Yarandan tanıdım səni... İkimiz də sol tərəfimizdən vurulmuşduq... - Cahanxanım SEYİDZADƏ - şeirlər

Sarı sünbüllər ölkəsi

Gəl qoşulaq durnalara

Vətən sarı uçaq, uçaq...

Dərs dediyim məktəb yaxın,

Oxuduğum məktəb uzaq.

Anar

 

"Bitdi" - dedi,

Gülümsədim...

Başlamayan bir şey necə bitə bilərdi?!

 

Yenə də dinmədim

baxdım, sadəcə

uzun, sakit,

səbəbsiz...

 

O, gözlərini yerə dikdi,

mən başımı səmaya qaldırdım -

sonsuz maviliyə,

Günəşə,

dayanmadan dönən və döndürən Günəşə.

Sonra

O miskin italyanı xatırladım.

Ən az onun qədər aciz idim

bildiyim, inandığım şeyi sübuta yetirməkdə.

Nəsə pıçıldadı:

"Yanılmışdın..."

Qeyri-ixtiyari gülümsədim:

"Onsuz da o fırlanır..."

 

Anlamadı

ya da

hiss etmədi...

 

Sonra

Sarı sünbüllər ölkəsini xatırladım!

 

Sarı sünbüllər ölkəsində

Ağlamır heç kəs,

ağlamır heç kəs

keçmişinin kölgəsində

 

Qaranquş yuvalarına baş çəkən

Sərçələri xatırlayıram tez-tez

Gedənlərin yuvası isinmir,

Gedənlərin yuvası bala çıxarmır,

Gedənlərin "yuva"sı boş qalır həmişə...

"Tənha qadınların qucağı kimi".

əllərini köhnə damların suvağına,

sünbüllərin alağına

gecələrin qaranlığına bağışlamış

qadınları xatırlayıram...

Haradadırlar indi?

Haradadır o evlər,

o sünbüllər,

o əllər?

 

"Buludlar yenə gedənləri təqlid edir,

Günəş isə bilir, hara getsələr qayıdıb gələcəklər...

Çünki bu dünyada heç kim üçün qaçış yoxdur.

Amma yalnız bu dünyada!".

 

Sarı sünbüllər ölkəsində payıza mahnı yazmırlar,

onlar ancaq yaz üçün oxuyurlar:

"Gün çıx, gün çıx, kəhər atı min çıx...".

 

Sarı sünbüllər ölkəsində sağsağanlar bir gün gəlib

çox sevdiyin ördək balalarını

                        bircə göz qırpımında götürüb gedir.

Sən isə arxasınca baxmaqla kifayətlənirsən.

Bilirsən ki, qanad açıb uça bilməzsən...

 

Sarı sünbüllər ölkəsində

                        ölüləri yalnız məzarlıqda basdırırlar

Daha ora tez-tez getmirlər.

Çünki ora keçmişdir, keçəndir.

Orada yeni həyat mövcud ola bilməz,

Və adətən, məzarlığa qadınları buraxmırlar

Çünki keçmişə münasibətdə

Kişilər daha soyuqqanlı olur...

 

Sarı sünbüllər ölkəsində gələcək zamana inanmırlar.

Orada zamanın bir növü var:

"Gəlmədin, sevmədin...".

 

Sarı sünbüllər ölkəsində ağaclar təkcə quşlara yox,

insanlara da yuva olur.

Yelləncək olur, gizlənmək üçün qucaq olur,

ağlamaq istəyənlərə sığınacaq olur...

 

Amma onlar qurumuş ağacın dibində illərlə oturub

bar verdiyi günləri xatırlayıb ağlamırlar...

Daha onu suvarmırlar, budamırlar,

                        bir gün gül açacağına inanmırlar,

Bilirlər ki, ümid yoxdur.

Kəsib atırlar

qurumuş ağacları...

Mən isə bunu bacarmadım

Üstəlik, sarı sünbüllər ölkəsindən də

çox uzaqlardayam...

 

Bu nəhəng və soyuq şəhərdə

Özümçün uydurduğum nəğməni mırıldanıram:

"onun saçlarındakı sığallar idi

mənim boğazıma dolanan kəndirlər

əllərinlə hörmüşdün

 

sən görmüşdün, görmüşdün ki

gedənlərin yuvası bala çıxarmır

gedənlərin "yuva"sı boş qalır həmişə...

 

bənövşə, bənövşə, boynubükük bənövşə

aşiq oldu qaranlığa

üzünü döndərmədi Günəşə".

 

Yenə də getdi...

Yenə də getdi...

Yenə də, yenə də,

YENƏ DƏ GETDİ!

 

Mən?!

Mən isə gülümsədim:

"Onsuz da o fırlanır...".

P.S. "Onsuz da o fırlanır...!" - Yerin Günəş ətrafında fırlanması fikrini müdafiə edən italyan alimi Qalileo Qalileyin məşhur cümləsi nəzərdə tutulur.

Fəridə üçün

Tanrının növbəti bəstəsini eşitmək üçün

açdım pəncərəmi -

yağışın səsini.

 

Uzaqda - bir küçə fənərinin

yanıb-sönən şöləsi altında

dayanmadan zümzümə edirdin:

"Minanın incə telləri ilişən

                        neçə adamı tikə-tikə edib, bilirsən?".

           

Yarandan tanıdım səni...

İkimiz də sol tərəfimizdən vurulmuşduq...

 

Dəniz qağayıların tanrısıdır,

Birlikdə uçsalar da,

Onda batacaqlar ən axırda

Bizim kimi,

Yəni ayrı-ayrılıqda.

 

Qorxma, tək deyilsən:

Mən də sənin kimi arabir

"Çaydana çay yerinə duz atıram"

Və mən də çox vaxt həyata

Yalnız fotolardan gülərək baxıram...

 

Onu deyirdim axı,

Yağış yağırdı.

Pəncərəmi açdım

Baxdım...

Bomboş idi dünya.

Sanki hər kəs çıxıb getmişdi.

Təkcə ikimiz qalmışdıq...

Yəni, Tanrı yenə bizi unutmuşdu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!