır onu

atam başqa dizlərdə qatır

qadınsızlığının başını

 

indi bir uşaq adı tapmaq qədər çətindi

səni bu şəhərdə tapmaq

nə olar qayıt,

qadınsız kişilərin tək qaldığı evə.

Yaxşı ki,

sən getdin.

Sənin bilmədiyin

hüzün başladı ömrümdə.

 

Bütün çay evlərinin

iki müştərisi azaldı onda.

Günü on manata işləyən rayon qadını,

dodaq boyalarına bələnmiş

stəkanları yudu deyinə-deyinə.

 

Sonra,

səni qısqandığım paltarlarda

şəkillərini paylaşdın.

Bircə yol

üzüm gəlmədi ki, soruşam:

- Müəllif kimdi?

 

 Qayıdıb öz evimə gəldim

qapımı döydüm.

qonşu uşağı,

qaçdı üstümə:

- əmi, muştuluğumu ver

evdə heç kim yoxdu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!