Ağaclara kölgə oldum... - Tural Turan - şeirlər

Hər kəs vaxtından əvvəl ölür,

təkcə tanrılar doğulur vaxtından əvvəl.

Ölmə, qəbrini qurban demişəm

sonuncu nəfəsinə...

Ölsən gülüşlərimi həbs edəcəklər.

Qulaq as qəlbinin səsinə - ölmə!

 

Üşüyürsənsə,

bütün körpələrin baxışlarını

əyninə geyindirim,

ya da

bütün tabutları yandırım, ölmə!..

Ölsən Tanrı da can verəcək

Şah damarında...

Bir qəbirlik məsafə nədir ki, ölmə...

 

Azadlığın ən gözəli

Təklik qatar səsinə diksinməkdi,

naməlum bir məzar daşı üstə yuxulamaqdı.

Bəzən də qəbrini yuxuda görməkdi...

Dostunun nişan üzüyünü götürüb

öz bəlgənə, nişanına getməkdi.

Təklikdən o yana tənhalıq var hələ;

Məsələn, adamlardan qaçıb

itlərə-pişiklərə sığınmaq kimi...

Yatmaqdan zəhləm gedir,

daha bezmişəm

təkkameralı otaqlarda boğulmaqdan.

Azadlığın ən gözəli

qan-tər içində yuxudan oyanıb

Azadlıqda olduğunu görməkdir...

***

Gözəl idi özümlə yaşamaq,

Mən doğulana kimi yaşadım.

Boşanmadan, qopmadan

Özümə dözüb yaşamaq...

Hər aldığım nəfəsdə

boğulana kimi yaşamaq...

 

Ağaclara kölgə oldum,

yarpaqlara məzar daşı.

Paltarlardan bayraq tikdi

dükanlı çəpərlər.

 

Yığdım başıma qəbirləri,

bir də susuz ağacları,

Tanrılara ölkə oldum.

 

Tökülüb ölümün dişi

Tökülüb ölümün dişi.

Qıçı tutulub zamanın.

Tanrı olacaq başdaşı

sonuncu ölən adamın.

 

Qız qarıyacaq tabutlar,

ölümün can verdiyi gün.

Qandalı qırmış umudlar

üstünə yeriyəcək göyün...

 

Tənha qalacaq göy üzü,

Tanrısız o da bezəcək.

Başın qoyub ağlamağa,

göy üzü adam gəzəcək.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!