Nəğmələr oxudun ancaq...sən könlümü oxumadın... - Türkanə YAVƏRQIZI

 

Mələkləri sevən kəslər

Əllərim daşlaşar bəlkə

Toxunub qalsa saçında.

Üzməyi də bacarmırsan

Boğularsan göz yaşımda.

 

Kirpiklərdən süzülən yaş

Dönüb dəniz ola bilər.

Sənə canım dəyən qadın

Səndən canı ala bilər.

 

Şirin yuxun olan gözəl

Aldatsan zəhərin olar.

Həyatında ömrün boyu

Qəm, qüssə, qəhərin olar.

 

Silinəcək yaddaşımdan

Xəyalıma gəlməz adın.

Nəğmələr oxudun ancaq

Sən könlümü oxumadın

 

Qorxma yolun cənnətədir

Qarşıda gör nələr durur.

Mələkləri sevən kəslər

Cəhənnəmdən uzaq olur.

Ovucda əriyən qar

Eşqin dağların buzu

Qəlbim danırdı mənim.

Soyuqluğundan belə

Canım yanırdı mənim.

 

Könlünün şaxtasında

Özgə olub gedirsən.

Qeybindən gələn canı

Candan alıb gedirsən.

 

İsitməz bizi daha

Bu təsəlli sözlərim.

Qəlbinə yağan qarda

İtir ayaq izlərim.

 

Sənin sazaq qəlbində

Donub qalan bir buzam.

Yeni ilə çox qalıb

Soyuğundan qar qızam.

 

Sənli şeirlərimə

Qrov ələnə bilər.

Ovcunda əriyən qar

Çiçəyə dönə bilər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!