Çəhrayıya boyanır Notr-Damın kölgəsi...
Hər il apreldə, Parisdə...
Kvazimodo və kilsənin qulaqbatırıcı zəng səsi
Oyanır 850 illik yuxusundan Notr-Dam...
Cızır Kvazimodonun barmaqları sinəsini...
Parçalayır bütün qadınlığını...
Utanır çılpaqlığından Notr-Dam...
Hamı görmüşdü vücudunu,
Bel qəmzələrini, onurğasındakı döymələrini...
Qızıl gülləri...
Hamı görmüşdü ruhundakı çılpaqlığı,
Hamı toxunmuşdu dodaqlarına.
Gilənar çiçəkləri və Notr-Damın bozumtul tənhalığı ...
Esmeraldanın dodaq boyasına boyanmışdı hər şey,
bu il apreldə, Parisdə...
Gəmilərindən bezmişdi,
Dalğalanmırdı, qürurla susurdu Sena,
bu il apreldə, Parisdə...
Nimdaş barların küncündə itmişdi bütün öpüşlər.
Rəssamların fırçalarında donmuşdu Notr-Dam...
Merilin Monronun portretlərində səmimi görünmürdü gülüşlər,
bu il apreldə, Parisdə...
Lusifer, lütfən burax məni,
Tanrının eşqinin ötəsinə keçim
və barmaqlarımı onun saçlarında gəzdirim,
Esmeraldanı 850 ildir dəli kimi arzulayırdı keşiş...
Tanrı lənətlədimi Notr-Damı, bu il apreldə, Parisdə?
Günaha çağrı var idi onun bədənində.
Onun üçün ruhumu satardımmı mən?..
Tanrım bir dəfə icazə versəydi əgər
Pozardımmı bütün qanunlarını?
Gilənar çiçəkləri və Notr-Damın bozumtul tənhalığı...
Esmeraldanın dodaq boyasına boyanmışdı hər şey,
bu il apreldə, Parisdə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!