Son salam... - İmir MƏMMƏDLİ - şeirlər

Ərəb baharından sonra gələn qış

Bu il qar yağmır,

Gecikir, çünki

Onsuz da üşüyən yetimlərin gözü önündə

Gündüz yağammaz.

Əgər oğrun-oğrun,

Əgər gizlin-gizlin

Gecələr yağsa,

Sübh tezdən durub neçə-neçə uşaq

İlk qarın üstündə axtaracaq

                        atalarının ayaq izini,

Tapammayanda, xəcalətindən əriyəcək qar.

 

Bu il qar yağmır,

Elə bil qarın da qaradı üzü.

***

Gün çıxdı...

Sən çıxıb getdin, gözəlim,

Gözümdə əridi üzün qar kimi.

Arxanca çırpındı ayaq izlərim

Sahilə atılan balıqlar kimi.

***

Vaxt keçdi... mən sənin hərarətini

Hələ də saxlayan yataq kimiyəm.

Titrəyir vücudum, əsir bədənim,

Quşu təzə uçmuş budaq kimiyəm.

 

Hərdən öz-özümə pıçıldayıram,

Ürəyim, kirmişcə daral, keçibdir.

Ruhum dalağalanır, göləm elə bil,

İçimdən indicə maral keçibdir.

 

Yazmıram daha

Sevgi şeirləri yazmıram daha,

Qənaət edirəm ağ vərəqlərə.

Harda kağız, vərəq düşsə əlimə

Təyyarə düzəldirəm,

Gəmi düzəldirəm

Nəvələrimə.

Bakıda qarsız qış

 

Soyuq düşüb, külək əsir,

Külək qışın orqanıdır.

Qar qarlamır,  vaxt tələsir,

Qar torpağın yorğanıdır.

Üstü açıq dul kimitək

Yatan yerlər gözə dəyər.

Al, kürkümü üstünə çək,

Bakı, sənə soyuq dəyər.

***

Ağrını unutdum, amma dərmanı,

Ağrının dərmanı çıxmır yadımdan...

Bir baxışla məhəbbət

Gəncliyim gəlirdi kəhər atında,

Gözlərin yolunu elə qatdılar,

Elə bil, gecənin sükunatında

Qəflətən önümdə tüfəng atdılar.

 

Gecə mənzərəsi

Sorağı gəlirdi könüldən tək-tək

Köhnə arzuların, köhnə muradın.

Dişi yalquzağın ulartısıtək

Gedirdi zülmətə bürünmüş qadın.

 

Elə bil, çöllərin pərisi idi,

Gecə də tək idi, qadın da təkcə.

Erkək canavarın dərisi idi

Əyninə geydiyi tüklü gödəkcə.

 

Bilirdi, amma

Hərfləri bilirdi,

Amma, nədənsə

Qayıq sözünü qayıt kimi oxuyurdu,

Oldum sözünü - öldüm kimi...

 

Kim bilir, bəlkə də

İllərcə çəkdiyi həsrətdən idi.

 

Altmış illiyimə

Adım yadımdadı, İmirdi adım,

Hələ tanıyıram köhnə odamı.

Amma bayaq baxıb tanıyammadım

Güzgüdən üzümə baxan adamı.

Çəkəni qaldı

Siqaret kül oldu, çəkəni qaldı,

Samaqon içildi, çəkəni qaldı

Tək bircə dərd qalıb öz dərdliyində,

Keçmir ki, deyəsən, çəkəni qaldı.

 

Küləkdə yanan tonqal

Ocağın üstünə atdıq çırpını,

Havada ayaz var,

yol-cığır buzdu.

Od-alov küləkdə elə çırpınır,

Elə bil can verir, başsız xoruzdu.

 

Sevgi dəmi

Dünyada olanlar bəxtin işidir,

Qəflətən baş verir sevgi dəmi də...

Əli ovucumda elə dinşidi,

Sanki bildirçindi yaşıl zəmidə.

 

Günəşin qımcırladığı kölgə

Yolda nəsə vardı,

dedim, bu nədi?

Öncə elə bildim, yatan camışdı.

Yaxınlaşıb gördüm, qara kölgədi,

Günəş onu ora qımcırlamışdı.

Günəşli və küləkli gün

Şəfəq sınır qarışqanın

Parıltılı kürəyində...

Niyyət qalır,

Yön dəyişir

Günün tozlu küləyində...

 

Məsafə

Məsafə nədir,

Səni məndən uzaqlaşdıran,

Yoxsa

Məni sənə yaxınlaşdıran yol?

 

Qəribin xəyalı

Qürbətdə meydanı tam daralanda

Qəribin yadına ölkəsi düşdü.

Elə bil həmin an körpə uşağın

Üzünə ananın kölgəsi düşdü.

 

İki vətən - iki qürbət

İşıq içdin, zülmət yedin,

"Alaverdi" keçdin mənə.

Sən gedəndə, getdim dedin

Bu vətəndən o vətənə.

 

Ürəklərdə qalan duman

Şişir, sonra ürək dolur.

Vətən iki olan zaman

İkisi də qürbət olur.

Unut

Unut həftənin günlərini,

Ayları unut;

Unut fəsilləri, unut illəri.

Sən gəldiyin gün

Görüş günü kimi

Düşəcək tarixə.

Getdiyin -

Ayrılıq günü kimi...

Başqa adı olmayacaq günlərin.

 

Getməyin zamanı

Uzaq asimanda nöqtəyə dönən təyyarə kimi

Gözünüz önündə

Əriyib kiçilib balacalaşıb

Sonra gedəcəm.

Olmazdı

 

Çaylara düşməsə, göylərin əksi,

Sular belə şəffaf, duru olmazdı.

Suların işığı göyə düşməsə,

Nə günün, nə ayın nuru olmazdı.

Suyu sevə-sevə içməsə səma,

Dənizdən dənizə quru olmazdı...

 

Ağın qara tərəfi və ya paradoks

İşıldaquş nur saçınca

Zil qaranlıq lazım olur.

Gecələrdən keçir onun

Gündüzlərə gedən yolu.

 

Elə ki, ağ günə çıxdı,

An içində rəngi solur,

O çevrilir həşərata,

İşıq dönüb cücü olur.

 

Ərə gedən qız

Gözüm öyrənmişdi, eyvanınızda

Şəritdə görərdim donunu hərdən.

Don xəbər verərdi incə bir qızdan,

Mənsə boğulardım gizlin qəhərdən.

 

Axır bu işin də bildim sonunu,

Bu fani dünyanın hər işi kimi,

Dünən yad şəritdə gördüm donunu,

Ovlanmış bir maral dərisi kimi.

Vaxtında

Olanımı qəpiyə satdım

Zəmanənin xar vaxtında.

Mən gəlib qapıya çatdım

Qapıçının kar vaxtında.

 

Susadım, susadım içdim

Bulaqların şor vaxtında.

Bəxtimin önündən keçdim,

Eh, onun da kor vaxtında.

 

Ailə zorakılığına məruz qalan qadın

Daha düşünmürəm mən fikripəltək,

Bir neçə yerindən sınmış qüruram.

Solub yerə baxan günəbaxantək

Başımı aşağı salıb dururam.

 

Sən belə istədin, mən bu yaşımda

Özümü böcəyə tay da görürəm.

Amma bil, başımı qaldırmasam da,

Günəşin əksini çayda görürəm.

 

Son salam

Külək sızladırdı könül tarını,

Dayanıb baxırdım boşluğa sarı.

Yola sürtə-sürtə pustallarını

O yandan gəlirdi qosqoca qarı.

 

Özü kimi əldə düşmüşdü donu,

Beləcə o qarı gəldi də keçdi.

Sonuncu salamı qalmışdı onun,

Salamını mənə verdi də keçdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!