Mən öz illərimi vermişdim sənə
Dərib şehli-şehli könül bağımdan,
Sevgi güllərimi vermişdim sənə,
Borc deyil, çıxasan, pul deyil alam,
Mən öz illərimi vermişdim sənə.
Məgər göz verilib ağlamaq üçün?
Nə ümid saralan bir yarpaq üçün?
Ağartmaq deyildi - daramaq üçün,
Mən öz tellərimi vermişdim sənə,
Sevgini dərd etmə daşıtmaq üçün,
Ağladım - ürəyi boşaltmaq üçün,
Məcnun taleyini yaşatmaq üçün
Mən öz çöllərimi vermişdim sənə?!
Taleyim beləmi, özümmü çirkin?
Ömrümə qəsd edir soyuqlu bürkün,
Qandallar nəyidi? - sarmanmaq üçün
Mən öz əllərimi vermişdim sənə.
Gülüm, dəli kimi axı sevildin,
Ömrümə bəs nəyin xətrinə gəldin?
Mənə bir günü də bəxş eləmədin,
Mən ki, illərimi vermişdim sənə...
Var olsun Tanrının rəssam dünyası
Əzəl çəkdiyindən heç nə qalmayıb,
gözümü ya gülən, ya qəmnən çəkir,
hələ çərçivəsiz, tamamlanmayıb -
hər dəfə bir ayrı qələmnən çəkir.
Söhbətim bu dahi rəssam həyatdan,
qoyarmı bitirəm - yazsam həyatdan?
üzdə bəxş eləyib, amma - əl altdan,
ömrümü canımnan sələmnən çəkir!
Hərdən təsvir edər çöldə, biçində,
sellər ağuşunda, durna köçündə,
hamını gülzarlı çəmən içində,
məni xəzan vurmuş gülümnən çəkir.
Üzəngi göstərir, salır yəhərdən,
çəkir üzügülər bir xoş xəbərdən,
amma gerçəkliyi unutmur hərdən -
içimi çəkdiyim zülümnən çəkir.
Tapır - öz içimdə özüm itəndə,
güc verir - ruhumda dözüm itəndə,
xəyallar içində huşa gedəndə -
başımın dəstəsi elimnən çəkir!
Çəkir bir gözələ gül uzadanda,
kiməsə yalvarıb, dil uzadanda,
bir haram tikəyə əl uzadanda,
qələmi buraxıb əlimdən çəkir!
Rəsmin bir küncündə çiçəkli yazam,
birində qaranlıq köynəkdə sazam,
o gün yuxu gördüm; bu dahi rəssam
şəklimi bir gözəl ölümnən çəkir.
Məncə, çox uzandı bu qəmli yazı,
var olsun Tanrının rəssam dünyası,
deyəsən, azalıb "qara boyası",
gərəyi olanı telimdən çəkir...
Yanmağında səadəti hər kəsin
Meh oxuyur rüzgarların nəğməsin,
çeşmə coşur, nəqarətin gül deyir.
"Yanmağında səadəti hər kəsin",
atıldıqca, pıçıltıyla kül deyir.
Ömr edirəm min arzuynan, diləknən,
dolanıram halal duznan, çörəknən,
bəzən o da yola getmir ürəknən -
ayrılanda "Əlvidanı" - əl deyir.
Hər vaxt Yurdun uca tutdum xətrini,
udum-udum aldım onun ətrini,
eh... kimlərin bilməmişik qədrini;
özgələri mərmərinə "ləl" - deyir!
Üz-üzəyik qara torpaq bir də mən,
səmalarda bəxt ulduzum, yerdə mən,
namərd gördüm, qaçırdaraq əlimdən,
"itirdiyin qismətinə gül!" - deyir.
Solma, gülüm, mən çəkərəm qayğını,
duymursanmı içimdəki yanğını?
saf-çürüklə tanıyaraq hamını
uca göylər "sən yanıma gəl" - deyir.
Demirəm ki, "el matəmə qatılar,
şərəfimə ağır toplar atılar",
ən xırdası, bir tanıyan tapılar,
Vahid Əziz "el içində öl" - deyir...
Qorxurdum - qüdrəti yetməyə sözün
Qorxurdum - qüdrəti yetməyə sözün,
lalələr alovtək yamacı oyub,
Dağlar elə bil ki, səyriyən gözün
qapağı üstünə qırmızı qoyub.
Güllər sıralanıb tutur yerini,
ürəklər isidir gələn soraqlar,
ara qarışanda itirdiyini,
hər kəsin özünə qaytarır bahar.
Oyadıb yaşadar arzuları da,
hardansa güc alar itən ümidlər,
bahara sevinən başdaşları da
Günəşə boylanıb dua edirlər.
Qarının sonuncu nəvəsi mənəm,
ağlı kəsməyəni məndən soruşar,
payız yuxusuna "puç" - deyən nənəm,
baharda axarlı suyla danışar.
Həyata boylanıb eşq həvəsində,
arzular selində aşıb-daşıram,
yaşım çoxalsa da bahar gələndə
ömrün payızından uzaqlaşıram.
Sevsəm də payızın yağmurlarını,
qayğılar içində itib-batmışam,
paxıl adamların baxışlarını
Novruz tonqalında oda atmışam.
Sirlər də açılır bahar gələndə,
qarla örtülənlər tez üzə çıxır,
çəməndə güllər də, sevənlər kimi,
heyran baxışlarla göz-gözə çıxır...
Dağlarda qonağam
Dağlarda qonağam; səhər elə bil -
çiçəkdir dərənin daş yaxasında,
təkcə meşədəki ayılar deyil,
qış da gecələyir "qış yuxusunda".
Ana körpəsinin yerinə baxır,
üstünü örtdükcə yorğana çıxır,
saat həyəcanla "oyan" - çağırır,
üzlərdə kirpiklə, qaş - yuxusunda,
Qızların sübhədək yanar çırağı,
hər gecə yastıqla dolar qucağı,
gözün qorxa-qorxa qalxır qapağı,
dolubdur altına yaş - yuxusunda.
O qədər yarına qovuşmayan var,
bəxtdən səbəbini soruşmayan var,
oyaqkən taleynən barışmayanlar,
bəxtəvər olaydı kaş, yuxusunda.
Qaşığı isidir samovar çayı,
ruhumu oxşayır çayın harayı,
yuvaya göz qoydum - dənnən savayı,
görəsən, nə olar quş yuxusunda?
Bağban səliqəyə salır bağını,
tənbəllər xoşlamaz səhər çağını,
qonşum oda verir mal dırnağını,
deyəsən, görübdür xaş - yuxusunda.
Yarımçıq qalsa da insan niyyəti,
canlar aparanın qərarı qəti!
başa vuracaqmı "əbədiyyəti",
köç edib gedənlər daş yuxusunda?
Bir gün çıxmayacam hansısa yaza
Bir gün çıxmayacam hansısa yaza,
Günəşin ya doğan, ya batan çağı,
Ya da yol gözləyən hansı qızın
sevgi ocağından kül atan çağı.
Hamısı boş şeymiş; rütbələr, ad-san,
hamının canını torpaq qapacaq,
mən Ulu Tanrıdan vergili insan -
yadına salanlar xeyir tapacaq!
Tay-tuş bildiyimin xeylisi qoçaq,
illərim artdıqca çoxaldı dərdim,
məndən doğmalara imzam qalacaq,
qoçaq tərpənsəydim varlı gedərdim!
Yığdığı çoxuna qismət deyilmiş,
xəndəklər qazılır, dağlar çapılır,
o qədər dar günlük qızılla-gümüş
qaçaq evlərindən indi tapılır!
Yüz ildir, bəlkə də, min ilə yaxın,
sahibi çürümüş özü salamat,
zəlili olduğu bu daş-qaşların
görəsən, zülmünü görmür camaat?!
"Can alan" buyursa: "Nə desən istə",
deyəcəm: "Evimə halal duz-çörək",
şeir belədir ki, misralar üstə,
doğmalar nə küsüb, nə inciyəcək.
Bir gün çıxmayacam hansısa yaza,
Günəşin ya doğan, ya batan çağı,
Ya da yol gözləyən hansısa qıza
sevən bir oğlanın gül atan çağı...
Qolumda saatın əqrəbi axsaq
Qolumun saatı vaxtı itirib,
ömür həyəcanlı! - hara gecikir?
hamı bir-birinin ağzına girib?
kimdən soruşuram çiynini çəkir.
Durnalar çəkirlər vaxtında köçün,
səfər var - geriyə bir də gəlinmir,
hər kəsin öz vaxtı olduğu üçün,
heç kəs başqasının vaxtını bilmir.
Başımı aldadır yaz gülə-gülə,
axı, bilirəm ki, öndə soyuq var!
qönçə də ləçəyin buraxmır çölə,
bəlkə elə bilir vaxtıma çox var?
Zaman hamımızı səmadan süzür,
çalıb-oynayırıq, satıb-alırıq,
qapılar dalında duranda dözür,
metro gecikəndə haray salırıq.
Küsürük, sevirik, əzizləyirik,
bir çıraq alışır, başqası bitir.
vaxtı elə yaxıb kül eləyirik,
sanki zamanımız Bir milyon ildir!
Ruhu canımızda belə saxlasaq,
özünü gərəksiz sayıb çıxacaq,
qolumda saatın əqrəbi axsaq,
qulağın burmasam hayıf çıxacaq...
Qoca dünya gül becərə bilirsə
Neçə vaxtdır fikri çıxmır başımdan,
hər kəs bunu bir tərəfə yozmasın,
bir gözəli xəbər aldım qonşudan,
söyləmiş ki, "əhvalımı pozmasın!".
Hər çiçəyin balı bir cür dad verər,
hər diləyə hər kəs bir cür ad verər,
çox zərifdir, rüzgardan da çat verər,
sevən - eşqi ürəyinə yazmasın!
İstəmərəm məni yadlar yaşatsın,
hər binəva arxamca bir daş atsın,
şairlərə dövran hər şey daşıtsın,
qəm yükünü kürəyinə yazmasın!
Dar ağacı eləyəcəm dorumu
qarışdırsam bulanlıqla - durumu,
qələmimlə özüm qazım gorumu,
qürbət ellər məzarımı qazmasın.
Hələ gözlə, yaşıl qönçə qabarsın,
çiçək gəzən - açılanı qoparsın
bələdçimiz elə yerlə aparsın,
çaş-baş olub özü yolda azmasın.
Necə susum, qəlbin təbi gəlirsə,
qələm əhli sevilməkçün ölürsə!
Qoca dünya gül becərə bilirsə,
Vahid Əziz nə cür nəğmə yazmasın?
Məni
Sevdirib tanıtdı mənə Tanrını,
körpəykən gəzdirən qucaqlar məni,
hələ də isidir yazıq canımı
çoxdan kül bağlayan ocaqlar mənim.
Köçəri quşlartək günlər uçardı,
böyüklər ya ölər, ya qocalardı,
pendirli dürməyi alıb qaçardı,
əlimdən-özümdən qoçaqlar mənim.
Yamaqlı olsa da pencəklə - köynək,
fikrini çəkməzdik, "nə cür geyinək?",
sevgidən anladım - hardadır ürək!
hələ də yadımda o çağlar mənim.
Səadət ulduzum, bu canı yanmış,
bilməzdim bu qədər uzaqdaymış!
heç demə, müsibət qabaqdaymış;
bezdirdi suallar, soraqlar məni.
Bəxtəvər o kəsdir - sevilən ola,
dünyadan köçəndə el yola sala,
qoymazlar məzarım qaranlıq qala
burda yandırdığım çıraqlar mənim!
Təqsirim olubsa, keçməyin üzdən!
ucaldım, nakəslər saldıqca gözdən,
Yurduma bu qalar Vahid Əzizdən,
Sərvətim - yazdığım varaqlar mənim...
Gəmiçi, qəlbimi üfüqə apar
Gəmiçi, qəlbimi üfüqə apar,
ordan səmalara ucalır Xəzər,
bəyaz saçlar kimi qıvrım dalğalar,
elə bil sahildə qocalır Xəzər.
Gecələr nurlardan xalı toxuyur,
Bakımız gah ətir, gah neft qoxuyur,
bəzən sübhə kimi şəhər oxuyur,
coşan ləpələrlə əl çalır Xəzər.
Yaşadım. Arzumda, muradımda sən,
harda olsam belə, hey... yadımda sən,
bu gün təqvimim də, saatım da sən,
sən bilən, səhərə nə qalır, Xəzər?
Danışmır, dayanıb üstündə zaman,
hər şıltaq dalğanın nəfəsi dərman.
sənsən yer üzündə ən böyük liman,
Günəş sahilinə yan alır, Xəzər.
Gəlir, qaranlığı yenə qovaraq,
şəfəqlər qaynaşar - alovlu, qıvraq,
sənin nəfəsindir, Günəşdən qabaq
şəhərin üstünü çən alır, Xəzər.
Uzaqdan çağırır bəyaz qağayı,
gəlir yola salıb səmadan Ayı,
sən Allah, düz denən məndən savayı,
hər gecə qonağın kim olur, Xəzər...
Sən demə
"Gedər-gəlməz" olarsa yol, gəlinməz,
nə özü var, nə cavabı zəngimə,
bunun sonu nə olduğu bilinməz -
o son görüş fəlakətmiş, sən demə!
Nazmı edir, ya qəlbinə söz dəyib?
Fələyə bax, nə cür fürsət gözləyib!
sığalımdan barmağına köz dəyib,
toxunmağım qəbahətmiş, sən demə.
Tor görürəm, gözlərimi çən döyür,
saçlarımın sığalını dən döyür,
qəhərimə - "Can" deyənin arabir
mərhəməti bu qədərmiş, sən demə.
Müşkül olar vüsalına çatmağım,
bir adətmi yarı yolda atmağı?
həsrətinin zindanında tutmağı
günahıma bəraətmiş, sən demə!
Nə vaxt olar yanağımı silməyi,
əzəlkitək danışmağı, gülməyi?
zalımlarçün; eşq yolunda ölməyi,
sevən kəsə səadətmiş, sən demə!
Burulğanlı dəryasında sevginin
fərq eləməz - ya sən batdın, ya gəmin!
yar yanında dolaşmağın bircə gün,
onsuz ömrə bərabərmiş, sən demə.
Ovcum bir yol əllərində isindi,
Vahid Əziz, bu atəşlə gəz indi!
cavab yazdı: "Bircə öpüş bəsindi..."
bu da bu cür səxavətmiş, sən demə...
Qızarır dan yeri səhərə yaxın
Üfüq tala-tala, oyuq-oyuqdu,
qızarır dan yeri səhərə yaxın,
Günəş də bilir ki, sular soyuqdu,
gəlir yavaş-yavaş Xəzərə yaxın.
Tutqundu indicə çəkdiyim şəkil,
sanki islanmışam çiskində, sisdə,
səhər dumanında Bakı elə bil
yatmış qağayıdı suların üstə.
Gülləri üşüdən meh də sərindi,
gümüş simavarı alovlar yaxır,
deyərsən - bu səhər şəhər mənimdi,
xeyli pəncərələr üzümə baxır.
Hər qaçan bir cürə dərir nəfəsin,
beş-on cavan, qoca çıxıb bulvara,
qoy hələ bir Günəş özünə gəlsin -
millətin yarası axacaq bura.
Cavanlar yer gəzər daldalanmağa -
qaranlıq kölgələr məhəbbət yeri,
çayçı özgə cürə, çayxana başqa -
danışıq, zarafat, söz-söhbət yeri.
Küləklər əlində bildirki xəzəl,
yazıq hara qaçsın səhər çağında?
Bakının yazı da, qışı da gözəl,
qalar hər fəsildə yaraşığında.
Mənim də üfüqtək eynim açılır,
get-gedə çəkilir səhər dumanı,
mürgü vura-vura xəyal aparır
kimisə qatarla yola salanı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!