Arama
Ocaq çoxdan çönüb.
kül də soyuyub.
Soyuq kül altında
gəl köz arama.
Məqsədi qəlb qırmaq
bu danışanın.
Könül ovudacaq
bir söz arama.
Ömrə çıraq olan
gözlər yox artıq.
Daha elə çıraq,
bir göz arama.
Əyrilər çəkibsə
o yol düz olmaz.
Əyri niyyətlərdə
sən düz arama.
Nə rüzgarlar əsib
o yolun üstdən!
Bir nişanə qalmaz.
yol-iz arama.
Daha gedənlərin
geriyə dönməz...
Yollara göz dikmə,
dur, döz, arama!..
Ömrün çatısı
Ömrün çoxu arxada,
dönmək olmaz geriyə.
Qalan ömrün üfüqü
əl uzatsan çatası.
Oğul istəyirəm ki,
sona doğru yeriyə!
Şeh qonsa da axıdır,
tamam əyilib, çöküb
bu binanın çatısı.
Günəş də qürub edir,
dəmədəmdir batası.
Hər gün düşəndə gecə
ahıl yaşlı bu adam
necə rahatlıq tapıb,
axı necə yatası?!
Ömrün də ki, üfüqü
əl uzatsan çatası...
Salxım söyüdün payızı
Payız salxım söyüdün
torpağa qədər uzanan
saçlarını kəsdirdi.
Hər dinləyəndə qulağa
fərqli təranəsi gələn
nəğməsini susdurdu.
Sinəsinə eşq dolu
xatirələr yazılan
yazıları pozdurdu.
...Payız salxım söyüdü
saraltdı zəfəran kimi,
yaşamaqdan bezdirdi.
Sonra döydü onu
yağışıyla, qarıyla
əsim-əsim əsdirdi.
Sonuncu gəmi
Sonuncu gəmi də
fit verib qalxdı.
Qarşı sahil tərəf
döndü, yön aldı.
Yetişə bilmədim
son gəmiyə də...
Ürəyim sıxıldı,
gözlərim doldu.
O biri sahili
görmək arzusu
acı bir niskiltək
qəlbimdə qaldı.
Yeni bir fürsət də
çıxdı əlimdən.
Bir qönçə arzu da
saraldı, soldu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!