Sən məni yaşayan xatirələrdə, sən məni sağ qalan şəkillərdə sev... - Elməddin NİCAT - şeirlər

Şəkillər sağ qalır

Sən məni yaşayan xatirələrdə,

Sən məni sağ qalan şəkillərdə sev...

Boylan ürəyimin pəncərəsindən,

Ömrü küçə-küçə çək illərdən...sev!

 

Saxla qar içində şəkillərimi,

Adını "darıxmaq" sərgisi elə.

Adımı dilinin ucunda unut,

Qəfil unudulan cərgəsi ilə...

 

Hardasan, gecikdin, ömür tələsir,

Axşamdan sabaha ümid bir udum.

Səni doya-doya içimə çəkdim,

Səni şəkillərlə necə unudum?!!

Elə dəlisiyəm

Bütün payızların gözü xəzəldi,

Sevgilər gün görür baxışlarında.

Bütün fəsillərdən payız gözəldi!

Bir ayrı ətri var yağışların da...

 

Saçları öyrənib sığallarıma,

Adı dilə düşüb, ağızdan keçir.

Sığınıb yamyaşıl xəyallarıma

Bu qız çətiriylə payızdan keçir.

 

Bəxtəvər başına builki qışın,

Dünya nə vecinə belə payızın.

Elə dəlisiyəm, gözləri yaşıl -

Ürəyi ağappaq, sarışın qızın!..

Özünü buluddan atıb,

düşdü pəncərəmə bugünkü yağış.

Əllərim üzümə qısıldı...

...Yudu arxanca yol çəkən gözlərimin izini.

Bu qədər yaxından görməmişdim payızı,

necə də sənə oxşayır,

ey könlümün yaşılgözlü,

sarısaçlı qızı...

 

...Darıxdı otağımda adın boyda sükunət,

sıxıldı içim,

elə bil başıma daraldı məmləkət.

...Aynamda şəkil çəkdirib

yarpaqları köç etmiş tut ağacı.

Əl şəkilli çinar yarpağı

qucaqlayıb torpağı,

sızıldayır acı-acı...

 

...Ətrin burnuma gəldi

çölə şıdırğı yağan yağışla.

İçimdə yelləncək qurub qısqanclığım,

çətrini unutma evdə,

mən ki, qaldım payızda.

...bağışla,

məni bağışla!

Axşamtərəfi

Sevməyin bir adı sirli dan üzü...

Bir adı gün dönən axşamtərəfi.

Sənin çiçək üzün, qumral tellərin

Mənim əllərimin oxşam tərəfi.

 

Boyumdan aşağı sevmədim qəti

Bu könlün yolunda bitməz taqəti.

Gəlişin ömrümün yol səadəti,

Gözlərin gecəmin ağ şam tərəfi.

 

Bir az üzün dönür sol yanım sancır,

Həsrətin çəkməkdən ürəyim qançır.

Çəkirəm içimə, içim gül açır,

Vücudun burnumun yovşan tərəfi.

 

Heç elədiyin

Hər gecə yuxunu poza bir durna,

Düşə yaddaşına köç elədiyin.

Bu ömrün başına dönüb durasan

Yadına düşməyə suç elədiyin.

 

Payızdı buludlar gör nə haydadı,

Gələnlər gedərmiş, qərib qaydadı.

Göylərin üzündə ulduz boydadı

Ömürdü beşini üç elədiyin.

 

Qarışdı havalar, təngidi ürək,

Özüm öz havamda qalaydım gərək.

Dediyin taledi, gülümsəyərək,

Özün öz əlinlə heç elədiyin.

 

Heç səni vicdanın qınamadımı,

Yaddaşın ağrıyıb qanamadımı?

Nə oldu, səsimdən tanımadınmı?! -

O mənəm - ömrünü puç elədiyin.

Bilirəm

Bilirəm, sənin də günün gün deyil,

Yalquzaq dərd didib yeyir içini...

Bayrağı yellənir ağrılarının,

Sıxır ürəyini, əyir içini...

 

Bilirəm, dodağın səyriyir yenə,

Gözlərin dalğadan sonrakı dəniz...

Yaxşı tanıyıram baxışlarını,

Belə uzaqlarda...

...darıxmaq qəliz...

 

Yollar ürəyimdən çəkir köçünü,

Bilsən haralardan yol çəkir gözüm.

Tutub ürəyimin yenə tutması,

Özümün əlimdə qalmışam özüm.

 

Bilirəm, sənin də halın hal deyil,

Göz yaşın yanaqda, alların üstə.

Sevib oxşayıram xatirələri,

Laylay da çalıram qollarım üstə...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!